“Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözləri Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur:
“Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur.
Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim”.