Dekabrın 18-də 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş məktəbdənkənar təhsil sahəsində çalışan işçilərin və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman-şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə qazanmış idmançı və məşqçi-müəllimlərinin təltifolunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin ölkəmizin idman həyatında xüsusi rolunun danılmaz olduğunu deyən nazir müavini bildirib ki, həmin müəssisələr uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, idman növləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Nazir müavini çıxışında “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrinin 2019-cu ildə beynəlxalq yarışlarda qazandığı uğurları xüsusi qeyd edib. Nazir müavini çıxışının sonunda təltifolunan şəxslərin hər birini təbrik edib, onlara uğurlar arzulayıb.
Sonda 2019-cu ildə yüksək nəticə qazanmış 60 idmançı və yüksək nəticəli idmançıların hazırlanmasında səmərəli fəaliyyətinə görə 44 məşqçi-müəllim, idman tədbirlərinin təşkilində səmərəli fəaliyyətinə görə 4 məşqçi-müəllim və bədən tərbiyəsi və idmanın təbliğ edilməsində səmərəli fəaliyyətinə görə 6 media işçisi təltif olunub. Təltiflər Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və Zemfira Meftahətdinova tərəfindən təqdim olunub.