Yevlax Şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim etdi

Yevlax Şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının səhnəsində bu dəfə yazıçı-dramaturq Pərvinin “Qadınlar” komediyasını tamaşaçılara təqdim edilib. Əsərə teatrının rəhbəri, respublikanın Əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev quruluş veriblər. 2 pərdəli səhnə əsərində teatrın aktyorları olan Məsi arvad rolunda Fəridə Həsənova, Leyla rolunda Elnurə Babayeva, Sərfinaz rolunda Kəmalə Qurbanova, Məryəm rolunda Aynur Mustafayeva, Vahid rolunda Teymur Mustafayev, Gənc qız rolunda isə Türkan Əliyeva səhnədə rol alıblar.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılandı.

Tamaşaya baxışdan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev aktyorların obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək, yaradıcı heyətin əməyini yüksək qiymətləndirdi.

Z. Adgözəlova isə təşrif buyurmuş hər kəsə teatr kollektivi adından təşəkkürünü bildirdi və bundan sonra da belə gözəl əsərlərlə tamaşaçıların görüşünə gələcəklərini vurğuladı.

Qeyd edək ki, Yevlax Şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrı 1966-cı ildən Dram Özfəaliyyət Kollektivi, 1977-ci ildən isə Xalq Teatrı adını almışdır. 1978-ci ildə “Teatr Baharı-78” baxış müsabiqəsinin laueratı olub və 27 kiçik, 1 böyük medalla təltif olunub. Bundan başqa Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Cəmiyyətinin və eləcə də rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar, diplomlarla təltif olunub. Teatrın səhnəsində isə indiyə qədər 60-dan çox əsərlərə səhnə həyatı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.