Sovet ittifaqının varlığına son qoyulduqdan və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra özünü göstərən problemlər bir müddət mövcudluğunu qoruyub saxladı. Ölkə daxilindəki hərc-mərclik, orduda baş alıb gedən çatışmazlıqlar, vətəndaş müharibəsi ab-havası, iqtisadi tənəzzül, hakimiyyət çəkişmələri Azərbaycana müstəqilliyi dadmağa imkan vermədi. Yeni Azərbaycanı qurub yaratmaq üçün yeganə güc, ömrünü bütövlükdə ölkəsinin rifahına həsr etmiş Ulu öndər Heydər Əliyev tərəfindən mümkün oldu.
1992-ci ilin 21 noyabr tarixində yeni Azərbaycanın qurucusu və memarı olan Ümummilli liderin sədrliyi ilə sonradan ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayacaq bir partiya – Yeni Azərbaycan Partiyası yaradıldı. 550 nəfərin iştirakı ilə Naxçıvanda qurulan və dönüş nöqtəsi olaraq müəyyən edilən partiya təsis edildiyi gündən bu yana Azərbaycanın inkişaf konsepsiyasına xidmət edir. Hazırda Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevdir. Partiyanın rəmzi olan göy rəngli dəfnə ağacı Azərbaycanın zənginliyini, rifahını, xoşbəxtliyini və azadlığını ifadə edir. Dəfnə ağacının ortasında qızılı rəngdə 8 guşəli ulduz var.
Yeni Azərbaycan Partiyası Ulu öndərin siyasi, yenilikçi və inkişafyönümlü düşüncəsinə, strategiyasına sadiq qalaraq, gələcəyə doğru uğurla addımlayır. Bu partiya ölkədə demokratiyanı, müasir siyasi sistemi formalaşdırıb. Partiyanın bütün şəhər və rayon təşkilatları isə azərbaycançılıq ideologiyasına və vahid siyasi iradəyə xidmət edərək, öz fəaliyyətini davam etdirir.
1993 – cü il 23 iyul tarixində dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər təşkilatının təsis konfransı keçirildi və şəhər təşkilatı fəaliyyətə başladı. Ötən müddət ərzində şəhər təşkilatı öz sıralarını genişləndirib, Gəncənin ictimai-siyasi, sosial, mədəni həyatında önəmli mövqe qazanıb, demokratik seçki təcrübəsinə nail olaraq bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə töhfələrini verib. Hər gün partiyanın öz sıralarını genişləndirməsinin əsas səbəbi insanların ürəyində yaratdığı inam, etibar və işıqlı gələcəyin təminatı faktıdır.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında keçirilən müxtəlifyönümlü tədbirlər gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Bu gün isə ölkəmizin Koronavirus pandemiyası ilə apardığı mübarizə çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı öz fəaliyyəti ilə ümumi gedişata töhfəsini verir.