“Mənim kortəbii düşüncəmə görə “YAXŞILIQ ETMƏK” Allah tərəfindən insanlara verilən bir istedad,bir tohfə, bir bəxşeyişdir. Yaxşılıq edən insanlar Allaha daha yaxındırlar,məncə! Uca Rəbbimiz Yaxşıları qorusun! Xəbərim olmadan haqqımda yazan bütün insanlara, o cümlədən yazıçı-publisist , gözəl insan Fazil Sənana və Fazil müəllimə haqqımda məlimatlar verən dostum, qardaşım Rəsul Murovdağlıya öz dərin təşəkkürümü bildirir, “yaxşı ki, varsınız “-deyirəm!-Seyyid Süleyman (Əliyev).
HARAYLAMAĞA DƏYMƏZ
Canlı aləmin alisi olan insanın maraqlı xüsusiyyətlərindən biri də itirdiklərinə təəssüflənməsidir. İtirilmişləri heyifsilənməklə heç cür geri qaytarmaq mümkün deyil.
İnsan ömrü də belədir. Dəqiqələr, saatlar, günlər, aylar və illər arxada qaldıqca, son mənzilə daha da yaxınlaşırıq. Çoxumuz gənclikdə gəncliyin qədrini bilib, düzgün qiymətləndirmirik. Elə bilirik ki, gənclik həmişə bizimlə yol yoldaşı olacaqdır. Bir də onda gözümüzü açıb ətrafımıza boylananda görürük tay-tuşların çoxu bu dünya ilə vidalaşıbdır. Aynaya baxanda saç-saqqalın ağardığını, sir-sifətin təravətini itirdiyini, qədd-qamətin şuxluğundan əsər-əlamət qalmadığını görcək, istər-istəməz, içimizdən bir təəssüf hissi keçir: «Pah atonnan, ömür nə tez keçdi».
O, adamlar xoşbəxtdir ki, taleyin ona yazmış olduğu ömrü bir çoxları kimi havayı xərcləmir… Bu sözlərin yazılmasına səbəb şair Seyyid Süleymanın bu yaxınlarda (Bakı, «Orxan», 2018) çapdan çıxmış «Harayladım, qayıtmadı o illər» adlı kitabıdır.
Seyyid Süleymanla tanışlığımıza səbəbkar gənc şair dostum Rəsul Murovdağlı olubdur. Rəsul müəllim söhbət düşəndə Seyyidin şairliyindən əlavə insan və dost kimi yüksək keyfiyyətlərindən danışmaqla məndə də Seyyidə bir hüsn – rəğbət oyandı. Fikirlərində reallığı və düzgünlüyü (qırmızılığı) sevən Rəsul Murovdağlının təsdiqini Seyyidin kitabına yazdığı ön sözdə öz əksini tapdığını oxuyanda kitab haqqında mən də öz mülahizələrimi bildirməyi qərarlaşdırdım….
Yaxşılıq əkəndə yerin dərin qaz,
Çiçəyin vurmasın vədəsiz ayaz.
Ay Seyyid, yazanda elə şeir yaz,
Şeirin oxunduqca söz utanmasın.
Kitabın ilk səhifəsindən verilmiş «Söz utanmasın» şeiri müəllifin sözə məsuliyyətlə yanaşması ilə bərabər, yaradıcılığı üçün epiqraf da adlandırmaq olar.
İşğal olunmuş torpaqların ağrı-acısını içindən keçirən şair ümidini Azərbaycan əsgərinə bağlayır. Beynəlxalq təşkilatların bir qərinəyə ikili standartından bezikən şair Azərbaycan əsgərinin az bir vaxtda işğal olunmuş ərazilərimizdə qələbə bayrağını sancağına inanır:
Qarabağda dalğalansın üçrəngli bayraq,
Zəngəzurum, Ərdəbilim bir-birinə açsın qucaq.
Borçalıdan İrəvana, Dərbəndə getsin soraq,
Parlaq günəş nur çiləsin, isindirsin hər yeri,
Sərhəddini bərpa eylə, Azərbaycan əsgəri!
Şair var-dövlət arxasınca qaçanları, haram pulla kef edənlərin sonunun necə nəticələndiyini «Görmüşəm» şeirində aşağıdakı misralarda bu cür səciyyələndirir.
Bütün ömrü boyu var yığanları,
Məzara gedəndə üryan görmüşəm.
və yaxud:
Haram pullar ilə kef edənləri,
Can verən zamanda giryan görmüşəm.
Şeirin son bəndində sabaha ümid edən şair Yaradana pənah aparmağı, ona söykənməyi məsləhət bilir. Şair Yaradana inam aparmada insanın daxilən təmizlənməsinə inanır. Allahın dostu hər bir şeydə haqq-ədaləti özünə meyar qəbul edənlərdir.
Pənah aparıram böyük Allaha,
Ona söykənəni sahman görmüşəm.
Seyyid ixtisasca pedaqoqdur. Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Tövsiyə edir:-
Hər elmdən xəbərdar ol,
Danışmağa sözün olsun.
Bu iki misrada gəncliyin hərtərəfli elmi bilik əldə etməsini məsləhət görən şair «Müəllim” şeirində müəllimi layiqincə dəyərləndirir:
İnsanlıq, ləyaqət nümunəsidir,
Ən incə duyğular təranəsidir.
Bilik xəzinəsi, hikmət səsidir,
Müqəddəs adıyla ocaqdır müəllim.
Şairin qorxduğu məqamlar da var. «Qorxuram» şeirindən göründüyü kimi insan xarakterində qorxduğu bir çox mənfiliklərin adını çəkir. Ən qorxulusu isə aşağıdakılardır:
Əzazil padşahın, avam m(ü)əllimin,
Həyasız abidin, paxıl alimin.
Savadsız mollanın, ağıldan kəmin,
Söylədiyi nəsihətdən qorxuram.
«Sevdiyim gözlərə yad gözlər baxır» adlı şeirində şair yaşadığı bir sevginin həsrəti görünür. Səmimi hisslərin tərcümanı olan, şeirin həsrəti oxucunu inandıra bilir. İnamın əsas səbəbi isə həmin hisslərin oxucuya doğma olmasıdır:
Əlində əlimin istisi qalıb,
Qəlbimdə odunun tüstüsü qalıb.
Solmuş çiçəklərin dəstəsi qalıb,
Sənsizlik qəlbimi durmadan sıxır,
Sevdiyim gözlərə yad gözlər baxır.
Başqa bir şeirində şair gənclikdə sevdiyi gözəllə uzun illərdən sonra təsadüfi rastlaşır. Həmin o gözəllikdən əsər-əlamət qalmayıbdır. Zaman hər şeyi geri alıbdır. Təkcə dəyişməyən sevgilisinin gözləridir. Ayrılıq möhnətini belə səciyyələndirir şair:
O vaxtdan qalmışam hər kəsdən uzaq,
Zülmət gecələrdir həmdəmim ancaq.
Səninsə evində yanan o çıraq,
Mənim sinəmdəki közlərin idi.
Şeirin son iki misrasında şair fikrini belə yekunlaşdırır:
Yaralı könlümü köztək dağladan,
Son dəfə dediyin sözlərin idi.
Son dəfə ayrılanda sevgilisinin dediyi sözü ancaq şair özü bilir. Həmin sözdür ki, şairin sinəsində məhəbbət közü uzun illər sevgilisinin evində çıraq kimi yanıb və əğyarla yaşadığı otağı işıqlandırıbdır. Əğyarın qazancı canan, şairin qazancı isə həsrətdən qovrulan ürək olub. Belə olanda şairlərin içində fırtına və qasırğa şahə qalxaraq sözə çevrilib, qələmin ucunda ağ vərəqlərə nakam məhəbbətin qara taleyini yazır.
Kitabda «Əsl məhəbbət və təsadüflər» və «Qaytar ana borcunu» adlı iki poema da öz əksini tapıbdır. Həcmcə iri olan «Əsl məhəbbət və təsadüflər» adlı poemada hadisələr təsadüflər üzərində qurulubdur. Seyran təsadüf nəticəsində Ləmana rast gəlir və ona vurulur. Lakin adını bilmədiyi qızı unuda bilmir. Hərbi xidmətdən qayıdan Seyran ailə qurmuş Ləmanı həyat yoldaşı Elşadla küçədə gedərkən qarşılarını kəsmiş oğlanlardan xilas edir.
Hadisələrin sonrakı gedişində Seyran Ləmanı dənizdə boğulmaqdan, böyrəyini verməklə ölümün caynağından xilas edir. Sonda Ləman Seyranın onu sevdiyini bilir. Lakin Seyran başqasının ailəsini dağıtmamaq üçün həmin yerdən – Ləman yaşayan məkandan gedir. Sonda hər iki aşiq həkim kimi arzularına qovuşur. Seyran surətinin mənən zənginliyi müasir gəncliyə örnək kimi şairin diqqət və nəzarətindən olmaqla bərabər oxucu rəğbətini də qazanır. «Qaytar ana borcunu» poemasında müasir gəncliyə valideyn qarşısında olan borcunu bədii sözün gücündən istifadə etməklə izah edir.
Müasir cəmiyyətdə valideyn və övlad problemnini yaratdığı narahatçılıq şair kimi Seyyid Süleymanın daxili sızıltısının bədii tərcümanıdır.
Kitabda deyişmələr, bayatılar, müdrik kəlamlar, ünvanlı şeirlər də verilmişdir. Şairin canlı xalq dilindən bacarıqla istifadə etməsi və dil axıcılığı kitabı oxunaqlı edir.
Qayıdaq fikrimizin əvvəlinə. Bir növ avtobioqrafik səciyyə daşıyan «Harayladım, qayıtmadı o illər» şeirində ömürdən keçən günlərin həsrətini çəkir şair. Bu həsrətdə bir kövrəklik, görünməyən göz yaşı var.
Hər addımda, hər yerişdə gördüyüm,
Dizin-dizin çəmənlərdən dərdiyim,
Özüm öz əlimlə yara verdiyim,
Ətir saçan, göz oxşayan tər güllər,
Harayladım, qayıtmadı o illər.
O illər bir daha geriyə qayıdası deyil. Müdriklərdən birinin belə bir gözəl kəlamı var: «Axar suya ikinci dəfə girmək olmaz!» Həmin molekullar axıb getdi. O illər də axıb getdi. Bir şeyi ki, əldə etmək mümkün deyilsə, onun haqqında fikirləşməyə dəyməz, Şair, özünüz «Qocalıq» şeirində deyirsiniz:
Meydanda mənimlə oynayan olmaz,
Oyunsuz qələbə çaldı qocalıq.
Həmin şeirin sonunda belə deyirsiniz:
Ölüm yatağında çəkəndə zillət,
Düşünüb deyərsən baldı qocalıq.
Bəli, qocalıq da ömrün bir xoşbəxtliyi, oğul-qız, nəvə-nəticə deməkdir. Təki ulu Yaradan insanı ölüm yatağında zillət çəkməyə qoymasın.
Fazil SƏNAN,
yazıçı-publisist