YAXŞI ADAM

İnsan dünyaya göz açarkən onun daxili kimliyi də özü ilə bərabər dünyaya gəlir. Zaman keçdikcə yaşındakı rəqəmlər dəyişir, həyata baxışı dəyişir, vəzifəsi dəyişir, idrakı dəyişir. Yeganə dəyişməyən qəlb evində saxlanan Yaradanın möhürü ilə möhürlənmiş kimliyidir. O kimliyi dəyişməyə nə zamanın, nə də insanların gücü yetmir. Əgər o kimlikdə adı “Yaxşı adam” yazılıbsa ömrünün sonuna qədər də o şəxs yaxşılıq edəcək, pisliklərdən uzaq gəzəcək, pisliklərlə əhatə olunsa belə. Onu nə vəzifə, nə şan-şöhrət, nə çətinlik dəyişib “pis adam” edə bilməz.

Daxili kimliyində adı “Yaxşı adam” yazılmış insanlardan biri də gözəl şair, publisist və əsl ziyalı müəllim Süleyman Əliyev (Seyyid Süleyman)-dır. Seyyid Süleyman Yardımlı rayonunun füsünkar gözəlliyində yazıb-yaradan və öz peşəsinin vurğunu olan ziyalılardandır. Şeirlərinin əksəriyyətində şifahi xalq ədəbiyyatının “ustadnamə” qoluna söykənən şair seçdiyi janrı incəliyinə qədər mənimsəmiş bir qələm əhlidir. Bəlkə də, bu janra sevgisi, dayısı mərhum şairimiz  Qəmkeş Allahverdidən ötürülmədi.

Mənim poeziya dünyasının qapısına çatmağımda ustad Seyyid Süleymanın rolu əvəzsizdir.  Körpə uşaq kimi qolumdan tutub bu əzəmətli qapının önünə gətirdi. Mənim kimi bir çox gənc qələm adamlarına da sənətin sirlərini öyrətməyi özünə şərəf bilən şairimizə bir dəfə sual verdim ki, “ustad, nə üçün siz ustadnamə janrına üstünlük verirsiz?” Cavabı çox maraqlı oldu:

– İndi nəinki bəşərin, hətta zamanın da “ustadnaməyə” ehtiyacı var.

Həqiqətən də, bəzən, şeirlərində zamanı belə doğru yola çəkmək istədiyinin dəfələrlə şahidi oldum. Bu istəyinə nə dərəcədə nail olub, onu deyə bilmərəm. Onu deyə bilərəm ki, şeirlərini oxuyanda açıq-aşkar müəllifin hansı zirvədə olduğunu görə bilirsən.

Yaxşılıq əkəndə yerin dərin qaz,

Çiçəyin vurmasın vədəsiz ayaz.

 Ay Seyyid, yazanda elə şeir yaz,

Şeirin oxunduqca, söz utanmasın.

Bir başqa ustadnaməsində deyir:

Hər torpaqdan cıxmazcəvahirət, zər.

Hər ocaq yetirməz igid, cəngavər.

Hər salınan bağda olmaz bar, bəhər,

Hər daşlı yollarda iz ola bilməz.

 Bəli, doğru deyirsiz, Ustad, “Hər daşlı yollarda iz ola bilməz”  Ancaq siz daşlı yollardan yox, milyonlarla oxucunun qəlbindən iz salmısız, həm də elə iz ki, əsrlər keçsə də, bu iz itən, yox olan iz deyil.

İyul ayının 7-si Ustadın dünyaya gəldiyi gündür. Bu münasibətlə insanlıq meyarını səmimi qəlbdən təbrik edir, ona yeni yaşında yeni-yeni həyat və yaradıcılıq uğurları arzulayıram.

 Yaş ötdükcə ucalırsan,

 Ucalıqdan ucalığa.

Seyyid, Vallah yaraşıqsan,

Qocaldıqca, qocalığa.

 

EltunTürkel

One Comment on “YAXŞI ADAM”

  1. Allah möhkəm cansağlığı versin əzizimiz dəyərlimiz Ustad Seyyid Süleyman Ağamıza!
    Eltun Türkel və bütün zəhməti keçənlərə möhkəm cansağlığı, bütün işlərinizdə daim uğurlar arzulayıram!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.