Beynəlxalq kitabxana əməkdaşlığı çərçivəsində Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) “#ПушкинLike” beynəlxalq müsabiqəsində iştirakı gözlənilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müsabiqəni Ulyanovsk vilayətinin İncəsənət və Mədəniyyət Siyasəti Nazirliyinin dəstəyi ilə “Kitab sarayı – Ulyanovsk Vilayət Elmi Kitabxanası” təşkil edir.
Böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220 illik yubileyi ilə əlaqədar keçirən müsabiqə şairin əsərlərinin bir çox dildə oxunmasına, müxtəlif ölkələrin poeziyasevərləri arasında yaradıcılıq dialoqunun qurulmasına təkan verəcək. Müsabiqənin məqsədi audiovizual və müasir rəqəmsal texnologiyaların istifadəsilə Puşkinin ədəbi və tarixi irsinin populyarlaşdırılması, dillərin və mədəniyyətlərin dialoqu üçün açıq kommunikasiya məkanı yaratmaqdır.
Müsabiqədə Puşkinin şeirlərini müasir oxunuşda təqdim edən videoçarxlar dinləniləcək. Yaşı 14-dən yuxarı olan hər kəs istər fərdi, istərsə də kollektiv şəkildə (komanda) müsabiqədə iştirak edə bilər. İştirakçılar müsabiqəyə məhdudiyyətsiz sayda videoçarxlar təqdim edə bilər, hər videoçarx ayrıca qiymətləndiriləcək. Müsabiqə materialları sentyabrın 1-dək qəbul olunacaq. Qaliblər hədiyyə və diplomlarla təltif ediləcək.
Müsabiqənin münsiflər heyətinə ölkəmizdən Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, rus ədəbiyyatının tanınmış tədqiqatçısı Reyhan Mirzəzadə, filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbansoy daxildir.
Müsabiqədə iştirak etmək istəyənlər M.Ş.Vazeh adına Yasamal rayon MKS-yə müraciət edə bilərlər (Yasamal rayonu, H.Zərdabi küç., 68).