YARDIM, YOXSA REKLAM?- Bu formada yardım etmək nə dərəcədə düzgündür?

Bir sıra tanınmış şəxslərin qazi və şəhid ailələrinə yardım etməsi, bunu sosial şəbəkələrdə paylaşması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır. İnsanlar bu formada yardım etmənin reklam xarekterli olduğunu, şəhid və qazilərin adından istifadə edildiyini deyirlər. Əslində bəzən reklamdan daha artığı, şəhid ailələrinin və qazilərin təhqir olunduğuna da rast gəlinir.

Bir neçə gün əvvəl Tolik kimi tanınan, prodüsser Tarix Əliyev “iPhone 12″ mobil telefonunu tanımayan qazimizə “kül təpənə” deməsi də qınağa səbəb olub.

Vətən uğurunda canını, qanını ortaya qoyan əsgərə qarşı bu ifadəni necə və hansı haqla işlətmək olar?

Tolik özünü müdafiə üçün bu günə qədər 10-larla qaziyə, şəhid ailəsinə yardım etdiyini bildirir.

Ümumiyyətlə, qazi və şəhid ailəsinə bu formada yardım etmək nə dərəcədə düzgündür? Bunun qarşısı alınmalıdırmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, istər iş adamı, istərsə də tanınmış şəxslər qazi və şəhid ailələrinə dəstək olarkən onları incitməməyə, qürurlarına toxunmamağa diqqət eləməlidilər:

“Qazi və şəhid ailələrinə diqqət, qayğı göstərmək müsbət və təqdir olunası haldır. Bu təbəqə dövlətlə yanaşı. həmişə xalqın himayəsində olmalı, xüsusi qayğı hiss etməlidir. Bu baxımdan, özü özlüyündə təşviq məqsədilə, bu dəstəyi kütləviləşdirmək və stimullaşdırmaq üçün edilən təbliğatda bir problem görmürəm, əksinə bunu etmək lazımdır. Amma təəssüf ki, biz bəzi hallarda qazi və şəhid ailələrinə yardımın təbliği adı altında ifrat görməmişliyin, daha doğrusu görgüsüzlüyün şahidi oluruq. Bu, əlbəttə, cəmiyyəti qıcıqlandırır. İstər iş adamı olsun, istərsə də tanınmış şəxslər, qazi və şəhid ailələrinə dəstək olarkən onları incitməməyə, qürurlarına toxunmamağa diqqət etməlidirlər. Çünki burda məsələ öz var-dövlətini, ya da qazi və şəhid ailəsinin yoxsulluğunu göstərmək deyil. Məsələ budur: bu, bizim borcumuzdur. Bunu edən adamlar, borclarını yerinə yetirir kimi etməlidir. Kim hesab edirsə ki, belə bir borcu, öhdəliyi yoxdur, etməsin. Heç kimə bunu zorla elətdirmirlər”.

“Mədəniyyət” kanalının direkror müavini Bəhruz Niftəliyev də qazi və şahid ailələrinə hörmətin vacib olduğunu bildirib:

“İstər şəhid və şəhid ailələrinə, istərsə də qazilərimizə hörmət və ehtiramla yanaşmaq, həssas münasibət göstərmək hər birimizin vətəndaşlıq borcudur. Əl uzatmaq, yardım etmək, köməklik göstərmək sahib olduğumuz ən gözəl, nəcib xüsusiyyətlərdəndir. Siravi insanların, xüsusən sənət və siyasət adamlarının da yardımsevərliyi alqışa layiqdir. Sadəcə bu işdə incə bir cizgi var – bəziləri yaxşılıq etdirmiş kimi görünür, bəziləri isə yaxşılıq edir, amma görünmürlər. Əslində yardımsevərliyi təbliğ etmək özü də yaxşı bir haldır. Sadəcə şəhid ailələrinin, ya da qazilərimizin heysiyyatına, hissiyatına toxunmamaq şərti ilə. Təəssüf ki, bəzi məqamlarda belə neqativ hallara da rast gəlirik. Bu isə çox vaxt yadım edənin dünya görüşü, düşüncə tərzi ilə bağlı olur. Dərd ondadır ki, bəziləri nə etdiyini, necə səhvə yol verdiyini belə anlamır”.

“Yeni Çağ” media qrupun rəhbəri Aqil Ələsgər qazi və şəhid ailələri vasitəsi ilə reklam olunmanın yolverilməz olduğunu bildirib:

“Bizim dinimizdə də, mental dəyərlərimizdə də yardımlaşma var. Bunu müəyyən qədər təbliğ etmək də lazımdır. Amma bəzi şəxslər çox təəssüf ki, kiminlə necə və hansı formada danışmaq lazım olduğunu bilmirlər.

Məsələ sadəcə Tolik və ya Kamilin hərəkətləri deyil, digər yardım kampaniyalarında da bu cür arzuolunmaz hallar olur. Düşünürəm ki, bunun qarşısını almaq lazımdır. Ümumiyyətlə, bu yardımların reklam vasitəsinə çevrilməsinə imkan vermək olmaz. Həmçinin, hesab edirəm edirəm ki, yardım olunan qazilərin, şəhid ailələrinin də üzlərinin görünməsi düzgün deyil. Bu məsələ çox həssasdır və bacardıqca diqqətli olmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.