Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb

Dekabrın 28-də Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair, ictimai xadim Xurşidbanu Natəvanın (1832-1897) 190 illik yubileyinə həsr edilmiş “Tək inci” adlı sərginin açılış mərasimi keçirilib.

Tədbirdə Xurşidbanu Natəvanın incəsənətin bir çox sahələrində əvəzsiz əsərlər yaradan, ictimai fəaliyyəti ilə cəmiyyətin böyük rəğbətini qazanan nadir şəxsiyyətlərdən biri olduğu bildirilib. Sərgidə görkəmli şairin klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr verməsindən söz açılıb.

Tədbirdə Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, Ömər Eldarov, Altay Hacıyev və başqa sənətkarlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn Natəvan obrazlarının sərginin diqqətəlayiq eksponatlarından olduğu vurğulanıb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, “Tək inci” sərgisi 2023-cü il yanvarın sonunadək davam edəcək. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Xalq rəssamı Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Natəvana məxsus şəxsi əşyalar, onun əlyazmaları, eləcə də görkəmli rəssam və heykəltəraşlarımızın əsərləri, ümumilikdə 60-a yaxın nümunə təqdim olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.