Xocalı şəhər 3 saylı Uşaq musiqi məktəbində “Gənclər günü” münasibəti ilə ümumrayon tədbiri keçirildi. Tədbiri giriş sözü ilə Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov açdı. O bildirdi ki, 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.
Xocalı rayon YAP Gənclər təşkilatının sədri Əliağa Ağayev bildirdi ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Xocalı rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev çıxışında vurğuladı ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov bildirdi ki, gənclərimizin ən böyük problemləri narkotik maddələr, spirtli içkilər, siqaret kimi pis vərdişlərə yiyələnməsi, bizim xalqa yad olan radikal cərəyanlara qoşulmasıdır. Bu kimi pis işlərdən uzaq olmaq üçün gənclərimiz öz milli-mənəvi dəyərlərinə sahib çixmalı, savadlı olmalı və idmanla məşğul olmalıdır.
Xocalı rayon İcra Hakimiyyətinin Başçısının müavini Lamiə Qarayeva çıxış edərək bildirdi ki, Azərbaycanın uğurlu gələcəyi savadlı, sağlam, vətənpərvər gənclərə bağlıdır. Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini görməkdən ötrü gənclərə diqqət yetirmək lazımdır. Azərbaycan gəncləri də bu diqqəti Cənab Prezidentimiz İlham Əliyev tərəfindən görür. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.
Daha sonra qəbul imtahanlarında yüksək bal toplamış məzunlar, respublika və beynəlxalq idman yarışlarında uğur qazanmış idmançılar, mədəniyyət və müsiqi müsabiqələrində fərqlənmiş gənclər, həmçinin rayonun ictmai işlərində fəallıq göstərən gənclər Fəxri Fərmanla təltif edildi.
Tədbir sonda rayon Mədəniyyət evi və 3 nömrəli Uşaq musiqi məktəbinin birgə hazırladığı konsert proqramı ilə yekunlaşdı.
Xocalılar “2 fevral – Gənclər günü” münasibəti ilə ümumrayon tədbiri keçirdi
