Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar – 63 nəfər; 
qadınlar – 106 nəfər;
qocalar – 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir

487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar – 76 nəfər;

1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Bu rəqəmlər Ermənistan SSR-in dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir.

Xocalı – əsas hədəf

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri – dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.

Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

“Xocalı platsdarmının məhv edilməsi” sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı İcra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyası olunmamışdı.

1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin

hücumu başlandı.

Hücumun iştirakçıları

Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.

Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı

Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər.

Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.

Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir.

Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.

Əhalinin çıxması üçün azad dəhliz

Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur.

Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur.

Şəhərdə qalmış əhalinin müqəddəratı

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı.

Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər.

Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.

Alınmış məlumatların qiymətləndirilməsi

Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarçı kütləvi zorakılıq törədilmişdir.

Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.

Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına heç bir cəhdlə haqq qazandırmaq olmaz.

Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbiçiləri iştirak etmişdir.

Memorial Hüquq-müdafiə Mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.19748-cü ildə qəbul etmişdir) kobud qaydada ziddir.

Tarix unutmayacaqdır

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Tarix heç nəyi unutmur.

(Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili -Ombudsmanın Xocalı soyqırımı haqqında məlumatından)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.