Xarici KİV nümayəndələri Gəncədə erməni terroru qurbanlarının xatirəsini yad ediblər

BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Gəncə şəhərində erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıblar.
Qonaqlar baş verən terror aktı barədə məlumatlandırılıblar. Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan – “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə atəşə tutub. Bu hücumların həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.
Qeyd olunub ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 142 mülki şəxs yaralanıb.
Qonaqlar həlak olanların xatirəsini böyük ehtiramla yad edib, əraziyə gül dəstələri düzüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.