“Mən yer üzündə müəllim adından yüksək ad tanımıram!” – H Əliyev.
Yazıma ulu öndərin bu sözləri ilə başlamağım əbəs yerə deyil. Bu gün cəmiyyətdə özümü ifadə etmə bacarığına malikəmsə, bunu birmənalı şəkildə müəllimlərimə borcluyam.
Müəllim haqqında böyük yazarlarımız yetərincə qiymətli əsərlər yazıblar. Odur ki, mənim bir yazar kimi bu mövzuda onlardan üstün yazı yazmağım inandırıcı olmaz. Onun üçün bir valideyin kimi fikirlərimi yazmağa qərar verdim.
Bəzən cəmiyyətimizdə bəzi müəllimləri tənqid atəşinə tutulmasını görürük. Əfsuslar olsun ki, dövrümüzdə hələ də müəllim adının ucalığını dərk etmədən müəllim adı daşıyanlar da mövcuddur. Ancaq gəlin bu məsələyə başqa aspektdən nəzər salaq. Tənqid etmək yerinə əsl müəllimlər haqqında danışaq. O müəllimlər ki, gecə-gündüz bilmədən öz şərəfli peşələrinin adına layiq olmağa çalışırlar. O müəllimlər ki, pandemiya dövründə şagirdlərinin geri qalmaması üçün yuxularına zülm edirlər. O müəllimlər ki, müharibə dövründə həm arxa, həm ön cəbhədə aktiv iştirak edib şəhidlik adına qədər yüksəlirlər. O müəllimlər ki, şagirdi öz övladından seçmir. Belə olan halda nə üçün “müəllimləri” tənqid edib, əsl müəllimlər haqqında yazmayaq? Əsl müəllim, əsl pedaqoq haqqında nə qədər çox yazı yazılarsa digər “müəllimlər” bir o qədər kölgədə qalacaq və zaman-zaman ya öz peşəsinə layiq olmağa çalışacaq, ya da ki, əsl müəllimlərin kölgəsində yox olacaq.
Danılmaz faktdır ki, bu yolda məktəb direktorlarının üzərinə ən böyük məsuliyyət düşür. Bir məktəbin müəllim heyəti nümunəvi müəllimlərdən ibarətdirsə onların rəhbəri nümunəvi rəhbərdir anlamına gəlir. Gəncə şəhər 26 N-li fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin direktoru və müəllim heyəti kimi. Bu məktəbin həyətinə daxil olan hər bir şagird öz doğma evinə daxil olur kimi hiss edir özünü. Bu nədən irəli gəlir? Təbbi ki, müəllim və şagirdlərin vəhdətindən, bir-birilərinə qarşı olan səmimiyyətdən, ən əsası isə valideyn-övlad münasibətlərindən. Mənim iki övladım o məktəbin şagirdidir. Bəzən olur ki, müəllim sevgisi nəticəsində bir-birindən küsmək dərəcəsinə çatırlar. Biri deyir mənim müəllimim daha səmimidir, digəri deyir mənim. İbtidai sinif müəllimi Ramilə Əhmədovanın o məktəbə təyinatla gəlməsi cəmi bir il üç aydır. Bu qısa müddət ərzində şagirdlərlə bu dərəcədə səmimiyyət yaratması isə onun nə elmindən nə vəzifəsindən irəli gəlmir. Əsl Azərbaycan xanımına, əsl Azərbaycan anasına xas olan keyfiyyəti qısa müddətdə şagirdlərin sevimlisinə çevrilməsinə kifayətdir. Müəllimlər arasında isə öz elmi və təşkilatçılığı ilə sevilən Ramilə Əhmədova sevindirici haldır ki, mənim bir övladıma dərs deyir. Digər övladıma dərs deyən isə Sevinc Məmmədovadır. Bu müəllim də öz təcrübəsi, elmi, səmimiyyəti ilə bütün şagirdlərin sevimlisinə çevrilib.
Bəzən olub ki, bu məktəb haqqında cəmiyyət arasında söz düşəndə övladları o məktəbdə dərs alan bütün valideyinlər məktəbin müəllimləri haqqında müsbət fikir söyləyiblər. Bütün bunlar məndə məktəbin direktorunu yaxından tanımaq marağını yaratdı. Bu gün məktəbə, şəxsən direktorla ünsiyyət yaratmaq məqsədilə yollandım. Qarşılaşdığım mənzərə isə bir daha sübut etdi ki, nümunəvi rəhbərin nümunəvi kollektivi olar. Məktəbin direktoru Səbail Nəsibova məni çox səmimiyyətlə qarşılayıb, eyni səmimiyyətlə də yola saldı. Belə olan halda isə bir daha öncədən yürütdüyüm fikiri təkrarlamaq istəyirəm ki, gəlin yaxşılar haqqında yazıb pisləri onların kölgəsi altında saxlayaq. Sonda isə peşəsinin vurğunu olan hər bir müəllimə bu şərəfli yolda uğurlar arzulayıram. “Təhsil xalqın gələcəyidir” gəlin gələcəyimizi əl birliyi ilə nurlu sabahlara aparaq!
AZƏRBAYCAN MÜƏLLİMİ.
Elmi sönməyən ocaq,
Əbədiyyən yanacaq.
Şagirdə açar qucaq,
Azərbaycan müəllimi.
Olmaz illər yorğunu,
Səhv keçirməz sorğunu.
Peşəsinin vurğunu,
Azərbaycan müəllimi.
Qışda bahar nəfəsi,
Öyrətməkdir həvəsi.
Ucalığın zirvəsi,
Azərbaycan müəllimi.
Müəllif: Eltun Türkel