Xalq artisti Vaqif Şərifovla vida mərasimi keçirilib

Azərbaycan Respublikasının Xalq artisti Vaqif Şərifov  dünyasını dəyişib. Bununla əlaqədar olaraq, dünən Gəncə Dövlət Dram Teatrında Xalq artisti ilə vida mərasimi keçirilib.
Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Mingəçevir Dövlət Dram Teatrlarının nümayəndələri, Gəncə Dövlət Kukla Teatrının kollektivi, mərhumun ailə üzvləri, şəhər ictimaiyyəti və sənət yoldaşları iştirak ediblər.
Xalq artistinin 60 ildən çox çalışdığı teatr səhnəsinə qoyulan cənazəsi önünə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı adından əklil və gül dəstələri düzülüb.
Vida mərasimində əvvəlcə mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın rəhbəri, Əməkdar mədəniyyət işçisi Əli Qasımov çıxış edərək Vaqif Şərifovla bağlı xatirələrini bölüşüb: “Vaqif Şərifov demək olar ki, bütün ömrünü teatra və sənətə həsr edib. Görkəmli sənətkar 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib. Fərqli illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, Sumqayıt və Ağdam Dövlət Dram Teatrlarında baş rejissor kimi çalışıb. 1981-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrında direktor, bədii rəhbər və quruluşçu rejissor vəzifələrində işləyib. Vaqif Şərifov rejissor olmaqla yanaşı, həmçinin bir çox gənclərə dəstək duraraq, onların yaradıcılığında mühüm rol oynayıb. Hazırda mərhum sənətkarın davamçıları ölkənin mədəniyyət sahəsində öz xidmətləri ilə sayılıb seçilən xadimlərdəndir”.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxışında, Xalq artisti Vaqif Şərifovun vəfatını ölkə, ələxüssus da Gəncə mədəniyyəti üçün ağır itki olduğunu bildirib. Vasif Cənnətov qeyd edib ki, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim qiymətləndirilib. Belə ki, o, Xalq artisti adına,“Tərəqqi” medalına, “Qızıl Dərviş” mükafatına layiq görülməklə bərabər, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Çıxışının sonunda Vasif Cənnətov mərhumun ailə üzvlərinə və teatrın kollektivinə başsağılığı verib.
Vaqif Şərifonun sənət dostları, Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, həmçinin, mərhum rejissorun yetirmələrindən olan Əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, teatrşünas-tənqidçi Anar Bürcəliyev və kollektiv üzvləri çıxışlarında Vaqif Şərifovu bir məktəb adlandırıblar. Hər biri sənətkarın Gəncə teatrına verdiyi töhvələrdən, ömür yolundan danışıblar və Xalq artistinin yoxlğunu Azərbaycan mədəniyyəti üçün itki hesab ediblər.
Vida mərasimindən sonra aktyorun cənazəsi sənətsevərlərin alqışları altında doğma teatrın səhnəsindən son mənzilə yola salınıb. O, Gəncənin Fəxri xiyabanında dəfn edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.