Xəzər Universiteti həyat elmləri departamentinin müdiri Asəf Ömərov və departamentin dosenti Cavid Ocaqi Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
Səfərin məqsədi Xəzər Universiteti ilə Çin Xalq Respublikasının Anhui Kənd Təsərrüfatı Universiteti arasında anlaşmaya əsasən biologiya elmləri ixtisası (çayşünaslıq) üzrə İkili-dərəcə proqramı üçün doktoranturaya qəbul zamanı ADAU tələbələrinin seçim prosesinə qoşulmaları, ortaq elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müştərək konfranslar, seminar, təlim kurslarının təşkili və s. məsələlər olub.
Görüş zamanı ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov səfərdən məmnunluğunu bildirərək, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Xəzər Universiteti həyat elmləri departamentinin müdiri Asəf Ömərov qeyd edib ki, hər iki universitetin maddi-texniki bazaları, xüsusən də Aqronomluq və Baytarlıq təbabəti və zoomühəndislik fakültələri ilə tanışlıq, eyni zamanda ortaq imkanların müzakirə edilməsi səfərin məqsədlərindəndir.
Daha sonra qonaqlar ADAU-nun maddi-texniki bazası və fakültələri ilə tanış olublar.