“Xəmsə”nin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimatı keçirilib

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi dünya ədəbi-elmi fikrinin hər zaman diqqət mərkəzində olan tükənməz xəzinədir. Şairin dərin, fəlsəfi yaradıcılığı bu gün də Özbəkistan alimləri tərəfindən də böyük maraq və sevgi ilə öyrənilir. Təsadüfi deyil ki, Daşkənd şəhərindəki Dövlət Pedaqoji Universiteti 1936-cı ildən Şeyx Nizaminin adını daşıyır.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirilib. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq bildirdi ki, Nizami “Xəmsə”sinin tam şəkildə özbək dilinə tərcümə edilərək Özbəkistanda çap olunması şairin yaradıcılığının tədqiqi tarixinə əvəzsiz bir töhfədir.
Qeyd olundu ki, dahi Nizaminin qardaş ölkədə təbliği, özbək oxucusuna öz ana dilində tanıdılması məqsədilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzi 2015-ci ildə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin ayrı-ayrılıqda özbək dilinə tərcüməsi barədə Xalq şairi Camal Kamalla müqavlə imzalayıb. Bu günlərdə Nizami irsinin zirvəsi sayılan “Xəmsə”nin bütövlükdə özbək dilinə tərcüməsi başa çatıb. Akademik Nizami Gəncəvinin əsərlərinin Azərbaycan dilində akademik nəşrini başa çatdırmaq üzrə olduğunu qeyd etdi və həmin əsərin də özbək dilinə tərcümə olunması üçün razılıq əldə olunduğunu diqqətə çatdırdı.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Samir Abbasov qurumun fəaliyyətə başladığı ilk gündən özbək və Azərbaycan xalqları arasında mədəni, siyasi əlaqələrin inkişaf etdirilməsi yönündə görülmüş işlərdən danışdı. Bildirildi ki, indiyədək mərkəzin təşəbbüsü və maliyyə dəstəyi ilə 60-dan artıq kitab nəşr edilib. Natiq dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilinə tərcümə edilməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi.
Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Babaxan Şərif Nizaminin əsərlərinin indiyədək özbək dilinə hissə-hissə çap olunduğunu bildirdi. Natiq vurğuladı ki, böyük şairin poeziyada açdığı yolu özündən sonra gələn nəsillər  davam etdirmişlər.
Tədbirdə çıxış edən tarixçi alim Şöhrət Barlaş Azərbaycan və özbək xalqları arasındakı dostluq əlaqələrinə toxundu, bu istiqamətdə görüləcək işlərdən danışdı.
Rusiyada yaşayan azərbaycanlı türkoloq, professor Tofiq Məlikli, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Ramiz Əskər çıxış edərək təqdim olunan kitabın əhəmiyyətindən danışdılar. R.Əskər hazırda Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsinin başa çatmaq üzrə olduğunu bildirdi.
Tədbirə yekun vuran akademik Rafael Hüseynov toplantı iştirakçıları adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür məktubu göndəriləcəyini bildirdi.
Təqdimat mərasimində “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, filologiya elmlər doktoru Sona Vəliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, Özbəkistan Respublikası Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru, filologiya elmlər doktoru Almaz Ülvi və başqa ziyalılar iştirak edirdilər.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.