Müharibə mövzusu incəsənətin bir çox sahələrində öz əksini tapıb. Tarix boyu bu həssas mövzuda minlərlə şeirlər yazılıb, mahnılar bəstələnib. Bu da təsadüfi deyil. Çünki musiqi, əhval-ruhiyyəyə təsir göstərən, insanda müsbət emosiyalar yaratmaq gücünə malik olan ali qüvvədir.
Bu gün vətənpərvərlik bütün hisslərimizdən ən yüksəkdə durur. Bunu biz öz əməli işimizlə, verdiyimiz töhfələrlə biruzə veririk. Bu əməllərimiz bizim duyğu, vicdan, sədaqət tərəzimizin mizanıdır. Vətənpərvərlik hisslərinin təzahürü hər kəsin daxili aləminin təzahürüdür.
Vətən, ona sevgi və bağlılıq ruhumuza, mənəvi dünyamıza hakim kəsilməlidir . Bu, hazırkı durumda bizə, azərbaycanlılara xüsusilə vacibdir. Bu gün vətən və vətənpərvərlik anlayışlarının mənəvi aspektlərdə təlqini bizə hava, su kimi gərəkdir. Bu xüsusda ruhun əzəli və əbədi laylası olan musiqi xüsusi bir yer tutur.
Vətənpərvərlik ruhlu mahnılar, bu mövzuda şeirlər, ədəbi əsərlər hər hansı sifariş və ya tələblə yox, ürəklə, istəklə yazılır. Bu, hər bir vətəndaşın, xüsusən də incəsənət sahəsində olan insanların mənəvi borcuna çevrilmişdir. Bu mövzu vətənini, dövlətini sevən insanlar üçün hər zaman gündəmdədir, hər zaman aktualdır. Vətənpərvərlik mahnıları bu insanların yaradıcılığının ana xəttini təşkil edir. Ümumilikdə vətənpərvərlik təkcə incəsənət sahəsində yox, bütünlükdə insanlarımızın, vətəndaşlarımızın ruhunda, canında, qanındadır.
Xalqımızın qələbə sevinci yaşadığı bir zamanda Gəncənin gənc şairi Eltun Türkelin Ali baş komandanın şüarı əsasında qələmə aldığı “Qarabağ Azərbaycandır” şeiri əsasında əslən Şəmkir rayonundan olan gənc bəstəkar Məhəmməd İsmayılın bəstələdiyi və elə öz bacıları ilə birlikdə ifa etdiyi “Qarabağ Azərbaycandır” əsəri bu gün işıq üzü gördü. Cəlbedici musiqisi və sözləriylə seçilən bu mahnı eyni zamanda cəlbedici kliplə izləyiciləri özünə cəlb edib.