Vətən Müharibəsi Qəhrəmanının büstü hazırlandı

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru, Vətən müharibəsi qəhrəmanı Amid Heydərovun büstü hazırlanıb.

Etmtv.news Veteran.az-a istinadla xəbər verir ki, abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Rahib Qarayevdir.

R.Qarayev açıqlamasında bildirib ki, büstün hazırlanması şəhidin ailəsi tərəfindən sifariş edilib. Onun sözlərinə görə, abidə şəhidin dəfn olunduğu Lerik şəhərində ucaldılacaq.

Müəllif büstü təmənnasız hazırladığını bildirib.

Azərbaycan xalqının igid övladlarının obrazlarını yaradaraq, onların xatirəsini əbədiləşdirməyi özünə mənəvi borc bilən heykəltəraş deyib ki, bundan sonra da şəhidlərin heykəl və büstlərini böyük fəxr hissi ilə təmənnasız hazırlamağa davam edəcək.

Qeyd edək ki, R.Qarayev bir çox şəhidin xatirəsinə ucaldılmış abidənin, həmçinin Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir. O, eləcə də Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin büst və heykəlini hazırlayıb.

Xatırladaq ki, Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirib. Daha sonra isə təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbində davam etdirib və hərb sənətinin sirlərinə mükəmməl yiyələnərək tankçı olub.

Mayor Amid Heydərov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olub və Lerik şəhərində dəfn olunub.

A.Heydərov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Şəhid mayor həmçinin dövlət başçısının sərəncamı ilə «Vətən uğrunda» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.