Qarşımda bir kitab var: “SIZLAYAN KAMANIM AĞLIYAN SAZIM”. Muğam və aşıq sənətininqovuşduğu bir ölkə olan Azərbaycanda insan qəlbinin ən incə hisslərini ifadə etməyə qadir olan musiqi əsərləri və musiqili söz olan poeziya yüksək inkişaf edib. Azərbaycan dünya poeziyasına Nizami kimi mütəfəkkir şairi, dünya musiqi xəzinəsinə muğam və saz
havalarından qidalanan musiqi əsərlərinin sahibi Üzeyir Hacıbəyovu, musiqi ilə poeziyanı özündə birləşdirən Aşıq Ələsgər kimi ustad aşığı bəxş edib.
Nizami Qəribin bu kitabı da məhz belə bir zəngin xəzinəyə malik ölkədə yaranıb. Kitabın adında dərd üstə köklənmiş musiqi alətlərimiz əks olunub. Kitabın özündə isə bu dərdin açımı verilib. Bu, vətən dərdidir. Vətən mövzusu Nizami Qərib yaradıcılığından bir qırmızı xətt kimi keçir. Bu mövzu onun şeirlərinin mayasını, canını təşkil edir. Nizami Qəribin Vətən mövzulu şeirlərini bir neçə qrupa ayırmaq olar. Bu şeirlərin bir qismi onun yurd həsrəti,
doğma eldən, obadan ayrılıq duyğularına köklənib. Doğulub böyüdüyü Göyçə elinin təbii gözəllikləri: meşəsi, çəməni, gölü, bulağı, havası, suyu tərənnüm olunan bu şeirlərdə həm də
bu gözəllikləri bir də görmək arzusu ifadə olunur. Hər kəsin Vətəni onun evindən, məhəlləsindən, obasından, elindən başlayır və bunlardan uzaq düşən şair özünü qərib sayır
(elə onun “Qərib” təxəllüsü də yəqin ki, burdan gəlir), çünki ilkdən, başlanğıcdan uzaq düşüb onun fikrincə:
Qardaş, bu dağların qarı o deyil,
Payızda bəhrəsi, barı o deyil.
Heyvası o deyil, narı o deyil,
Barlı ağaclarım Göyçədə qaldı.
Bəzən Vətən mövzulu şeirlərdə ümidsizlik hökm sürür:
İllərdir mən burda çəkirəm zülüm,
Közüm çoxdan sönüb, qalandır külüm.
Quruyub bağ-baxçam, solubdur gülüm,
Bağışla mən adlı balanı, Göyçə…
-deyən şair əsirlikdə qalan Vətəni, hər yeri insanlardan fərqli olaraq azad dolaşan təbiət qüvvələrindən soruşur:
Yağışlar, leysanlar, boranlar, qarlar,
Küləklər, siz deyin, necədir Göyçəm.
“Kürəyində qəm şələsi daşıyan”, “Vətən arzularım dünyadan köçür” deyən şairin Vətən həsrətli şeirləri təkcə Göyçəyə aid deyil. İşğal altında qalan Azərbaycan ellərinin hər biri: Şuşa, Cəbrayıl, Kəlbəcər, Laçın… onun qəlbini dağlayır, baharını da payıza çevirir. Nizami Qəribin üzü gülmür; çünki yad əllərdə Göyçətək eli, yaşılbaş sonalı gölü ilə bərabər həm də:
İstisu, Dəlidağ, Qovşuq yaylağı,
Pəmbək seyrangahı, Güney oylağı,
Şuşada Topxana, İsa bulağı,
Xarıbülbül kimi gülü qalıbdır.
“Zamanın yellərinin, dövranın sellərinin apara bilmədiyi” həsrətini qələmə alan şair:
Söndürə bilmədim el həsrətini,
Qəribəm, yanmışam, külüm qalıbdır.
– deyir.
Gecəli-gündüzlü onun könül quşu əsarətdə olan ellərdə dolaşır, bütün xalqı düşündürən suallara o da cavab axtarır:
Dillər əzbəriydi İsa bulağın,
Xəstəyə şəfaydı Qırxqız yaylağın.
Görən qayıdarmı bir də xoş çağın,
Qalıb əsarətdə can verən Şuşa?!
Belə şeirlərdən biri- “UTANIRAM AZƏRBAYCAN.! ” özünün sadəliyi ilə yanaşı, məna yükü ilə seçilir. Bu şeirdə Vətən uğrunda vuruşan, qanını-canını verməyə hazır olan; indi arxalı düşmən əlində əsir qalan Vətən torpağının və Vətən övladlarının dərdini, qeyrətini çəkən, qəzəbdən boğulan igidlərin; vətəni azad etməyincə rahatlıq tapmayan oğulların həyacanlı duyğuları dil açıb danışır:
Qanadı sınmış qartalam,
Zirvələrdə süzəmmirəm.
Nə olsun ki, yaşayıram,
Alnı açıq gəzəmmirəm,
Utanıram, Azərbaycan!
Sinən düşmən tapdağında,
Susub, səssiz qalmağımdan,
Sən ki, mənə oğul dedin,
Belə oğul olmağımdan,
Utanıram, Azərbaycan!
Vətəninə “Səni azad etməyincə mənə qucaq açma” – deyən Nizami Qəribin sırf çağırış ruhu ilə qanları coşduran, döyüş marşı kimi səslənən şeirləri də var.
İki yol içindən zəfəri seçib,
O yolu şərəflə, qeyrətlə keçib,
Mənfur düşmənlərin qanını içib,
Qurtaraq işğaldan ana torpağı.
Bu cür mübarizə ruhlu şeirlər yazan, “Qalx, Oğuzun igidləri! ” deyən Nizami Qərib kimi vətənpərvər Azərbaycan oğullarının kədər, qüssə içərisindən silkinib çıxaraq, Vətən torpaqlarını azad edəcəyinə, şəhid qanlarının qisasını alıb Azərbaycanı bütövlüyünə qovuşduracağına inanırıq. Nizami Qəribin Vətən mövzulu şeirlərinin bir qismini də Türkiyə ilə bağlı şeirlər təşkil edir, çünki bu vətənpərvər, millətçi, türkçü şair üçün vətən məfhumu yurd yeri Göyçədən başlanır, Ana Vətən Azərbaycanla davam edir, geniş anlamda Turan və Türküstan ellərini, bütün Türk dünyasını, o cümlədən, qardaş Türkiyəni də özündə birləşdirir. “Tülkü dünyasına” qarşı duran Türk dünyasından, türklüyün rəmzi boz qurddan tez-tez söhbət açan Nizami üçün
türklük mərdlik rəmzidir. Türk olana yalnız qələbə ünvanını yaraşdıran şair:
Nizami, dil susar, silah səs edər,
Türk olan döyüşdə çətin pəs edər,
-deyir.
“Türk təkbaşına girər döyüşə” qürurunu fəxrlə daşıyan, Teymurləng, Çingiz xan, Şah İsmayıl, Koroğlu kimi qəhrəmanlardan nümunə götürən Nizamiyə görə:
Türk qartal, türk aslan, türk qurd, türk pələng, Tülkünün, çaqqalın önündən qaçmaz, Türkün tarixi var, türkə yaraşmaz.
Böyük, nəhəng Türk dünyasının ayrılmaz parçaları olan Azərbaycanın və Türkiyənin qardaşlığı da Nizami Qəribin ilham mənbəyidir. “Dili bir, qanı bir, qardaş”,”kədərdə, sevincdə sirdaş“, “soykökdə bir, qandaş”, olan Azərbaycan və Türkiyəni tərənnüm edən şair deyir:
Bu günü deyil ki, əvvəli qoşa,
Yaranan bir gündən təməli qoşa,
Əqidəsi qoşa, əməli qoşa,
Biri Azərbaycan, biri Türkiyə.
Və sonra müəllif daha da irəli gedərək, Allah tərəfindən türkə verilən ixtiyar sayəsində onun yenilməz olmasına inamını ifadə edir:
Yaradan veribdir Türkə ixtiyar,
Yolunu kəsəmməz nə boran, nə qar.
Hökmdar dünyanın iki tacı var,
Biri Azərbaycan, biri Türkiyə.
Şairin “Biri Azərbaycan, biri Türkiyə” adlı şeirinə qardaş Türkiyənin tanınmış ozanı Zahit Coşkun türkü bəstələmişdir.
Vətən mövzusu Nizami Qərib yaradıcılığında əsas yer tutsa da, onu bu cür vətənpərvər oğul kimi yetişdirən valideynləri haqqında ülvi duyğularını da qələmə almağı özünə mənəvi borc
sayır. Nizami üçün ana dünyanın ən qiymətli varlığıdır:
Nə var ki, adından uca dünyada,
Sənsiz günüm olar gecə dünyada.
Tək sənsən bu böyük, qoca dünyada,
Var olma səbəbim, varlığım, ana!
Xeyirxah əməlləri ilə el içində məşhur olan, hörmət qazanan; namuslu, saf qəlbli övladlarböyüdən atasından bəhs edən şeir isə bu səmimi misralarla bitir:
Dizinə daş dəysə, daş olar ömrüm,
Vaxtsız uçub gedən quş olar ömrüm.
Ağrıma,! Ağrısan, qış olar ömrüm,
Qəribəm, baharım, yazmısan, ata.
Nizami Qəribin yaradıcılığında məhəbbət mövzusu özünəməxsus yer tutur. Yanından keçəndə “ruhunu yandırıb keçən” gözəlin sevgisini qazanmağı arzu edən, məhəbbətin dünya içində bir dünya olduğunu deyən aşiqin bircə arzusu var:
Taleyim gülərdi, bəxtim gülərdi,
Bu gözəl bir kərə üzümə gülsə.
Ölsəm də, məzardan durub gələrdim,
Onu çağırdığım görüşə gəlsə.
Sevgi şeirlərini yazdıran həsrət “kölgəsi ilə dərdini bölən” Nizami Qəribdən də yan keçmir və ən gözəl misraları da ona elə bu ayrılıq, bu həsrət yazdırır:
Qəmli misralarım yaxın-yaxındı,
Mən sevinc yazmışdım, kədər oxundu.
Ayrılıq mizrabı elə toxundu,
Qırıldı sinəmdə sevgi telləri.
Başqa bir şeirində:
Qadın bir anadır, qədrini bilsən,
Ağlasa, gözünün yaşını silsən,
Onunla kövrəlib, onunla gülsən,
Xoşbəxt olacaqsan daim dünyada.
-deyib anaya, qadına yüksək qiymət verən Nizami Qərib ən yaxşı məhəbbət şeirini də məhz ömür-gün yoldaşına yazıb:
Ömür-gün yoldaşım, başımın tacı,
Sənsiz bircə günüm zəhərdən acı.
Ay xəstə könlümün məlhəm-əlacı,
Dilimdə sənintək ünə də qurban.
İnsan həyatının elə bir dövrü olur ki, o həyat təcrübəsini insanlarla bölüşməyə ehtiyac hiss edir və bu zaman şair olan kəs də nəsihətamiz şeirlərlə oxucu qarşısına çıxır. “Ölümün
dəryazı çox zəmi biçdi” deyərək dünyanın faniliyini nəzərə çarpdıran, “dünyanın əvvəli axırı puçdur” deyən şairin məqsədi insanları ümidsizliyə düçar etmək deyil. O, bununla insanları pis əməllərdən, yalandan, acgözlükdən çəkindirməyə, haqsızlıqdan uzaq olmağa çağırır. “Yaltaqlığı irsən ötürən”, “vicdanını edam ağacından asan”, “insanlara arsızlığı ilə dərs verənləri” ifşa edən şair özünə də müraciət edib:
Qərib, təmiz adla ucal dünyada,
Səbrinlə fələkdən bac al dünyada,
-deyir.
İnsan özü yüksək mənəviyyat sahibidirsə, bunu başqalarında da görmək istəyir. “Ləkə gətirər” şeiri də məhz Nizami mənəviyyatının güzgüsü, onun bu güzgüdə əks olunanları hər
kəsdə görmək arzusunun ifadəsidir. O lovğalığı, özünü hamıdan ağıllı bilib yersiz danışıb gülməyi pisləyir, dar gündə dostuna arxa çevirməyi, yalnız əməllərdə deyil, qəlbində belə xəbis, acgöz, günah dolu duyğuları daşımağı insanlıq adına ləkə hesab edir. Nizami bəzi şeirlərində ümidsiz, həyatdan küskün görünsə də, bu şeirində özünü və başqalarını gələcəyə ümidlə baxmağa çağırır, haqsızlıq önündə susub dayanmağı ən böyük qüsurlardan biri sayır:
Bəxtindən əbədi küsüb dayanmaq,
Səbrini göylərdən asıb dayanmaq,
Haqsızlıq önündə susub dayanmaq,
İnsanlıq adına ləkə gətirər.
Məhz nəsihətamiz şeirlərdə insanın həyat kredosu, məqsədi, məsləyi üzə çıxır. Nizami Qərib də öz nəsihətlərində əsl türk kişisinə xas olan keyfiyyətləri təbliğ edir:
Qəpiyə dəyişib düzgün ilqarı,
Mənliyi bazarda satma, kişisən,
Namərd kölgəsində yatma, kişisən.
Bu misralar elimizin əsrləri arxada qoyub günümüzə qədər gəlib çıxan müdrik atalar sözündən (“Yatma tülkü kölgəsində, qoy yesin aslan səni. Keçmə namərd körpüsündən qoy aparsın sel səni”) qaynaqlanır. Xalq müdrikliyindən, el inanclarından, folklordan
qidalanaraq formalaşan Nizami Qərib yaradıcılığında belə müdrik fikirlərə tez-tez rast gəlinir. Bəzən dünya, cəmiyyət haqqında ümidsiz fikirlər yürüdən:
Yıxılsan, halına üzülən deyil,
Gözündən göz yaşı süzülən deyil,
Şeytandı xisləti, düzələn deyil,
Qəlbində zərrəcə imanı yoxmış.
-deyən şair pessimizmdən tezliklə uzaqlaşır. Axı dünyada insana ümüd bəxş edənlər də var. Bərdədən seçilmiş millət vəkili, “yurdunun, elinin mayağı olan”, halallığı, düzlüyü ilə milyonların sevgisini qazanan, “el dərdi çəkməkdən saçları dən olan”, xalqla dərdlənib, xalqla şənlənən Zahid Orucu şair belə təqdim edir:
Ürəyi Qarabağ eşqiylə vuran,
Bir əldə bayrağı, bir əldə Quran.
Daim Vətən üçün alışıb yanan,
Millətin vəkili Zahid Orucdur.
Nizami Qərib insanları humanist, xeyirxah, rəhmdil, yumşaq ürəkli görmək istəyir; “insanın ürəyi kirsə dönməsin”, bərkiməsin deyir. Axı “torpaq da bərkiyər yağış yağmasa”. Bəli, yaxşılıq, xeyirxahlıq quraq torpağa can verən yağış kimidir və Nizami Qərib də məhz bu gözəl bənzətmə ilə insanlığa mesaj verir; “humanist olun” deyir. Qoy sizin əməllərinizlə səhra kimi könüllər fərəhlənsin, çiçək açsın. Dünyamız da, insanın mənəvi dünyası da
gülüstana dönsün. Yeri gəlmişkən, Nizami Qəribin şeirlərində belə təbiətdəngəlmə bənzətmələr çoxluq təşkil edir. Dağlar qoynunda dünyaya gələn, ömrünün yazında dağların saf, təmiz havası ilə nəfəs alıb, dağlardan möhkəmlik, məğrurluq dərsi alan insan, sonradan bu dağlardan uzaq düşsə də, o dağları unuda bilmir. Allahın dünyaya gözəllik, dayaq, istinadgah kimi yaratdığı dağlar (Müqəddəs kitabımız Quranda da dağlardan məhz bu cür bəhs olunur) dağlar oğlu şair Nizami Qəribin də ilham mənbəyi, məcazi ifadələr xəzinəsidir. Özünü “düzlərdə gəzən
dağlar qartalı” adlandıran şairin sərgərdan xəyalı gah dağların zirvəsinə, gah ensiz dağ cığırlarına, gah dağlarda çağlayan bulaq başına aparır. Bir sözlə dağ obrazı onun əksər şeirlərindən boylanır.
Göydə uçan quş çağırır,
Gözündəki yaş çağırır.
Dağ çağırır, daş çağırır,
Doğma olan yurd yerinə.
Nizami şeirinə ilham verən dağlardırsa, onun yaradıcılıqda nümunə götürdüyü şəxs bu dağların böyük oğlu, böyük sənətkar Aşıq Ələsgərdir. Ələsgər sənətinin işığından güc alan, onun pərvanəsi olan Nizami Qərib “sazda kövrək Dilqəmi” çalınanda Ələsgəri xatırlayır, yurdu üçün darıxanda da Dədə Ələsgəri dərdinə şərik qoşur, gah:
Ələsgərim qan ağlayır,
Ahı, ürəklər dağlayır.
gah da:
Ağla Ələsgərə, ağla Habilə,
Sızlayan kamanım, ağlayan sazım.
-deyir. Nizami Qəribin Ələsgər şeirləri formasında, xalq şeiri üslubunda – gəraylı və qoşma yazması da təsadüfi olmayıb, məhz bu təsirin məntiqi nəticəsidir. Nizami şeirlərinin formasından bəhs etmişkən qeyd edək ki, şairin bədii təsvir və ifadə vasitələri ilə xüsusilə metafora və təzadlarla zəngindir :
“Qalıb tufanından meh İsmayılın”
“Dağ idik, bölünüb təpələnmişik”
“Bir dəniz olsaq da biz zaman-zaman,
Ayrı sahillərə ləpələnmişik”
“Biz göylərlə əlləşirik,
Yerdə qalıb şəhid qanı* və s.
Qarşımızda bir kitab var. Vətən dərdinə köklənən, kaman kimi sızlayan, saz kimi ağlayan şair ürəyinin çırpıntılarını əks etdirən şeirlər toplanıb bu kitabda. Hamımız Vətən dərdinə köklənmişik. Arzum budur ki, sazımız,kamanımız qələbə havasına köklənsin, qələbə havası çalsın, şeirimiz sevincli misralarla dolub-daşsın və şair Nizami Qəribə də bu qismət olsun.
Firəngiz İDRİSQIZI,
tənqidçi, publisist.