Azərbaycan Texnologiya Universitetinin 3-cü kurs tələbəsi İsmayıl Qaçaylı “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak edir.
Layihənin ilk günündə Gənc liderlər məktəbinin üzvləri mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüblər. “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr edilən görüşdə nazir ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, 25 il əvvəl Ulu öndər onu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi. Əbülfəs Qarayev çıxışında Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açıb. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verilib. Vurğulayıb ki, gənclik cəmiyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək lazımdır.
Nazir gənc liderlərə tövsiyələrini verib. Görüş gənclərin ünvanladığı suallara cavablar və müzakirələrlə davam edib.
Sonda xatirə şəkli çəkdirilib.
50 gənci bir araya gətirən layihə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən, Prezident İlham Əliyevin sərəncamıyla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində reallaşır.
Proqramın əsas məqsədi Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Proqramda müsahibə əsasında seçilmiş, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olan, təşkilatçılıq, ünsiyyət və əlaqə qurmaq, komanda ilə iş bacarığına, geniş dünya görüşünə malik, yerli və beynəlxalq gənclər tədbirlərində təmsil olunma kimi bir sıra meyarlara cavab verən 18-25 yaş arası ictimai fəallar iştirak edirlər. İsmayıl Qaçaylı layihəyə Cəncə şəhərindən seçilmiş yeganə gəncdir.