1969-1982 və 1993-2003-cü illər Azərbaycanın tarixində özünə məxsus yerlərdən birini tutub. 1990-1993-cü illər xalqın yaddaşında ağır faciələr ili kimi qalmışdır. İnsanlar bu dövrdə “ölüm ya olum” arasında çabalayır, sonu görünməyən qaranlıqdan çıxış yolları axtarırdılar. Savadsız rəhbərlər Moskvanın diktəsi ilə hərəkət edir, onlara xoş gəlsin deyə öz xalqını fəlakətə sürükləyirdilər.
Azərbaycan siyasi xəritədən silinmək təhlükəsi qarşısında qalmışdı. Bax, belə bir zamanda Vətənimizin yeganə ümid yeri Heydər Əliyev oldu. 21 yanvar 1991-ci ildə (20 yanvarın səhəri günü) Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqı ilə həmrəy olduğunu bir daha sübut etdi. 20 yanvar faciəsini törədənləri lənətlədi, Vətənə baş sağlığı verdi, Vətənin başına belə faciəli oyun gətirənlərin cəzalandırılmasını tələb etdi. Xalqımızın bu ağır günündə dahi siyasətçi Kremlin təqiblərindən yayına bildi və 20 iyul 1990-cı ildə vətənə qayıtdı. Amma əfsuslar olsun ki, ömrünü Vətənin çiçəklənməsi üçün sərf edən dahinin Bakıda qalmasına o dövrün rəhbərləri icazə vermədilər. Bəli, ölkəmizin tarixinə bir biabırçı fakt da daxil oldu. Bakıya gəldikdən 2 gün sonra 22 iyul 1990-cı ildə bu böyük dövlət xadimi Bakını tərk etməli oldu. Onun yeni həyatı doğma şəhəri Naxçıvandan başlandı. O, orada Azərbaycanı bu bəladan xilas etmək üçün mübarizəyə qalxdı. Bu elə bir gün idi ki, Naxçıvanı az qala erməni işğalçıları Sovet ordusunun köməyi ilə işğal etmişdilər. O, dövrdə Naxçıvanın harayına Böyük Azərbaycan hay belə vermirdi.
Həmin vaxt tək Naxçıvan yox, bütün Azərbaycan yer üzündən silinmək təhlükəsi altında qalmışdı. Erməni daşnakları və Sovet ordusu tərəfindən blokadaya alınmış Naxçıvanda Azərbaycanın taleyi həll olunurdu. Bu çətin vəziyyətdən Azərbaycanı Heydər Əliyevin böyük diplomatik professionallığı, ağlı, zəkası, xalqa inamı xilas edə bildi.
Müvəffəqiyyətsiz Qarabağ müharibəsi, mənsəb, vəzifə xatirinə torpaqlarımızın düşmənə verilməsi, Kremlin labirintindən çıxıb Vətənə geri dönmüş ulu öndərimizin hakimiyyətə yaxın buraxılmaması əlbəttə ki, tariximizin qara səhifələrindən biridir. Əgər Heydər Əliyev vaxtında hakimiyyət stuluna gətirilsəydi, xalqımızın başı bu bəlaları çəkərdimi?!
Bu sualın ən layiqli cavabı Heydər Əliyevin fəaliyyətinin Naxçıvan səhifəsində öz əksini tapıb. O, milli dövlətçilik ənənələrimizi dirçəltdi, Muxtar Respublikanın adından «Sovet və Sosialist» adlarını götürdü. Azərbaycanın üç rəngli bayrağını Naxçıvan MR bayrağı kimi qəbul etdi, 19-20 yanvarın siyasi qiymətini verdi. Naxçıvanlılar SSRİ-ni saxlamaq üçün keçirilən referenduma getmədilər, KP-nin yerli orqanlarının fəaliyyəti dayandırıldı, 31 dekabr dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edildi.
Heydər Əliyev Azərbaycandan aralı düşmüş və hərbi-iqtisadi blokadaya alınmış Naxçıvanı xilas edə bildi. Bəs görəsən Heydər Əliyevin Bakıya buraxılmadığı günlərdə paytaxtımızda vəziyyət necə idi? Həmin günlər Azərbaycan ən ağır günlərini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, satqınlıq, özbaşınalıq, müqəddəs torpaqlarımızın satılması, hakimiyyət hərisliyi adi bir hal almışdı. Bir sözlə, ölkədə hakimiyyətsizlik idi. Xalq daima həyəcan içində yaşayırdı. Rəhbərlər xalqın taleyinə yanmaq əvəzinə, xalqını daha çox soymağa başlamışdı. Aeroportlarda dar gündə onları qaçırda biləcək təyyarələr hazır vəziyyətdə dayanmışdı. Səriştəsiz adamlar onun-bunun göstərişləri ilə dövləti idarə edirdilər. Ölkədə həqiqi fəlakət hökm sürürdü. Sabaha inam yox idi. Azərbaycanın yer üzündən silinməsi faktı reallaşmaq üzrə idi. Bakı yaxınlığındakı Nəvai kəndində vətəndaş müharibəsinin birinci gülləsi açıldı, qardaş qanı töküldü. Bax, belə bir anda xalqımızın yeganə ümid yeri, istinadgahı Heydər Əliyev oldu. Onun 1993-cü ildə hakimiyyətə gəlişi Azərbaycanın xilasında qəti dönüş nöqtəsi oldu.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, kəskin geosiyasi ziddiyyətlər zamanı bu böyük dahi Azərbaycanın dövlətçiliyini xilas edə bildi.
Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlətçiliyimizə edilən qəsd zamanı özünü daha parlaq büruzə verdi. Ən ağır anda belə o dövlət postunu tərk etmədi, bu ağır anda öz xalqının yanında oldu. Dövlət başçımızın qətiyyəti xalqın inamını özünə qaytardı. Ölkədə sabitlik yarandı.
Müharibə məsələsində də Heydər Əliyev düzgün yol tutdu. O, real vəziyyəti düzgün qiymətləndirdi və atəşkəsə nail oldu. Bununla da o, balalarımızın gələcəyini qorudu, mənasız ölümlərin qarşısını aldı və xalqın gələcəyini xilas etdi. Türk-İslam birliyini xilas etdi, etnik münaqişələrə son qoyuldu və düşmənlərimizin arzuları növbəti dəfə ürəklərində qaldı.
Bu günlərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu ağlasığmaz dərəcədə yüksəlirdi. Bundan ötrü biz ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Qısa bir zamanda Azərbaycan demokratik, hüquqi və dünyəvi nüfuz qazanıb. Bizim əsas qanunumuz Heydər Əliyev dühasının bəhrəsidir və dünyanın ən demokratik konstitusiyalarından biridir.
H.Əliyevin ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o Azərbaycanı ümumtürk blokundan ayırmağa çalışanları yerində oturda bildi. İndi bütün türk dövlətləri ilə sabit qardaşlıq münasibətlərimiz var. H.Əliyev bu günün türk dünyasının bələdçisi, müasir Atatürkdür!
Daim erməni kartından istifadə edərək Azərbaycanı diz çökdürənlərin bu mənfur siyasətinə qarşı H.Əliyev neft strategiyası siyasətini qoydu. O, sübut etdi ki, Qafqaz məsələsini həll etmək üçün erməni kartından daha vacib məsələlər var. Çox keçmədən hamı başa düşdü ki, H.Əliyevin neft strategiyası siyasəti necə də ağıllı və uzaqgörən bir rəhbərin siyasətiymiş.
Bakı-Tbilis-Cehyan neft kəmərinin çəkilməməsinə xain düşmənlərimiz nə qədər cəhd eləsələr də, H.Əliyev dühasının qarşısında xar oldular. Hal-hazırda Bakı-Ərzurum qaz kəməri sanki bütün türk dünyasının vuran ürəyidir.
H.Əliyev Şərqə-Qərbə böyük bir dəhliz açdı. O, Böyük İpək yolunun dirçəldilməsi ilə Azərbaycanı blokadadan çıxartdı. 7-8 sentyabr 1998-ci ildə 32 dövlətin, 13 beynəlxalq təşkilatın iştirakı ilə Bakıda «Gülüstan» sarayında keçirilən konfrans Azərbaycanın xarici siyasətində mühüm bir hadisə oldu.
Müasir dövrdə Azərbaycan yeganə dövlətdir ki, onun ərazisində heç bir dövlətin hərbi bazası yoxdur. Ölkəmiz Cənubi Qafqazda sabitliyin gözlənilməsində əsas rollardan birini oynayır. Beynəlxalq aləmdə terrorizmlə mübarizə aparır.
Xəzər dənizi ilə də bağlı Heydər Əliyevin xidmətləri böyükdür.
Məhz onun uzaqgörən siyasəti nəticəsində Xəzər dənizi sülh dənizinə çevrilib.
H.Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncləri öz təhsillərini dünyanın bir çox ölkəsində alıblar. Onların təhsilinə şəxsən nəzarət edən ulu öndərimiz heç zaman onları diqqətindən yayındırmamışdı.
H.Əliyevin Vətən qarşısında xidmətlərini sadalamaqla qurtarmaz.
Gəlin birlikdə bir həqiqəti qəbul edək: Ən ağır günlərdə öz xalqını keçirilməz labirintlərdən keçirən dahilər var – Atatürk, Vaşinqton, Bismark, Nehru, de Qoll və b. Heydər Əliyev də müasir tariximizin belə şəxsiyyətlərindəndir. Bunu bütün dünya qəbul edib, biz də qəbul edirik. Bu, bir həqiqətdir!!!
Müstəqillik mübarizəmiz dahi rəhbərimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdı. XXI əsrin başlanğıcında Azərbaycan mənfur düşmənlərimizin qurduğu tələdən əbədilik xilas olub. Hər şey arxada qalıb. Xalqımız xoşbəxt gələcəyə doğru inamlı addımlarla addımlayır. Xalqımız bu xoşbəxt gələcək üçün Heydər Əliyevə – Vətənimizin Atatürkünə dərin minnətdardır.
Yaxın keçmişdə Azərbaycan xalqını «Böyük Azərbaycan» dirçəlişi gözləyir. O günə az qalıb. Bax, elə o gün üçün xalqımız mərhum prezidentimiz, ulu öndərimiz Heydər Əliyevə minnətdardır!
Hüseyn ZAHİDOV,
Respublikanın Əməkdar Müəllimi.