ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ƏZİZ TUTURUQ

1969-1982 və 1993-2003-cü illər Azər­baycanın tari­xin­də özü­nə məxsus yer­lər­dən birini tutub. 1990-1993-cü illər xal­qın yaddaşında ağır faciələr ili kimi qal­mış­dır. İnsanlar bu dövrdə “ölüm ya olum” ara­sında çaba­layır, sonu görünməyən qa­ran­lıq­dan çıxış yolları axtarırdılar. Sa­vadsız rəh­bər­lər Mos­kva­nın diktəsi ilə hərəkət edir, on­lara xoş gəlsin deyə öz xal­qını fəlakətə sürüklə­yir­dilər.

Azərbaycan siyasi xəritədən silinmək təhlükəsi qarşı­sın­da qalmışdı. Bax, belə bir zamanda Vətənimizin yeganə ümid yeri Heydər Əliyev oldu. 21 yanvar 1991-ci ildə (20 yanvarın səhəri günü) Heydər Əliyev həyatını təhlükə qarşısında qoya­raq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqı ilə həmrəy olduğunu bir daha sübut etdi. 20 yan­var faciəsini törədənləri lənətlədi, Vətənə baş sağlığı verdi, Vətənin başına belə faciəli oyun gətirənlərin cəzalandırılmasını tələb etdi. Xalqımızın bu ağır günündə dahi siyasətçi Kremlin təqiblərindən yayına bildi və 20 iyul 1990-cı ildə vətənə qayıt­dı. Amma əfsuslar olsun ki, ömrünü Vətənin çiçəklənməsi üçün sərf edən dahinin Bakıda qalmasına o dövrün rəhbərləri icazə vermədilər. Bəli, ölkəmizin tarixinə bir biabırçı fakt da daxil oldu. Bakıya gəldikdən 2 gün sonra 22 iyul 1990-cı ildə bu bö­yük dövlət xadimi Bakını tərk etməli oldu. Onun yeni həyatı doğ­ma şəhəri Naxçıvandan başlandı. O, orada Azərbaycanı bu bəladan xilas etmək üçün mübarizəyə qalxdı. Bu elə bir gün idi ki, Naxçıvanı az qala erməni işğalçıları Sovet ordusunun kö­məyi ilə işğal etmişdilər. O, dövrdə Naxçıvanın harayına Bö­yük Azərbaycan hay belə vermirdi.

Həmin vaxt tək Naxçıvan yox, bütün Azərbaycan yer üzün­­dən silinmək təhlükəsi al­tın­da qalmışdı. Erməni daşnak­ları və Sovet ordusu tərəfindən blokadaya alınmış Naxçıvanda Azər­baycanın taleyi həll olunur­du. Bu çətin vəziyyətdən Azər­baycanı Heydər Əliyevin böyük diplomatik professionallığı, ağlı, zəkası, xalqa inamı xilas edə bildi.

Müvəffəqiyyətsiz Qarabağ müharibəsi, mənsəb, vəzifə xatirinə torpaqlarımızın düşmənə verilməsi, Kremlin labirin­tindən çıxıb Vətənə geri dönmüş ulu öndərimizin hakimiyyətə yaxın buraxılmaması əlbəttə ki, tariximizin qara səhifələrindən biridir. Əgər Heydər Əliyev vaxtında hakimiyyət stuluna gə­tirilsəydi, xalqımızın başı bu bəlaları çəkərdimi?!

Bu sualın ən layiqli cavabı Heydər Əliyevin fəaliy­yə­tinin Naxçıvan səhifəsində öz əksini tapıb. O, milli dövlətçilik ənənələrimizi dirçəltdi, Muxtar Respublikanın adından «Sovet və Sosialist» adlarını götürdü. Azərbaycanın üç rəngli bayra­ğını Naxçıvan MR bayrağı kimi qəbul etdi, 19-20 yanvarın si­yasi qiymətini verdi. Naxçıvanlılar SSRİ-ni saxlamaq üçün ke­çirilən referenduma getmədilər, KP-nin yerli orqanlarının fəa­liy­yəti dayandırıldı, 31 dekabr dünya Azərbaycanlılarının Həm­­­­rəyliyi günü elan edildi.

Heydər Əliyev Azərbaycandan aralı düşmüş və hərbi-iqtisadi blokadaya alınmış Naxçıvanı xilas edə bildi. Bəs gö­rə­sən Heydər Əliyevin Bakıya buraxılmadığı günlərdə pay­tax­tı­mızda vəziyyət necə idi? Həmin günlər Azərbaycan ən ağır gün­lərini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, satqın­lıq, öz­başınalıq, müqəddəs torpaqlarımızın satılması, hakimiy­yət hə­ris­liyi adi bir hal almışdı. Bir sözlə, ölkədə hakimiy­yət­sizlik idi. Xalq daima həyəcan içində yaşayırdı. Rəhbərlər xal­qın ta­le­yinə yanmaq əvəzinə, xalqını daha çox soymağa başla­mış­dı. Aeroportlarda dar gündə onları qaçırda biləcək təyya­rələr hazır vəziyyətdə dayanmışdı. Səriştəsiz adamlar onun-bu­nun göstə­rişləri ilə dövləti idarə edirdilər. Ölkədə həqiqi fəlakət hökm sürürdü. Sabaha inam yox idi. Azərbaycanın yer üzündən silin­məsi faktı reallaşmaq üzrə idi. Bakı yaxınlığındakı Nəvai kən­dində vətəndaş müharibəsinin birinci gülləsi açıldı, qardaş qanı töküldü. Bax, belə bir anda xalqımızın yeganə ümid yeri, is­tinadgahı Heydər Əliyev oldu. Onun 1993-cü ildə hakimiy­yətə gəlişi Azərbaycanın xilasında qəti dönüş nöqtəsi oldu.

Heydər Əliyevin ən böyük xid­mətlərindən biri ondan iba­rət­dir ki, kəskin geosiyasi zid­diyyətlər zamanı bu böyük dahi Azərbay­canın dövlətçiliyini xi­las edə bil­di.

Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlətçiliyimizə edilən qəsd zamanı özünü daha parlaq büruzə verdi. Ən ağır anda belə o dövlət postunu tərk etmədi, bu ağır anda öz xalqının yanında oldu. Dövlət başçımızın qətiyyəti xalqın inamını özünə qay­tar­dı. Ölkədə sabitlik yarandı.

Müharibə məsələsində də Heydər Əliyev düzgün yol tut­du. O, real vəziyyəti düzgün qiymətləndirdi və atəşkəsə nail oldu. Bununla da o, balalarımızın gələcəyini qorudu, mənasız ölümlərin qarşısını aldı və xalqın gələcəyini xilas etdi. Türk-İs­lam birliyini xilas etdi, etnik münaqişələrə son qoyuldu və düş­mənlərimizin arzuları növbəti dəfə ürəklərində qaldı.

Bu günlərdə Azərbaycanın bey­nəlxalq aləmdə nüfuzu ağlasığmaz dərəcədə yüksəlirdi. Bundan ötrü biz ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Qısa bir zamanda Azər­bay­can de­mok­ratik, hüquqi və dün­yəvi nüfuz qazanıb. Bizim əsas qa­nu­nu­muz Heydər Əliyev dühasının bəhrəsidir və dünyanın ən demok­ratik konstitusiyalarından biridir.

H.Əliyevin ən böyük xid­mət­lərindən biri ondan iba­rət­dir ki, o Azərbaycanı ümumtürk blokundan ayırmağa çalışan­ları yerində oturda bildi. İndi bütün türk dövlətləri ilə sabit qar­daşlıq münasibətlərimiz var. H.Əliyev bu günün türk dünya­sının bələdçisi, müasir Atatürkdür!

Daim erməni kartından istifadə edərək Azərbaycanı diz çökdürənlərin bu mənfur siyasətinə qarşı H.Əliyev neft stra­tegiyası siyasətini qoydu. O, sübut etdi ki, Qafqaz məsələsini həll etmək üçün erməni kartından daha vacib məsələlər var. Çox keçmədən hamı başa düşdü ki, H.Əliyevin neft strate­giyası siyasəti necə də ağıllı və uzaqgörən bir rəhbərin siyasətiymiş.

Bakı-Tbilis-Cehyan neft kəmərinin çəkilməməsinə xain düşmənlərimiz nə qədər cəhd eləsələr də, H.Əliyev dühasının qarşısında xar oldular. Hal-hazırda Bakı-Ərzurum qaz kəməri sanki bütün türk dünyasının vuran ürəyidir.

H.Əliyev Şərqə-Qərbə böyük bir dəhliz açdı. O, Böyük İpək yolunun dirçəldilməsi ilə Azərbaycanı blokadadan çıxart­dı. 7-8 sentyabr 1998-ci ildə 32 dövlətin, 13 beynəlxalq təşki­latın iştirakı ilə Bakıda «Gülüstan» sarayında keçirilən kon­frans Azərbaycanın xarici siyasətində mühüm bir hadisə oldu.

Müasir dövrdə Azərbay­can ye­ganə dövlətdir ki, onun ərazisində heç bir dövlətin hərbi bazası yoxdur. Ölkəmiz Cə­nubi Qafqazda sabitliyin gözlənil­mə­sin­də əsas rollardan birini oyna­yır. Beynəlxalq aləmdə terro­rizm­­lə mübarizə aparır.

Xəzər dənizi ilə də bağlı Hey­­dər Əliyevin xidmətləri bö­yük­dür.

Məhz onun uzaqgörən si­ya­səti nəticəsində Xəzər dənizi sülh dənizinə çevrilib.

H.Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncləri öz təh­sil­lərini dünyanın bir çox ölkəsində alıblar. Onların təhsilinə şəx­sən nəzarət edən ulu öndərimiz heç zaman onları diqqətindən yayındırmamışdı.

H.Əliyevin Vətən qarşısında xidmətlərini sadalamaqla qurtarmaz.

Gəlin birlikdə bir həqiqəti qəbul edək: Ən ağır günlərdə öz xalqını keçirilməz labirintlərdən keçirən dahilər var – Ata­türk, Vaşinqton, Bismark, Nehru, de Qoll və b. Heydər Əliyev də müasir tariximizin belə şəxsiyyətlərindəndir. Bunu bütün dünya qəbul edib, biz də qəbul edirik. Bu, bir həqiqətdir!!!

Müstəqillik mübarizəmiz dahi rəhbərimiz Heydər Əli­ye­vin uzaqgörən siyasəti nəticəsində reallaşdı. XXI əsrin baş­lan­ğıcında Azərbaycan mənfur düşmənlərimizin qurduğu tə­lə­dən əbədilik xilas olub. Hər şey arxada qalıb. Xalqımız xoşbəxt gələcəyə doğru inamlı addımlarla addımlayır. Xalqımız bu xoş­bəxt gələcək üçün Heydər Əli­yevə – Vətənimizin Atatürkünə dərin minnətdardır.

Yaxın keçmişdə Azərbay­can xalqını «Böyük Azərbay­can» dirçəlişi gözləyir. O günə az qalıb. Bax, elə o gün üçün xalqımız mərhum prezidentimiz, ulu öndərimiz Heydər Əli­ye­və minnətdardır!

Hüseyn ZAHİDOV,

Respublikanın Əməkdar Müəllimi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.