Ulu Öndər Heydər Əliyev – Azərbaycanın gəncliyinin və idmanının banisi

Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi po­tensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir.Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.

Heydər Əliyev gənclərə çox böyük əhəmiyyət verirdi və onlara güvəndiyini gənclərlə görüşlərdə həmişə bildirirdi. Təsadüfi deyildi ki, o gənclərlə bağlı çıxışlarında Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu fəxrlə dilə gətirirdi.
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı.1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra
idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə də, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi.
Dövlət idman siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan Ulu öndərin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı”.
Bu gün cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınmışdır. Bunun nəticəsi olaraq idmanın hər bir sahəsində Azərbaycan idmançıları bayrağımızı yüksəklərdə dalğalandırmaqdadırlar.

Həmid Nəsirov,
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 1-ci dərəcə dövlət qulluqçusu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.