«TÜRKÜSTAN»dan TÜRKÜSTANA

«TÜRKÜSTAN»dan TÜRKÜSTANA
Gəncə ədəbi mühitində, Nizami yurdunda, uca çinarlar şəhərində işlək qələmi, poetik məhsulları ilə oxucuların tanıdığı gənc bir imza sahibi var: Eltun Türkel. İki kitabın müəllifliyini daşıyır – «Yanan xatirələr» və «Tənhaların duası».
Sənətçilərdə təxəllüs seçiminin də özəlliyi var. Ad doğulan gündən, təxəllüs sonradan seçilir. Bu ənənə qopuz tutan, söz deyən, böyük bir elə ağsaqqallıq edən Dədəmiz Qorquddan gəlir: nəyə layiq olduğunu göstər, sonra sənə ad verək. Tələb budur ki, gərək ad mahiyyəti ortaya qoymuş olsun. Bu baxımdan şair Eltunun keçdiyi və bundan sonra keçəcəyi yolu özündə ehtiva edən «Türkel» təxəllüsü məni maraqlandırdı. Deməli, seçimi məlumdur. Deməli, bütün çabaları Türk eli üçündür. Mübarək olsun!
Seçmək, hələ məqsədə nail olmaq demək deyil. Sözü əməl təsdiq etməlidir. Bu mənada Eltun Türkelin qələmi təşviş keçirmir. O, silahı – qələmi ilə hansı elin, hansı xalqın söz əsgəri olduğunu yaxşı bilir. Gənc yazarın yaradıcılığı dediklərimizi təsdiqləyir.
Eltun qələminə Vətənə xidmətə yola saldığı bir övlad – əsgər atası kimi baxır. Bu əsgər-qələm baş verən olaylarda həqiqətin, ədalətin yanında dayanır. O da Qarabağ savaşında, işğalçı erməni ordusuna qarşı öz qələmi ilə vuruşur. Bu qələm Şəhidlərlə birlikdə Şəhid, qazilərlə birlikdə qazi olur. Hər iki halda torpaq bütünlüyümüzə xidmət etdiyi üçün yaşarıdır. Şair 44 günlük müharibə nəticəsində düşmən tapdağından azad olmuş Qarabağa müraciət edərək deyir:
Sənə baxan bəd gözlərin,
Qarşısına sədd çəkməyə,
Otuz illik həsrətinin
Üzərindən xətt çəkməyə,
Gəlmişik!
***
Düşmənlərin qurduqları
İstehkamı yarıb, keçib,
Özlərinin əməlindən
Özlərinə kəfən biçib,
Gəlmişik!
Bizim torpaqda ermənidən çox gözü olan erməninin arxasıdır. O arxa gerçəkdə Rus imperiyası, rəmzlərdə Ağ ayı, Şaxta baba kimi görünən şimal qonşumuzdur. Vaxtilə uşaqlarımızı məcbur edirdilər ki, “noğul” paylayan Şaxta babanın həsrətini çəkib desinlər: “Şaxta baba, şaxtacan; Hardasan bu vaxtacan?” İndi uşaq da bilir ki, indiki Şaxta baba nəyi verir, nəyi alır. Ona görə də, bunu dərk edən uşaq istəyini dilə gətirir:
Gəlməmişdən əvvəl oxu,
Məktubumu sətir-sətir.
Bacarırsan Ata adlı
Hədiyyəmi mənə gətir…
Məmur laqeydliyi sadə adamların problemlərinə səbəb olur. Bu laqeydlik, bu umuculuq icra etməli olanla icra gözləyənin arasında sehirli bir qapıya çevrilir. Bu ağrılı hal şairin nəzərindən qaçmır:
Üzünə açılmır, sehirlənibdir,
Bu ağır qapılar fağır adamın.
Ya gərək sehirli açarın ola,
Ya da açmaq üçün ağır adamın.
«Uğurlu yol» üslubu geniş danışmağa «icazə» vermir. Eltun Türkelin yaradıcılığına daha yaxından bələd olmaq üçün mən onun bir neçə şeiri ilə “Türküstan” qəzetinə müraciət etdim. Əminəm ki, sözüm tutulacaqdır. Sonda söz aləmində ilk qədəmlərini atan Eltun Türkelə vacib saydığım deyəcəklərim var.
Əzizim Eltun, “Türküstan” bir qəzet, mübariz bir söz meydanıdır. Redaksiyanın qayğısı, mənim xeyir-duamla sən bu meydana ayaq açırsan. “Türküstan”a vurğun olanın sözü, ürəyi Türküstanla döyünməlidir. Səni qarşıda daha böyük bir meydan – Turan-Türküstan meydanı gözləyir. Üç qitədə imperatorluqlar qurmuş; dünyaya, xalqlara ədalət bəxş etmiş Türküstana varmaqda, mücadilə etməkdə sənə uğurlar diləyirəm.
Qərib MEHDİ,
Gəncə şəhəri,
13.04.2021-ci il
MƏRMƏR
Nurla yoğrulmuşdu sanki xəmirin,
Gözəllik İlahi payın olmuşdu.
Gündüzlər min rəngə çalan parıltın,
Zülmət gecələrdə ayın olmuşdu.
Həsədlə baxırdı sənə qayalar,
Nə qəmli, qüssəli, nə də dərdliydin.
Yerində ağırdın, dəyərin vardı,
Daş idin, amma ki, daşdan fərqliydin.
Heyif, çox çəkmədi bu xoş günlərin,
Qiymətli daş kimi satdılar səni.
Vüqarlı dağlardan qoparıb, kəsib,
Hərrac bazarına atdılar səni.
Sonda cilalandı qıraq-bucağın,
Canından can alıb saray tikdilər.
Yetmədi qiymətli mərmər olmağın,
Üzünə bir insan şəkli çəkdilər
Bir vaxt parıltına qamaşan gözlər,
İndi sənə baxıb tökür göz yaşı.
Adın da dəyişib elin dilində,
Sən mərmər deyilsən mərmər baş daşı.
16.10.2018
MƏN OYAĞAM
Bu gecə də yorulub,
Arzularım tövşüyür.
Havalar da soyuyub,
Yuxularım üşüyür.
Mən oyağam.
Qaranlıq süngü olub,
Qəlbimi süngüləyir.
Buludu yorğan edib,
Ay özü mürgüləyir.
Mən oyağam.
Sükut yenə hakimdir,
Hökm sürür otaqda.
Rəsminlə öpüşürəm,
Təkadamlıq yataqda.
Mən oyağam.
Nə gecələr tükənir,
Nə zülmət sona çatır.
Həsrətinin əlləri,
Yuxuma da daş atır.
Mən oyağam.
      06.09.2019
TƏNHALARIN DUASI
Bilirsənmi çətin nədir, əzizim?
Varlığının yoxluğuna alışmaq,
Bilirsənmi çətin nədir, əzizim?
Yoxluğuna alışmağa çalışmaq.
Bilirsənmi çətin nədir əzizim?
Bir ümidin kölgəsini izləmək.
Gecə-gündüz öz-özünü aldadıb,
Gedənlərin dönməsini gözləmək.
Bilirsənmi çətin nədir, əzizim,
Baharında qış nəfəsi duyasan.
Həyatını zindan bilib içində,
Günlərini bircə-bircə sayasan.
Öz ürəyin sual verə özünə,
Söz tapmayıb qarşısında susasan.
İp keçirib cavabların boynuna,
Siqaretin tüstüsündən asasan.
Bilirsənmi çətin nədir əzizim?
Bulud kimi gözün dola, yağmaya.
Ağrıların böyüdükcə böyüyüb,
Dünya sığan ürəyinə sığmaya.
Bilirsənmi çətin nədir əzizim?
Yalnızlığın, soyadını daşıya.
Arzulara məzar olan otaqda,
Xatirələr sənlə birgə yaşıya.
Ən çətini tənhalıqdır, əzizim,
Pəncərəndən küsər günəş şüası.
Yollasan da ünvanına çatmamış,
Geri dönər tənhaların duası.
   24.10.2019
BOŞ MƏKTUB
Mənə hər gün məktub yolla,
Yazılmamış sətrin gəlsin.
Ağ vərəqi açan zaman,
Bircə misra ətrin gəlsin.
Özüm yazım sətir-sətir,
Ürəyimdən keçənləri.
Dillə deyə bilmədiyim,
Misralara köçənləri.
Mənə hər gün məktub yolla,
Uzaqlığın bilinməsin.
Elə bax ki, boş vərəqə,
Baxışların silinməsin.
Məktubunu açdığımda
Baxışınla qarşılaşım.
Yaxınında yaxın olub,
Uzağından uzaqlaşım.
Mənə hər gün məktub yolla,
Ümidlərim qocalmasın.
Qoy həsrətin ürəyimdə,
Pillə-pillə ucalmasın.
Qələm ilə yazma, gülüm,
Yaralama məktubumu.
Ağ vərəqi oxuyaram,
Qaralama məktubumu.
 ELƏ BİLİRSƏN, XOŞBƏXTƏM
Elə bilirsən xoşbəxtəm bu şəhərdə?
Səninlə doğmalaşan,
İşıqlaşan şəhər.
İndi necə qaranlıqlaşıb,
Yadlaşıb mənə,
Bir bilsən..
Əl-ələ tutub keçdiyimiz küçələrin ağırlığı üstümə çöküb.
Belimi büküb.
Hər axşam evə gələndə üzümə açılan qapını,
İndi özüm açıram.
Səsini duymağa tələsdiyim evin,
Səssizliyindən qaçıram.
Kölgəsinə sığındığımız ağac,
Həsrətimin kölgəsinə sığınıb indi.
Sənsiz fəsilləri dəyişmədi bu şəhərin.
Üşütdü məni havası.
Hələ qapının başındakı qaranquş yuvası.
Bilirsənmi, səndən sonra o yuva boş qaldı,
Mənim bu dünyanı boş gördüyüm kimi.
Səsimizə alışan qaranquşlar səssizliyimizdə azdılar.
Elə bilirsən xoşbəxtəm?
Nəfəsimizin qovuşduğu bir şəhərin ayrı-ayrı sakinləriyik.
Hər gün bir yerdə alış-veriş etdiyimiz dükanın bir alıcısı da artdı biz ayrıldıqdan sonra.
Küçə qapısının kənarında göyərən otlar da quruyub.
Hər gün arxamca atılan sudan məhrum qaldılar.
Mən sevgidən məhrum qaldığım kimi.
Elə bilirsən xoşbəxtəm?
Nə xoşbəxtliyim qalıb,
Nə də, mən olduğum kimi.
 AĞIR QAPILAR
Dünən yüngül olan taxta qapılar,
Bu gün dəmir olub, ağırlaşıbdı.
Açmağa açar yox, sındırmağa güc,
Vallah, taqətim də fağırlaşıbdı.
Üzünə açılmır, sehirlənibdi,
Bu ağır qapılar fağır adamın.
Ya gərək sehirli açarın ola,
Ya da açmaq üçün- ağır adamın.
O qədər öyrənib ayaq səsinə,
Sabahdan axşama gözü yol çəkir.
Döydüyün o cansız ağır qapılar,
İnsan taleyinə hər gün qol çəkir.
İki yol açılar qapı açılsa,
Seçim etməliyəm gərək qəlbimdə.
Ya gərək ikiqat əyilib girəm,
Ya da kişi kimi, əlim cibimdə.
Axır ki, qapılar öyrətdi mənə,
Taleyin hökmündən qaçılmaz olur.
Adını böyüdüb, bəzək vuranda,
Yüngül qapılar da açılmaz olur.
      29.01.2020
BOŞ MƏKTUB
Mənə hər gün məktub yolla,
Yazılmamış sətrin gəlsin.
Ağ vərəqi açan zaman,
Bircə misra ətrin gəlsin.
Özüm yazım sətir-sətir,
Ürəyimdən keçənləri.
Dillə deyə bilmədiyim,
Misralara köçənləri.
Mənə hər gün məktub yolla,
Uzaqlığın bilinməsin.
Elə bax ki, boş vərəqə,
Baxışların silinməsin.
Məktubunu açdığımda.
Baxışınla qarşılaşım.
Yaxınında yaxın olub,
Uzağından uzaqlaşım.
Mənə hər gün məktub yolla,
Ümidlərim qocalmasın.
Qoy həsrətin ürəyimdə,
Pillə-pillə ucalmasın.
Qələm ilə yazma, gülüm,
Yaralama məktubumu.
Ağ vərəqi oxuyaram,
Qaralama məktubumu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.