Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlər arasında azərbaycanlı müəllimlər də var. Amma onların sayı, hansı universitetlərdə çalışdığı dəqiq bəlli deyil. AzEdu.az zəlzələ bölgəsində çalışan azərbaycanlı müəllimlərlə bağlı bəzi dəqiqləşdirmələr aparmaq üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Mövzu ilə bağlı portalın əməkdaşına cavab verən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və təxliyəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında Operativ qərargahlar çalışmaqdadır.
O, indiyədək 464 Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunduğunu söyləyib.
Ayxan Hacızadə təxliyə olunan vətəndaşlarımız arasında müəllimlərin də olduğunu qeyd edib:
“İndiyə qədər 200 nəfərdən çox azərbaycanlı tələbə və müəllim Türkiyədən ölkəmizə təxliyə olunub. Hazırda bütün vətəndaşlarımızın siyahıyaalınma prosesi aparılır”-deyə, o fikrini tamamlayıb.