Teatrşünas-tənqidçi Anar Burcəliyev Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramova, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuversitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran xanım Mahmudovaya açıq məktub ünvanlamışdır.
Məktubun mətnini olduğu kimi diqqətinizə çatdırırıq:
Hörmətli Ceyhun müəllim!
Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Belə ki, həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənərək təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilməkləmühüm layihələr həyata keçirilib.Bütün bu sadalananlarla yanaşı həmçinin Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilib.
Bildiyiniz kimi Respublikamızda mədəniyyət sahəsində yeganə ixtisaslı kadrların hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üzərinə düşür. Kifayət qədər ixtisaslı kadrların hazırlanmasında bu Universitetin xidmətləri misilsizdir. Hər il kifayət qədər aktyor, rejissor, teatrşünas, kinoşünas və digər ixtisaslar üzrə kadrların hazırlanması və sərbəst qaydada mədəniyyət ocaqlarında işlə təmin edilməsi həyata keçirilir. Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, bu təminatdan paytaxt teatrları və mədəniyyət ocaqları bəhrələnir. Xüsusi ilə Qərb regionunda ixtisaslı kadrların daimi olaraq Gəncə, Ağdam, Mingəçevir və Qazax Dövlət Dram Teatrlarına göndərilməsi mümükünsüzdür. Yox ki, bu regionlardan həmin Universitetdə təhsil alan yoxdur. Qeyd etdiyim şəhər və rayonlardan da hər il kifyət qədər qəbul olunan istedadlı şəxslər var. Sadəcə olaraq məsələnin kökündə başqa məqamlar dayanır. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunan hər bir kəs üçüncü həll edici kursdan sonra paytaxta fəaliyyət göstərən teatr və mədəniyyət ocaqları ilə sıx təmasda olmaqla referat işləri, kurs tamaşaları və diplom tamaşa müdafiələrini ancaq paytaxt teatrlarında etməklə həmin kollektivlərə alışırlar və sonda elə həmin mədəniyyət müəssisələrində də işlə təmin olunurlar. Bununla da Gəncə, Ağdam, Mingəçevir və Qazax teatrlarının kadr potensialı məsələsinin həlli müşgülə çevrilir. Əvvəllər bu ixtisasalar üzrə təyinat mümkün idi və problem öz həllini aftomatik olaraq tapırdı. İndi bu ixtisaslar üzrə təyinat olmadığı üçün çox ciddi problemlərlə üzləşməli oluruq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamı ilə region teatrlarında “İkinci nəfəs” adlı Teatr studiyaları fəaliyyət göstərir. Bu studiyalar teatr sahəsinə marağı olan istedadlı gənclərin cəlb edilməsi ilə məşğuldur. Ancaq çox zaman bu praktika da özünü doğrultmur. Çünki bu teatr studiyalarında hazırlanan gənclər ali təhsil almaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə üz tutduqda sonda nəticə etibarı ilə yenə də paytaxtda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarında çalışırlar.
Hörmətli cənab Nazir!
Sözsüz ki, Azərbaycan Respublikasında həyata keçirilən təhsil siyasəti onun həm milli, həm də ümumbəşəri dəyərlər əsasında inkişafını özündə şərtləndirir. Bunun üçün təhsilə, ilk növbədə, dövlətin qayğısı zəruri hesab olunur. Ölkəmizdə təhsilin inkişafına qayğı prioritet vəzifələr sırasında olduğundan bu istiqamətdə keçirilən tədbirlər daimi xarakter alıb. Bu da yeni nailiyyətlər qazanılmasında başlıca amildir.
Göstərilənləri nəzərə alıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filyalının yaradılması ilə bu regiondan olan istedadlı gənclərin elə bu regionlarda fəaliyyət göstərən teatr və mədəniyyət ocaqlarına cəlb olunması məsələsinin həyata keçirilməsini təmin etmək mümükdür. Qərb regionunda belə bir filyalın yaradılması ikinci böyük şəhərimiz sayılan Ulu Şeyx Nizami yurdu olan Gəncənin elmi potensialından daha səmərəli istifadə etməklə teatrlarımızı bu problemdən azad etmiş olarıq. Ümid edirəm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filyalının yaradılması məsələsinə öz müsbət münasibətinizi bildirəcəksiniz. Bütün köməkliklər üçün Sizə öncədən dərin təşəkkürümü bildiririəm.
Hörmətlə, Anar Məhəmməd oğlu Burcəliyev
Teatrşünas-tənqidçi
Gəncə şəhəri, 23 dekabr 2019-cu il.