Adətən, Respublika daxili Teatr Festivallarının keçirilməsinin heç bir əhəmiyyətinin olmadığını söyləyənlər əslində böyük yanlışlığa yol verirlər. Bu kimi Teatr Festivallarının keçirilməsinin böyük əhəmiyyəti var. Məqsədteatr kollektivlərinin bir araya gəlməsi ilə yeni-yeni yaradıcılıq təmaslarının qurulmasını təmin edə bilinməsidir. Məhz 02-10 dekabr 2019-cu il tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2+1 – III Eksperimental Teatr Festivalının keçirilməsi və təşkili də bu istəyin nəticəsi idi. Festivala Gəncə Dövlət Kukla Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, “ŞahMat” Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İnsənət Universitetinin Teatr studiyası, Laçın Teatr Studiyası, “M teatr”ı qatılmışlar. Festivalın proqramına uyğun olaraq iştirak edən teatrların təqdim etdikləri tamaşalar bir saatdan çox olmamaq şərti ilə göstərilməli idi. Təəssüflə qeyd etmək istəyirəm ki, bir sıra teatrlar reqlament qaydalarına əməl etmək məqsədilə festivala təqdim olunan əsərləri redaktə etməklə ümumi pyesin ana xəttinə və rejissor traktofkasına böyük ziyan vurmaqla, ideya bədii cəhətdən təqdimatın pozulmasına yol veriblər.Əslində bu kimi festivallarda mono tamaşalardan istifadə olunması nəzərdə tutulur. Əksər teatrlarımızın repertuarında isə mono tamaşaların olmaması bu kimi problemlərin yaranmasına səbəb olur. Nəticədə festivala təqdim olunan pyeslər bəsit və anlaşılmaz bir təsir bağışlayır.
Ancaq təqdim olunan bir tamaşa xüsusi olaraq diqqətimi cəlb etdi.Respublikanın əməkdar artisti İntiqam Soltanın direktoru və bədii rəhbəri olduğuBakı Uşaq Teatrının təqdimatında rus dramaturqu S. Yakovlevin eyni adlı vodovili əsasında Əbdürrəhim Bəy Haqverdiyevin təbdil etdiyi “Kimdir müqəssir?” pyesinin quruluşu maraq doğurmaya bilməzdi. İlk öncə deyim ki, tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı pyesin ana xəttində və ideya bədii cəhətinin təqdimi formasında uğurlu bir səhnə traktofkasına imza ata bilib. Belə ki, rejissor səhnə mizanlarının böyük ustalıq və dəqiqliklə təqdiminə çalışaraq, vodovilin və təbdilin ümumi kompazisiyasının qorunub saxlanılmasını bacarmışdır. Təqdim olunan hər bir quruluşda isə pyesin bədii ekspozisiyasının düzgün həllinin tapılması əsas şərtlərdəndir. Məhz rejissor Elşən Zeynallı bu məqsədə nail olmaqla öz traktofkasında maraqlı səhnə əsərinin yaranmasına nail ola bilib.Səhnədə cərəyan edən hadisələr fonunda əsərin bədii müqəddiməsi ümumi süjet haqqında yığcam məlumat verən hissələrə bölünür. Quruluşçu rejissor Elşən Zeynallı öz traktofkasında süjet qurmaq üçün bədii müqəddimədən və ya ekspozisiyadan istifadə edir. Bunulada bədii müqəddimə hadisələr üçün ilkin zəmin hazırlamaqla baş verəcəklərin necə cərəyan edəcəyindən xəbər verir. Məhz bundan sonra əsərin düyün nöqtəsi başlanır. Surətlərin xarakteristikası haqqında ilk qısa məlumatı da məhz bu hissələrdə rejissor tərəfindən edilən bölgülərdən daha aydın şəkildə görə bilirik. Rejissor xarakterləri açmaq, konkret hadisələri cəmləşdirmək üçün belə bir vasitədən istifadə edir. Bu isə tamaşanın ümumi axarına, baxılmasına və dinamik gedişatına böyük zəmin yaradır.
Klassik Azərbaycan ədəbiyyatının tanınan simalarından sayılan Ə. B. Haqverdiyev yaradıcılığının tədqiqatçılarından biri olan Kamran Məmmədov 1971-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşr olunan “Ə. B. Haqverdiyevin dram əsərləri” I-cild kitabının 545-ci səhifəsində yazır: “Rus dramaturqu S. Yakovlevin eyni adlı vodovilindən təbdil olunan “Kimdir müqəssir?” məzhəkəsi ilk dəfə 1909-cu ildə Bakıda “Kaspi” Şirkəti Mətbəsində çap olunub. Pyes ikinci dəfə 1956-cı ildə nəşr edilib” və ya kitabın 209-cu səhifəsində oxuyuruq: “Vodovil iki məclisdə. Məzmun əxz olunub”.
Kamran Məmmədovun bu təqdimatından bir daha belə bir nəticəyə gəlmək mümkündür ki, əslində Ə. B. Haqverdiyev “Kimdir müqəssir?” pyesini özü qələmə almayıb, ideya və bədii quruluşu Azərbaycan səhnəsi üçün tədbil edib.
Qeyd etməliyəm ki, təbdil olunan pyesin ideyası kiçik bir ailənin timsalında böyük bəşəri problemlərin mövcudluğu, var-dövlətin əldə olunması üçün dəridən-qabıqdan çıxmaqla hərislik, insanın təkamül yolu, xüsusi ilə qadın və kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələrdən ibarətdir.Məhz Ə. B. Haqverdiyev vodovili tədbil edərkən bu kimi halları xüsusi olaraq qabartmaqla cərəyan edən hadisələr fonunda vəziyyətlər halını diqqət mərkəzində saxlamağı bacarırdı. Buna görə də pyesin ana xətti düzgün təyin edilməklə vəziyyətlər halına daha çox yaxın hesab edilə bilər.
Təbdildə hadisələr fonunda iki obraz əsas olaraq göstərilir. Mahmud və Bahar surətləri.Tamaşa boyu bir ailə daxili ziddiyyətlər bu obrazların xarakterində cəmlənir. Mahmud obrazını ifa edən aktyor Niyaz İlyasoğlu baş verən hadisələri tam dolğunluğu ilə tamaşaçıya təqdim olunması üçün çalışır. O, rejissor traktofkasına uyğun olaraq mizanların düzgün seçilməsi, hadisələrə uyğun şəkildə oynanılmasına rəğmən səhnədə diqqətlə izlənilir. Kasıb bir ailənin birdən-birə varlanmaq üçün yaranan şəraitdən münasib bir şəkildə yararlanmaması hadisələrin daha da kəskinləşməsi, cərəyan edən vəziyyətlərin daha dolğun səhnədə təqdim olunmasına zəmin yaradır.
Bahar hadisələr fonunda əsas surət olaraq vəziyyəti daha da kəsginləşdirir. Onların qarşısına qoyulan üç saatın gözlənilməsi tələbini yerinə yetirməyən Bahar müxtəlif bəhanələr axtarır və həyat yoldaşı olan Mahmudu öz nəfsinə təslim edir. Baharın zatən öldüyünü görən Mahmud açılmaması lazım olan bir qabın ağzını açır. Bununla da onların hər hansı bir varidata sahib olmaları mümkünsüz olur. Tamaşada Bahar obrazını istedadlı aktrisa Məlahət Əhməd ifa edir. Hər iki aktyorun səhnədə ifası mahiyyət etibarı ilə müəllif tərəfindən təbdilin sujet xəttində daha dəqiq desək obrazların mənəvi-psixoloji dəyərlərini, insani keyfiyyətlərini göstərməklə yanaşı əsl simalarını büruzə verərək, baş verən hadisənin günahkarı olaraq bir-birini suçlamaqda və bununla da hər kəs yaxasını kənara çəkməyə cəhd göstərir. Qeyd etmək lazımdır ki, müəllifƏ. B. Haqverdiyev vodovilin Azərbaycan səhnəsi üçün təbdilində bir ailə daxilində baş verən əhvalatların miqyasını bilərəkdən genişləndirərək yaşadığımız cəmiyyətin neqativ görüntülərini bəzi reallıqlar ilə üzvü şəkildə əlaqəli formada təsvir edir.
Tamaşa boyu hadisələr fonunda aktyor Əliqulu Səmədovun oynadığı Qasım bəy surəti də maraqla baxılır. Belə ki, aktyorun hər dəfə səhnəyə gəlişi sanki ilahi, fövqəlbəşər bir qüvvənin gəlişi olaraq hadisələri daha da dinamik və dolğun bir formada təqdim olunması ilə göstərilir. Bu da təbdil boyu hadisələrin daha çox vəziyyətlər halında insan simasının və nəfsinin təzahürü olaraq diqqəti cəlb edir. Əslində bununla da təbdildə təsvir olunan hadisənin şəraitini, vəziyyətini, məkanını, vaxtını göstərən hissə tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı tərəfindən ekspozisiya edilir. Bu da aktyor ifasının daha dolğun bir şəkildə təqdim olunmasını mizanlarda təsdiqləyir.Bununla da rejissor pyesin ideyasına, ana xəttinə uyğun olaraq maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə nail ola bilir. Onun quruluşunda səhnədə olan hər bir detal belə maraqla izlənilir və baxılır. Əslində hadisələr səhnədə bir məkanda cərəyan edir. Ancaq rejissor Elşən Zeynallı bir məkan görünüşünü öz traktofkası ilə ikiyə bölməsi tamaşanın daha da baxımlı olması üçün ümdə şərait yarada bilir.Tamaşanın daha baxımlı olması üçün cərəyan edən hadisələrin, vəziyyətlərin reallığı və dolğunluğu üçün yüksək ritm yaratmaqla səhnədəki mizanlar rejissor traktofkası ilə yanaşı daha dəqiq göstərilə bilir. Pyesdə cərəyan edən hadisələrin inkişafı olduqca surətli və eyni zamanda təbiidir. Rejissorun səhnə quruluşu əlvan mizanlarla əvvəldən sonadək dramatik gərginliklə inkişaf edir.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.Tamaşanın maraqla izlənilməsində quruluşçu rəssamın da işi xüsusi olaraq qeyd edilməlidir.Rəssam Sevda Məmmədovanın maraqlı tərtibatı rejissor işi ilə həmahəng səslənməklə maraqla izlənilir. Kənd həyatının canlılığı və absurt təxəyyül mənbəyi olan detalların daha çox istifadə edilməsi həm də tamaşaya xüsusi bir zövq verməklə diqqəti cəlb edir.Qeyd etmək lazımdır ki, pyesdə yaranan ziddiyyət və ya münaqişənin (konfliktin) başlanğıcından ta sonunadək davamlı olaraq musiqi tərtibatı da təbdil olunan səhnə əsərinin ideya bədii xüsusiyyətlərinin açılmasına yaxından yardımçı ola bilir. Musiqi tərtibatçısı Rauf Hüseynlinin, rəqslərin quruluşçusu isə Könül Şahbazovanın uğurlu işi həm rejissor həm də rəssamın birgə əməyinin bəhrəsi olaraq maraqla baxılır.
Doğrusu Bakı Uşaq Teatrının repertuar zənginliyi maraqla qarşılanmalıdır. Çünki bu repertuarın formalaşmasında təkcə uşaq tamaşalarının nəzərdə tutulması gələcəkdə yeni Uşaq və Gənclər teatr tamaşaçı auditoriyasının formalaşması istiqamətində xüsusi əhəmiyyətə malikdir.
Əslində teatr bir növ ictimai səsdir, baxışdır, qınaqdır, xalqın fikri və dilidir. Xalq həyatda gördüklərini fərdi olaraq düşünər, amma vahid dili olmadığına görə danışa bilməz. Məhz teatr və bu kimi digər sənət növləri xalqın dilidir. Məhz teatr bu cür neqativ halları və gördüklərini səsləndirər. Sətirlərin arasında incə bir halda, komediya janrında səsləndirər və xəfifcə gülər.
Anar Burcəliyev
Teatrşünas