Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş rəsm sərgisi açılıb.
Sərgidə azərbaycanlı rəssam Mira Məmmədovanın və Fransada yaşayan gürcü rəssam Levan Mosiaşvilinin 50-yə yaxın əsəri nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Yaponiyanın səfiri Tadaharu Uehara, mədəniyyət və incəsənət xadimləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Muzeydə təşkil olunan tədbirlərin münasibətlərimizin inkişafına töhfə verdiyini xüsusi qeyd edib.
Suxumi Dövlət Universitetinin prorektoru İndira Draqania çıxışında azərbaycanlı və gürcü rəssamların əsərlərindən ibarət sərginin açılışını yüksək qiymətləndirib. Bu cür tədbirlərin davamlı olmasını arzulayıb.
Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Çerçvadze bildirib ki, mədəniyyətin ölkələr arasında yaratdığı körpü daha möhkəm və əbədi olur. O, tədbirin təşkilini yüksək qiymətləndirib və rəssamlara uğurlar arzulayıb.
Rəssam Mira Məmmədova bildirib ki, rəssamlıqla uşaqlıqdan məşğuldur. Amma ilk dəfədir ki, əsərləri sərgidə nümayiş olunur.
Sərgidə gənc rəssamın yağlı boya və akvarel boya ilə çəkdiyi 15 əsəri nümayiş etdirilir.
Levan Mosiaşvili tədbirin təşkilatçılarına dərin minnətdarlıq edib. Bildirib ki, sərgidə onun 30-dan çox əsəri nümayiş etdirilir.
O bu cür sərginin Fransada da açılmasına çalışacağını bildirib.
Sərgidə səfirlərə hədiyyələr təqdim olunub.