Tarixin qaranlıq məqamları- Vilhelm Kubeni kimlər və nə üçün qətlə yetirmişdi?

Böyük Vətən Müharibəsindən ötən bu illər ərzində əfsanəyə dönmüş bu əməliyyat haqda müxtəlif versiyalar söylənilmişdir. Bununla belə, əməliyyatın həyata keçirilməsinin yalnız bir rəsmi  versiyası mövcuddur. Bütün rəsmi sənədlərdə və sənədli filmlərdə yalnız 3 nəfərin adı çəkilir. Kubenin qətlə yetirilməsində iştirak edən bu əsas 3 şəxs Sovet dövlətinin ən ali mükafatlarından birinə – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. Sevindirici haldır ki,  tarixə düşmüş bu əməliyyatın icra edilməsində bizim Azərbaycan xalqının igid oğlu, kəşfiyyatçı Qəhrəman Əsgərovun da böyük rolu olmuşdur. Baxmayaraq ki, bu əməliyyat onun rəhbərliyi və birbaşa iştirakı ilə həyata keçirilib, tarixdə onun adı çəkilmir.Heç yüksək ada da layiq görülmədi.  Səbəbi aydındır… Qagqazlı olduğu üçün! Lakin illər ötdü və arxiv sənədləri bu qafqazlı balasının igidliyinə şəhadət verdi!

Böyük Vətən müharibəsi illərində Belarusiyanın qaulyayteri –canişini olmuş Vilhelm fon Kubeni  aradan götürmək üçün həyata keçirilən hərbi əməliyyat, Belarus partizanlarının və faşist qoşunlarına qarşı gizli iş aparan sovet kəşfiyyatçılarının ən məşhur və bənzərsiz bir işi oldu. Bu barədə yüzlərlə kitab və məqalə yazılıb, sənədli və bədii filmlər çəkilib, lakin aylar ərzində diqqətlə planlaşdırılan və həyata keçirilməsi üçün böyük qüvvə və səy göstərilən bu  uğurlu əməliyyatın təfərrüatları  günümüzə qədər açıqlanmır.

Belarus əhalisi üçün faşist rejimi Belarusun baş komisarı qaulyayter Vilhelm fon Kubenin timsalında təcəssüm edilirdi. Onun hakimiyyəti dövründə yalnız Minskdə və onun ətraflarında, təqribən 400 min Sovet vətəndaşı qaulyayterin şəxsi tapşırığı ilə məhv edilmişdi. Kütləvi edam günlərində o, Minskdəki Yubiley Meydanında dayanan bir neçə min yəhudinin  olduğu dəstəni  şəxsən  “müşayiət edərdi”.

Bir dəfə Kube faşist məmurlarının iştirak etdiyi yığıncaqda demişdi: “Mənim adımın yalnız bir kəlməsini eşitmək  hər rus və belarusu qorxutması üçün lazımdır ki, eşitdikləri zaman onların beyinləri donsun”

1942-ci ildə  Moskvada  qaulyayter fon Kubenin  öldürülməsi qərarı alındı. Bu əməliyyata böyük əhəmiyyət verilirdi.  Bu, tək qisas  aktı deyildi, həmçinin Belarus torpaqlarında faşist cəlladlarının  cəzasız qalmayacaqlarını nasistlərə göstərmək üçün lazım idi.

Vilhelm Kubenin aradan qaldırılması tapşırığını Minsk bölgəsində fəaliyyət göstərən bütün partizan dəstələri,  gizli gəaliyyət göstərən 10-dan çox kəşfiyyat qrupları, eyni zamanda  F.F.Ozmitelin başçılıq etdiyi  SSRi Dövlət Təhlükəsizliyi Nazirliyinin xüsusi təyinatlı əlahiddə motorlaşdırılmış atıcı briqadasının (qısaca OMSBON)   “Qrom” partizan dəstəsi də almışdı (Dəstənin komandiri  “Artur” ləqəbli  İ. F. Zolotar idi). Bu briqada alman-faşist ordularının arxasında kəşfiyyat işi aparır, düşmənə arxadan zərbə endirir, düşmənlər tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdə partizan hərəkatının genişləndirilməsinə yardım edir və bu kimi vacib işləri həyata keçirirdi.

Tapşırığı yerinə yetirən bu qrupun  üzvlərindən əməliyyata Mariya Borisovna Osipova, Nadejda Viktorovna Troyan və OMSBON-ın tərkibində olan yeganə azərbaycanlı – Qəhrəman Əsgərov da cəlb edilmişdi. (Sonralar əməliyyatı uğurla həyata keçirən qrupun bu üzvlərindən ikisinə  və Yelena Mazannikə Sovet İttifaqı Qəhrəmanı adı veriləcək, Qəhrəman Əsgərov isə yalnız ordenlə mükafatlandırılacaqdır).

Vilhelm Kube, onun ovuna çıxıldığıını başa düşmüşdü və o, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə əhatə olunmuşdu. Bu səbəbdən tez-tez onu gəzdirən maşınlar, mühafizəçilər və səyahət yolları dəyişdirirdi.

Kube ailəsi  gözəl üçmərtəbəli bir malikanəni  zəbt etmişdi. “Artur”un dəstəsinin  üzvləri qısa müddət ərzində kəşfiyyat apardılar və Qəhrəman Əsgərov Kubenin evində qulluqçu işləyən Yelena Mazannikin  bu işə cəlb olunmasının vacibliyini “Artur”a başa saldı. M. Osipova Və N.Troyan tezliklə Yelena Mazannik ilə əlaqəyə girib onun razılığını aldılar. Bütün əməliyyat boyu bu qızları Qəhrəman Əsgərov müşayiət etmiş və onların təhlükəsizliyi qayğısına qalmışdı. Heyf ki, əməliyyata həsr olunan bütün sənədli və bədii filmlərdə, yazılan çoxsaylı məqalələrdə, sənədlərdə qəhrəman eloğlumuzun adı çəkilmir.  Bu qızlarla kəşviyyat qrupu arasında olan əlaqələndirici  məhz Qəhrəman Əsgərov olmuşdur, əsərlərdə və filmlərdə bu obraz digər bir kəşfiyyatçıya “bəxşiş” edilir.(Bu haqda biz “F.F.Ozmitelin əfsanəvi dəstəsinin qəhrəman azərbaycanlı üzvü kimdir?” başlıqlı yazıda ətraflı məlumat verəcəyik).

Mazanik ona həvalə olunan işi hazırlaşmağa başlayanda böyük bir narahatlıq meydana gəldi: Almanlar “Artur”un dəstəsini mühasirəyə adılar. Nadejda Troyana artıq Mazanik ilə əlaqə qura bilmək çətinləşmişdi. Kubeni məhv etmək üçün bütün planların çökdüyü şübhəsi yaranmışdı. Bununla belə Qızıl Ordu Baş Qərargahının kəşfiyyat şöbəsinin kəşfiyyat və təxribat dəstəsi Yelena Mazannik ilə əlaqə qura bildi. İndi Mazanik ilə əlaqə Maria Osipova tərəfindən həyata keçirilirdi.

Kubeni öldürməyin üsulları çox fərqli şəkildə müzakirə edildi, sonda Moskvadan təyyarə ilə göndərilən bir İngilis tipli saat-mina ilə bu işin həyata keçirilməsi qərarına gəlindi. Alman patrulları onu yolda dəfələrlə yoxlasa da Mariya Osipova onu səbətdə bütün postlardan keçirtməyi bacardı. Osipova minanı Yelena Mazanikə  verdi. Kubeni aradan qaldırmaq üçün əməliyyat 21 sentyabr 1943-cü ildə başladı. Qaulyayter o vaxt Minskdə deyildi. Üç gün idi ki, bütün qərargah üzvləri onun gəlişini gözləyirdi. Gəlişi ərəfəsində, səhər saat iki radələrində Mazanik minanın saatını işə saldı. Mazannikə partlayıcı qurğunu qaulyayterin yatağındakı döşəyin altında yerləşdirmək üçün cəmi iki dəqiqə vaxt kifayət elədi.

Saat bir gün sonra işə düşməli idi. Səhər çantasının altına mina qoyaraq, onu qaulyayterin yatağının altına qoymağı necə bacardığını, Mazanik illər sonra xatirələrində ətraflı təsvir edəcəkdir. Risk ölümcül idi Yelena, dişinin ağrıdığını bəhanə gətirərək, Kubanın evini tərk edə bildi. Evdən çıxıb görüş üçün təyin olunmuş vaxtda binanın yaxınlığında onu gözləyən bir yük maşına tərəf tələsdi. Sükan arxasında oturmuş sürücü qadınları Minskdən on altı kilometr aralıda düşürtdü. Sonra onlar piyada getdilər və gecə yarısında partizanların onları gözlədiyi Yanuşkoviçi kəndinə çatdılar.

Kube səhərə yaxın evə qayıtdı. İyirmi dəqiqə sonra partlayış baş verdi. Minanın partlayışından sonra Qaulyayterdən yalnız tikələr qalmışdı. Gestaponun bütün qüvvələri Mazanikin axtarışına atıldı, başına böyük pullar vəd edildi; yerli qəzetlərdə onun əlamətləri verildi. Amma, bu vaxt M.Osipova, N.Troyan və E.Mazanik artıq təyyarə ilə  Moskvaya aparılmışdı. 29 oktyabr 1943-cü ildə onların üçü də Sovet İttifaqı Qəhrəmanı adıına layiq görüldü.

Belə böyük bir aktın həyata keçirilməsi – Hitlerin Belarusdakı canişini  Kubenin cismən məhv edilməsi bütün dünyada böyük siyasi rezonansa səbəb oldu. Bu yüksək intiqam aktı, Hitler Almaniyasının işğal altında olan sovet torpaqlarında zəifliyi və acizliyini, Hitler döyüş maşınının gücsüz olduğunu sübuta yetirdi, faşistlərin arxasında mütəşəkkil xalq müqavimətinin olması faktını təsdiqlədi.

Davamı var…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.