Əslində bu mövzuda hər hansı bir fikir bildirmək niyyətində deyildim. İlk öncə ona görə yox ki, hər hansı bir formada fikir söyləməkdən çəkinirdim, sadəcə olaraq bərbad bir hala bəlkə də bilərəkdən gətirilən bir teatrın taleyini düşünərkən onu növbəti suallar qarşısında acız və cılız görmək istəmirdim. Bir də ki, Mədəniyyət Nazirliyi tərəfindən teatra yeni baş rejissor təyinatının verilməsi məndə böyüklər ümidlər yarada bildiyindən bu addıma bir məqamda “dur” demişdim. Ancaq sonradan şəxsimdə eşitdiklərim məni yenidən bu mövzuya qayıtmağa məcbur etdi. İlk öncə qeyd etməliyəm ki, mən teatrşünas-tənqidçi olaraq yaradıcılıq fəaliyyətimdə tam sərbəstəm. Mövzu etibarı ilə isə heç zaman sifarişli yazılarla dövrü mətbuatda çıxışlar etmirəm. Ümumiyyətlə bu kimi aspektlərdən baxış bucaqlarım tam fərqlidir və deyərdim ki, tamamilə yoxdur. İndi gələk məsələnin əsas məqzinə.
İlk öncə qeyd etməliyəm ki, Dövlət Dram Teatrı statuslu bir yaradıcılıq ocağında repertuar siyasətinin tənzimlənməsi, aktyorlar arasında düzgün rol bölgüsünün aparılması həmçinin region üzrə tamaşaçı duyumunun ciddi şəkildə nəzərə alınması teatr direktorunun hər zaman diqqət mərkəzində olmaqla onu əsaslı şəkildə narahat edən amillərdən hesab edilməlidir. Təəssüflər olsun ki, bu gün region teatrlarının əksəriyyətində xüsusilə də Mingəçevir Dövlət Dram Teatrının səhnəsində bu xüsusda nəzərə çarpacaq dərəcədə bir narahatlıq hiss olunmamaqdadır. Səbəb isə onunla bağlıdır ki, bu teatrda Bədii şura deyiləcək bir anlayış tam formal xarakterli olmaqla ancaq bir şəxsin direktorun fikirləri ilə formalaşmaqdadır. Belə olmasaydı yəqin ki, teatr direktoru kimi fəaliyyət göstərən şəxs bu gün Bədii şuranın formal fəaliyyətini təmin etməklə ancaq öz şəxsi maraq və prinsipləri üzərində yaradıcılıq planlarını qurmazdı. Necə demişdi: “Pyesi oxuyun, əgər mənim xoşuma gələcəksə səhnəyə qoyulacaq”. Buradan belə bir məntiqi nəticəyə gəlmək mümkündür ki, pyes ancaq bir nəfərin xoşuna gəldisə demək ki, kifayətdir və oynamaq olar. Gülünc deyilmi? Bəs görəsən pyesin teatrın yaradıcılıq amilləri ilə uzlaşması, obrazların teatrın aktyor truppasının imkanları daxilində olub-olmaması və ən nəhayət tamaşaçının bu səhnə əsərini necə qarşılaması əsas şərt deyilmi? Yəqin ki, belə olmasaydı əvvəllərdə bu teatrın tarixində olduğu kimi hətta Dövlət sifarişi ilə belə hazırlanan tamaşalar bir və ya iki dəfə nümayiş olunduqdan sonra arxivə köçürülməklə onun sərfiyyat xərclərinin digər mövsümü tamaşalar yəni Yeni il şənlikləri və ya Novruz bayramları üçün planlaşdırılan müvəqqəti əlavə tamaşalar hesabına ödənilməzdi. Düşünürəm ki, teatr rəhbəri olan və özünü lider kimi görən hər bir şəxs bu kimi xüsusi amilləri çox ciddi şəkildə göz önünə almağı bacarmalıdır. Əfsuslar olsun ki, Mingəçevir Dövlət Dram Teatrında belə deyil.
Maraqlı bir faktı da qeyd etməliyəm ki, hətta 53 illik yaradıcılıq yolu keçən Mingəçevir Dövlət Dram Teatrının səhnəsi son bir ildə eksprement teatrına çevrilib. Aktyor və rejissor ali təhsili belə olmayan bir şəxs bu teatrın səhnəsində dırnaqarası rejissorluq sevdasına düşüb və tamaşalar hazırlamaqla məşğuldur. Tam aydınlığı ilə indi bu məsləyə də münasibətimi bir daha bildirmək istəyirəm. İlk öncə qeyd etməliyəm ki, Dövlət statuslu Dram teatr heç də eksprement teatrı demək deyil. Burada hər kəs öz maraqları çərçivəsində istədiyi andaca tamaşa hazırlaya bilməz. Bunu teatr rəhbəri dərindən anlamalıdır. Demək, söhbət teatrın səhnəsində əsasən monopyeslərin “quruluşçu rejissoru” kimi səhnə performansı göstərmək istəyən “aktyor” İlqar Rəhimovdan gedir. O İlqar Rəhimov ki, orta məktəbi bitirib, heç bir ixtisas təhsili yoxdur, Mingəçevir Dövlət Dram Teatrının “İkinci nəfəs” Teatr studiyasının yetirməsi olaraq səhnəyə gəlib və bu günə kimi isə bu teatrın səhnəsində elə də orjinal, bitkin obrazlar belə yarada bilməyib. Hərçənd ki, teatr direktoru onu özünə daha yaxın həmfikir və qardaşyana hesab etdiyindən onuncu dərəcəli aktyor ştatına qədər yüksəldə bilib. Bu gün bir daha bu fikri təsdiq etmək istərdim ki, aktyor olaraq özünün istedad və bacarığını təsdiqləyə bilməyən bir şəxsin səhnədə quruluşçu rejissor olaraq özünü göstərmək istəməsi isə sadacə olaraq absurd, təəssüf və gülüşdən başqa bir şey demək deyildir. Hətta belə olmasaydı tamaşaya yazılacaq tənqidi ressenziyadan xəbər tutan kimi mobil telefon vasitəsilə zəng edib teatrşünas-tənqidçi olaraq məni təhqiramiz ifadələrlə təhqir etməyi özünə rəva bilməzdi və bu gün bu məsələ artıq Mingəçevir şəhər məhkəməsində çözülməkdədir. Məntiqi nəticəyə gəlmək mümkündür ki, demək bu şəxsin həm də peşə etikası belə kifayət qədər formalşmadığından bu kimi addımları düşünmədən atmaqdadır. Düşünsəydi yəqin ki, etməzdi.
01-05 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə reallaşan, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə keçirilmiş “4.4 Qısa Tamaşalar Festivalı”nda Mingəçevir Dövlət Dram Teatrı Ülviyyə Heydərovanın müəllifi olduğu və 15 dəqiqəlik videoformatda təqdim olunan “Bazar günü” adlı monotamaşası ilə təmsil olunurdu. Tamaşanın dırnaqarası quruluşçu rejissoru isə İlqar Rəhimov idi. İlk öncə deyim ki, monotamaşanın mövzusu 44 günlük Vətən müharibəsini özündə əks etdirən bəsit sujet xətti ilə uğursuz bir layihə olaraq özünü təsdiqləmiş oldu. Anlaya bilmirəm ki, müəllif eləcə də rejissor 44 günlük Vətən müharibəsinin acılarını göstərmək məqəsdi ilə səhnəyə çıxan iki əlil hər birinin ayrı-ayrılıqda sağ və sol ayaqlarının ambultasiya olunmasını göstərmək və bir cüt eyni çəkmələri alaraq bölüşmələri ilə nə demək istəyirdi. Axı dramaturji material baxımında bu səpkidə bir obraz səhnədə varsa bu faciə olaraq qəbul edilə bilər. Ancaq eyni səpgili ikici obraz səhnəyə gəlirsə artıq bu komediyaya çevrilir. Buradan da aydın olur ki, müəllif və rejissor hələ mövzu baxımından dramaturji janrın xüsusiyyətlərini belə aydınlaşdıra bilməyiblər. Bu azmış kimi festivalda monotamaşasının fiaskoya uğraması ilə nəticələnən təqdimatından sonra yenidən teatrın rəhbərliyi eyni simalara müraciət edərək onlar üçün böyük səhnəni Mingəçevir Dövlət Dram Teatrını həvalə etmiş oldu. Rejissor olamyan İlqar Rəhimov yenidən rejissor statusu alaraq Ülviyyə Heydərovanın müəllifi olduğu və 35 dəqiqə davam edən “Uşaqlıq” monotamaşasını hazırlamağa müvəffəq oldu. Bu səhnə quruluşu da eyni taleyi yaşayaraq nə heyif ki, çox uğursuz bir təqdimata çevrildi.
Bütün bu sadalananlar azmış kimi Mingəçevir Dövlət Dram Teatrının rəhbərliyi ölkə teatrları arasında analoqu olamayan bir ilkə imza atmaq qərarına gələrək yeni bir layihəyə start verdi. Dövlət statuslu teatrın daxilində Kukla Teatrının yaradılması sevdası tamamilə anlaşılmazlıqla gülünc doğurmaya bilməzdi. İlk öncə Mingəçevir Dövlət Dram Teatrının rəhbəri bilməli idi ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən 29 dekabr 2006-cı il tarixli 222-IIIQ saylı təsdiq edilmiş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 5-ci hissəsində qeyd edilir ki, hər hansı bir teatrların yaradılması, yenidən təşkili, ləğvi və profilinin dəyişdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Belə olduğu təqdirdə Dövlət Dram Teatrı statuslu bir sənət ocağında yeni bir Kukla Teatrının yaradılması yol verilməzdir. Təbii ki, bu gün qəbul ediləndir ki, region teatrlarımızın tamaşaçı auditoriyasının əsas hissəsini orta məktəb kontinkenti təşkil etməklə onlar üçün daha çox tamaşalar nümayiş olunur. Bunun üçün Dövlət Dram Teatrının hər bir məktəbli katiqoriyasına uyğun olaraq repertuar siyasəti həyata keçirilməklə pyesləri seçilməli və hazırlanmalıdır. Nəyin ki, yenə də Dövlət statuslu teatrda eksprement etməklə Kukla Teatrını yaratmaq. Əslində bu kimi bəsit və guya yeniliklər axtarışındayam deyərək pərdəarxası leqal qazanc mənbəyinin təşkil edilməsi yolverilməzdir. Bu azmış kimi həm də Mingəçevir Dövlət Dram Teatrında bir sıra filmlərin də nümayişi, günlərlə göstərilməsi və bu məqsədlə biletlərin satışı da adi hala çevrilib. Belə olmasaydı 5-6 fevral 2022-ci il tarixlərində “Zəhər tuluğu” filminin nümayiş də belə asanlıqla reallaşmazdı.
Mingəçevir Dövlət Dram Teatrının rəhbərliyinin diqqətinə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən 29 dekabr 2006-cı il tarixli 222-IIIQ saylı təsdiq edilmiş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, teatr fəaliyyətinin məqsədi teatr sənətinin inkişafı və əhalinin səhnə sənəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir. Təəssüf, təəssüf ki, Mingəçevir Dövlət Dram Teatrında bütün bu sadalanan amillər isə bir mənalı şəkildə pozulmaqda davam edir.
Görəsən Mingəçevir Dövlət Dram Teatrında spesifik yaradıcılıq ənənələri nədən məhv edilir? Dövlət statuslu Dram Teatrı kimi fəaliyyət göstərən sənət ocağı bu gün öz yaradıcılıq profilini nədən dəyişir? Kimi dırnaqarası Kukla Teatrı yaradır, kimi film nümayişi ilə baş qatır. Maraqlıdır ki, sənət məbədlərimizdə olan qeyri-peşəkar idarəetmə və leqal qazanc mənbələrinə son deməyin vaxtı nə zaman çatacaq? Yəqin ki, qeyri-peşəkar, teatr anlayışı olmayan şəxslərin rəhbər olaraq təqdimatlarına son dedikdə.
Bütün sadalanan neqativ hallarla yanaşı qeyd etməliyəm ki, 27 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri, cənab Anar Kərimovun müvafiq əmri ilə Bakı şəhərindən rejissor Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru vəzifəsinə təyin olunub və kollektivə təqdim edilib. İnanıram ki, bu təyinat Mingəçevir Dövlət Dram Teatrının yaradıcılıq imkanlarının formalaşmasında eləcə də repertuar siyasətinin təyinatında dönüş nöqtəsi olacaq.
Anar Burcəliyev
Teatrşünas-tənqidçi