Təhsil və mənəvi inkişaf – müasir cəmiyyətə inteqrasiya

Təhsil – davamlı yaradıcı axtarış prosesidir. Bu gün təhsil yalnız yaşlı nəsillərdən təcrübənin gənclərə ötürülməsi kimi deyil, həm də müəllimlərin və tələbələrin birgə (təhsil və təhsildən kənar) fəaliyyətində əməkdaşlığı kimi də başa düşülür.Bu gün  Respublikamızda fəaliyyət göstərən bir çox kolleclər gənclərin təhsilində, təlim-tərbiyəsində  böyük  rola malik təhsil ocaqlarına çevrilmişdir. Daim inkişafda olan ölkəmizdə bu kolleclər cəmiyyətimiz üçün savadlı, bacarıqlı, sosial aktiv gənclərin formalaşdırılması və  müasir cəmiyyətə inteqrasiyası yolunda ən vacib addımlar atmaqdadır. Gəncə Dövlət Regional Kolleci də belə  təhsil ocaqlarından biridir.

Bəs mütəxəssis hazırlığında günün tələbləri hansı səviyyədə qorunur? Müəyyən  ixtisaslara yiyələnəcək tələbələrin müasir cəmiyyətə inteqrasiyası , gələcək mütəxəssislərin yüksək keyfiyyətlərə malik vətəndaş kimi formalaşması işi hansı formada həyata keçirilir?

Müsahibimiz Gəncə Dövlət Regional Kollecin direktoru Fəxrəddin Zeynalovdur.

R.Z- Fəxrəddin müəllim, kolleclərdə ixtisas üzrə təhsildə əsas məqsəd və prioritet istiqamətlər nədən ibarətdir? Doğrudanmı , yalnız müəyyən kitablar və mühazirələr əsasında mütəxəssis olmaq mümkündür? Yoxsa, mütəxəssis hazırlığı  işi kənardan asan görsənən, lakin əslində çoxşahəli  bir təlim-tərbiyə sisteminə söykənən daha dərin bir işdir?

F.Z.- Bu gün milli təhsilimiz qarşıya yüksək intellektuala malik, savadlı  və çox ciddi təhsil almış mütəxəssislərin yetişdirilməsi tələblərini qoymuşdur. Bu isə yeni tədris texnologiyalarının tətbiq edildiyi bir dövrdə baza təsili olmadan mümkün deyildir. Ali və orta-ixtisas təhsil müəssisələrinin qarşıya qoyduğu məqsədlər  də yüksək bilik və bacarıqlara malik peşəkar mütəxəssislərin hazırlanmasından ibarətdir. Əgər mütəxəssis fundamental biliklərə lazımi səviyyədə yiyələnməyibsə, bu, gələcəkdə onlara öz sahəsində inkişaf etmək və müvəffəqiyyətlə çalışmaq yolunda bir maneə olacaqdır. Kolleclərdə təhsil alanların böyük əksəriyyəti də qarşısında məqsədləri olan gənclərdir və onlar da başa düşür ki, bilik və bacarıqlar insana elə-belə, zəhmətsiz verilmir. Bundan ötrü çalışmaq, həm də çox çalışmaq lazımdır.Və onların əksəriyyəti də kollecə tək diplom almaq həvəsi ilə gəlib-getmir. Onlar fundamental biliklərə yiyələnmədən gələcəkdə yaxşı mütəxəssis ola bilməyəcəklərini yaxşı başa düşürlər. Müəllimləri isə bu işdə onlara yaxından köməkçidirlər. Bu səbəbdən, kolleclərdə təhsil ümumilikdə xüsusi peşə təcrübəsi üçün lazım olan bütün keyfiyyətlərin –  bilik, bacarıq və qabiliyyətin formalaşdırılması və inkişafı prosesinə çevrilməlidir.

Bununla belə peşə təhsili yalnız təlim üçün nəzərdə tutulmayıb, kollecdə təhsilin strateji  məqsədlərinə çevrilən bir sıra hədəflər də vardlr ki, bu da təhsil ocağından yüksək səviyyədə təşkil olunmuş, məqsədyönlü, keyfiyyətli və davamlı təhsil prosesinin yaradılmasını  və həyata keçirilməsini nəzərdə tutur. İxtisası üzrə təhsildə uğurlu sayılacaq  bütün işlər yalnız  təhsil alanların müasir tələblərə cavab verən təlim-tərbiyəsi və  hərtərəfli inkişafı prosesində öz müsbət həllini tapır.

R.Z.- Tələbələrin ixtisas üzrə təhsili və sosial-ictimai fəallığı necə uzlaşdırılır? Və bu, onlarda mənəvi keyfiyyətlərin formalaşmasında hansı rola malikdir?

 F.Z.-Tələbələrin seçdiyi ixtisas üzrə təhsili məsələsi kollecdə təhsil və tədris fəaliyyətinin konsepsiyasının özəyini  təşkil edir. Lakin iş tək bununla bitmir.Tədris konsepsiyasının strateji məqsədlərindən biri də  gənclərdə ümummilli, mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasından ibarətdir. Gənclərin Azərbaycan mədəniyyətinin daşıyıcıları olduğunu nəzərə alaraq, bu işlərin gənclər arasında  maarifləndirmə və təlim-tərbiyə  işinin özəyinin əsasını təşkil etdiyini unutmamalıyıq. Bu səbəbdən gənclərin istək və maraqlarının  ictimai fəaliyyətin müxtəlif sahələrinə – ictimai fəaliyyətə, ictimai və siyasi həyatda iştiraka, mədəni və əyləncəli fəaliyyətlərə cəlb etməklə, onlarda yüksək mənəvi prinsiplərin və mənəvi keyfiyyətlərin inkişafına və formalaşdırılmasına can atırıq.

R.Z.-  İxtisaslı mütəxəssisə xas olan xüsusiyyətlər dedikdə adətən insanlar yalnız peşəkar fəaliyyətdə tələb olunan bir sıra nəzərəçarpan cəhət və keyfiyyətləri nəzərdə tuturlar. Əslində ixtisaslı mütəxəssis ən çox hansı müsbət keyfiyyətləri özündə daşımalıdır? Və müasir təhsil sistemi gənclərdə bu keyfiyyətlər  və bacarıqlar sisteminin formalaşdırılması yolunda hansı addımlar atır?

F.Z. – İnsanlar istənilən sənətdə bu sahədə tələb olunan müəyyən cəhət və keyfiyyətlərin daşıyıcıları olmalıdır. Yaxşı mütəxəssis pis mütəxəssisdən həmişə nə ilə seçilib? – Yüksək səviyyədə biliyi, birgə peşəkar fəaliyyət və əməkdaşlıq yollarına dərindən yiyələnmək qabiliyyəti, seçdiyi peşədə özünü inkişaf etdirməya daim can atma, şəxsiyyətini ifadə etmək bacarığı, özünü idarəetmə, peşəkar özünü qiymətləndirmə qabiliyyəti, müvəffəqiyyətə çatmaq amalında gecə-gündüz çalışma, işində hamıya nümunə sayılacaq peşəkar qabiliyyət və bacarıqlar ilə özünü təsdiqləməyə olan fərdi ehtiyac ilə. Bax, bu istək, bacarıq və keyfiyyətlər sistemi daim insanı çalışdığı kollektivdə önə gətirən, nəzərə çarpdıran və qiymətləndirən amillər olub və olacaqdır. Bu səbəbdən təhsil sistemində gənclər daim sivil dünyaya açıq şəkildə yönəldilməli və pedaqoqlar kollecdə atılan əməli addımlarla onlara həyatda və peşəkar fəaliyyətdə məhz nəyin yaxşı və nəyin pis olduğunu ayırmağa kömək etməlidir. Bütün bunlar, adətən, tədris prosesində, təhsil və elm sahəsində, ictimai fəaliyyətdə, təcrübə mübadiləsi zamanı və tələbə birliklərinin həyata keçirdikləri müxtəlif növ və məzmunda olan məqsədyönlü işlərlə həyata keçirilir.

Gəncə Dövlət Regional Kollec yetişdirdiyi mütəxəssislərin fərdi inkişafı üçün yüksək səviyyəli, bacarıqlı, peşəkar, sosial cəhətcə  yetkin, arzu, istək və bacarıqlarını həyatda reallaşdıra bilən, cəmiyyətə uyğun müasir əmək bazarında rəqabət bacarığına malik vətəndaş, vətənpərvər şəxslərin inkişafı üçün bütün lazımi şəraitə malikdir və bu istəklərin həyata keçirilməsi yolunda bütün mövcud imkanlardan istifadə edir.

R.Z.-  Gənclərin sosial aktivliyi onların ixtisaslı mütəxəssis hazırlığında hansı əhəmiyyətə malikdir?

F.Z.- Kollecin tədris işinin əsas istiqaməti  tək bir təhsil məkanının formalaşması şəraitində savadlı mütəxəssislərin yetişdirilməsi deyildir. Siyasi, vətəndaş şüurunu formalaşdırmadan insana kamil mütəxəssis olmaq çox çətindir. Fəal, insan hüquq və azadlıqlarına hörmət edən, vətənə, dövlətə sadiqliyi, vətənpərvər, milli-mənəvi və mənəvi-əxlaqi dəyərlərə məhəbbəti ilə seçilən gənclərin formalaşdırılması da təhsildə inkişafın ən mühüm istiqamətləridir. Bu işlərin icrası ilə gənclərin vətəndaş, hüquqi, vətənpərvər tərbiyəsi və  ixtisas üzrə təhsil  bu istiqamətdə inteqrasiya olunmuş olur. Bu sahədə kollecdə tədris ili boyunca müxtəlif məzmunlu və xarakterli  tədbirlər həyata keçirilir. Bu, gənclərin həyatında böyük önəm daşıyır.

Savadlı, bacarıqlı kollec məzunlarının formalaşması  prosesində rəqabətə dözümlü, qabiliyyətli şəxsiyyətin formalaşdırılması işi  təhsildə əhəmiyyətli rola malikdir. Bu yolla onlar təhsil aldıqları dövrdə fəal tələbə həyatını yaşamalı olurlar. Bunun mahiyyəti isə – tələbələrin gələcəkdə peşəkar fəaliyyətə və müvafiq sosial funksiyaların icrasına tam hazırlığına, ən əsası isə-ixtisas səviyyəsinə uyğun təhsilə cəlb edilməsidir.

R.Z.-  Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı işlər hansı səviyyədə həyata keçirilməkdədir? Bu, təhsildə hansı  istiqamətdə inkişafa yol açır?

F.Z.- Dərsdənkənar vaxtlarda tələbələrin asudə vaxtının daha səmərəli keçirilməsinə yönəlmiş səylər xüsusi əhəmiyyət kəsb edir. Bu da özlüyündə onların təlim-tərbiyəsinə yönəldilmiş bir fəaliyyət növüdür.

Kollec tələbələr arasında  baş verə biləcək neqativ halların, pis vərdişlərin və uyğunsuz davranışların qarşısının alınması , sağlam həyat tərzinin təbliği  üçün bir sıra tədbirlərin hazırlanması və həyata keçirilməsi yolunda çox vacib addımlar atmışdır.

Tələbələrdə yüksək mənəviyyatın və yüksək mədəniyyətin inkişaf etdirilməsi işi də fərdi inkişaf prosesində ən mühüm önəm daşıyan vəzifələrdən biridir. Bu yolla, mədəniyyətə və mənəviyyata söykənmiş təhsil  əxlaqi, estetik, ekoloji və fiziki tərbiyəni və bununla yanaşı bir çox tərbiyəvi işləri də əhatə etmiş olur. Bu, kollecin ümumi fəaliyyətində tələbələrin aktiv iştirakı, onların yaradıcı qabiliyyətlərinin aşkar olunması, müxtəlif sahələrdə fərdi inkişafı, gələcək mütəxəssis üçün zəruri təşkilati və idarəetmə bacarıqlarının əldə edilməsi üçün də optimal şərait yaradır.

Kollecdənkənar təhsil işlərinin inkişafı üçün də müxtəlif  istiqamətlərdə işlər görülür. Ekoloji mədəniyyətin təbliği məqsədilə kollec tələbələri arasında geniş təbliğat işləri aparılır. Sağlam həyat tərzinin və fiziki tərbiyənin inkişaf etdirilməsi ilə bağlı atılan addımlar idman sahəsində tələbələrin ehtiyaclarını təmin etməyə, fiziki və mənəvi sağlamlığa qovuşmağa, məhsuldar həyatın qorunması bacarıqlarının mənimsənilməsinə kömək edir. Kollecin təhsil ənənələrini bu sahədə inkişaf etdirmək və zənginləşdirmək yolunda istəkləri, əlbəttə ki, idman tədbirləri olmadan təsəvvür edilə bilməz.

Bu yolla kollecimiz hər istiqamətdə tələbələrin təhsillə və mənəvi inkişafı ilə bağlı məqsədəmüvafiq  işləri fəal şəkildə aparır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.