TƏDRİSDƏ RUS DİLİNİN ROLU BARƏDƏ

Müasir dünyada xarici dilləri bil­mək çox vacibdir. Çünki, dil insanlar ara­sında bir təmas formasıdır. Rus dili də bu dillərin arasında ən mühüm yerlərdən bi­ri­ni tutur. Son illər bu dilin öyrənilməsinə maraq və tələbat getdikcə artır və gələ­cək­də müasir dünyanın inteqrasiya və qlo­ballaşması ilə bu tələbat daha da ço­xa­lacaqdır. Bu səbəbdən xarici dilləri öyrənən şagirdlərdə bun­dan təcrübədə istifadə etmək və bunun yaratdığı imkanlardan yararlanmaq perspektivləri də çoxdur. Ən əsası isə, dilin öyrənilməsi şagirdlərə hələ uşaq yaşlarında ünsiyyətin dillə bağlı yarana bilən bütün çətinliklərin öhdəsindən gəlmək imkanı verir. Hal-hazırda ölkəmizdə rus dilinə maraq günü-gündən artmaqdadır. Bu dilin tədrisi, onun təhsil və tədrisdə rolu cəmiyyəti maraqlandıran bir məsələ kimi qalmaqdadır. Bu səbəbdən şagirdlərin təlim-tərbiyəsində, on­ların vətəndaş və vətənpərvər tərbiyəsində xarici dilləri, o cümlədən rus dilini tədris edən, eyni zamanda rus bölmələri üzrə ibtidai sinif müəllimlərinin üzərinə böyük yük və mə­suliyyət düşür.

Müsahibimiz Gəncə şəhəri, Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Zahid qızı İsayevadır.

Leyla müəllimə 1993-cü ildə Gəncə şəhər 30 saylı orta məktəbi bitirmiş, 1994-1998-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika və ibtidai təhsil metodikası” fakültəsində təhsil almışdır. 1998-ci ildən Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Leyla müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tər­bi­yəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Azər­bay­can Respublikasının Təhsil Naziri Ceyhun Bayramovun əmri ilə Fəxri Fərmanla təltif olunmuşdur.

R.Z. – Leyla müəllimə, orta məktəblərdə tədrisdə və ümumiyyətlə həyatımızda xarici dil nədir? Sizcə, rus böl­mələrində təhsilin məqsəd və vəzifələri nədən ibarətdir?

L.İ. – Müasir şəraitdə mədəniyyətlərarası qarşılıqlı təsirdə doğma dil ilə yanaşı paralel olaraq, respublikamızda xarici dillərin də bir fənn kimi tədrisi ön plana çəkilir və bu tədris modeli kimi geniş vüsət alıb. Eyni zamanda, rus sek­toru kimi tədris növü də mövcuddur ki, bu, bizim tədris sis­te­mində geniş tətbiq olunur.

Tədrisdə dil, hər şeydən əvvəl, xüsusi biliklər aləminə da­xil olmaq üçün bir vasitədir. Bu, həmçinin təlim-tərbiyə prosesinin bütün sahələrində irəliləyiş üçün bir zəmindir. Müasir zamanda bu mövzu ilə bağlı bir çox problematik mə­sə­lələr dərindən işlənilib hazır­lanmışdır. Rus dilinin öyrənil­məsinin strateji məqsədləri də şagirdlərin ümumi dil bilmə hazırlığının əldə edilməsidir.

Xarici dilləri bilmək həyatımızda böyük önəm kəsb edir. Rus dili isə qonşu dövlət olan Rusiya ilə beynəlxalq iki­tərəfli münasibətləri həyata keçirmək üçün çox vacibdir. Bu dil Azərbaycanın daxili milli maraqlarının möhkəm­lən­di­ril­mə­sinə də şərait yaradır. Azərbaycan və Rusiya arasında si­yasi, iqtisadi, idarəetmə orqanlarını, eləcə də sıravi vətən­daş­lar səviyyəsində əlaqələri əhatə edən əməkdaşlıq mövcud­dur. Bu ölkələr arasında getdikcə daha çox ikitərəfli müqa­vilələr imzalanır. Siyasi arenada çoxlu sayda görüşlər keçi­rilir. Rusiya ilə iqtisadi əməkdaşlıq Azərbaycan iqtisadiyyatı üçün böyük imkanlar açır. Azərbaycanda intensiv iqtisadi inkişaf, üstəlik turizmin günü-gündən artan səviyyəsi bu dilin vətənimizdə əhəmiyyətini daha da artırmaqdadır. İstər Rusiya vətəndaşları üçün Azərbaycan, eləcə də Azərbaycan üçün Rusiya günü-gündən böyük maraq kəsb edən ölkələr­dir. Bu isə dillərin öyrənilməsi üçün böyük zəmindir. Bun­dan əlavə, bu, iki xalq arasında mədəni əlaqələrin saxla­nıl­ması və genişləndirilməsi üçün də bir vasitədir. Sosial tə­minat, səhiyyə sahəsindəki əməkdaşlıq hər iki dövlət üçün çox əhəmiyyətlidir.

Rusiya haqqında yüksək səviyyəli biliklər Azərbay­ca­nın milli maraqlarına da cavab verir. Bu dillərdə informasiya kanallarının (internet, qəzet, radio, televiziya) genişləndiril­mə­si öz aktuallığı ilə yenə də gündəmdədir. Bu əlaqələrin ya­radılması üçün insanlara dil bilmək çox vacibdir. Cəmiy­yə­tin bütün sahələrində – siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, səhiyyə və vətəndaşların şəxsi əlaqələrində bu dil hər gün istifadə olunur.

Xarici dilin dərindən öyrənilməsi xalqlararası mədə­niy­yət dairəsinin genişləndirilməsinə, həmçinin tədrisdə mo­tivasiyanın yüksəldilməsinə şərait yara­dır. Dil-mədəniyyət təzahürüdür, o, nəinki tədrisdə dərk et­mə, həmçinin inki­şaf­et­dirici və tərbiyəedici funksi­yaları da daşıyır. Xarici dillər­dən, eyni zamanda rus dilindən istifadə insanlara peşəkar fəa­liyyətdə və şəxsi biliyinin artırılmasında böyük rola ma­likdir.

Müasir sivilizasiyalı insan xalqlararası mədəni, siyasi əla­qələrə böyük üstünlük verir. Dilin və mədəniyyətin xüsu­si­­liyini bu dillərin və mədəniyyətin öyrənilməsi ilə daha yax­şı və dərindən başa düşmək olar. Rus bölməsində tədris də or­ta məktəblərdə şagird təfəkkürünün və dünyagörüşünün in­kişafına xidmət edir. Eyni zamanda, öyrənilən dili təmsil edən ölkə, xalq və onun mədəniyyəti haqqında da şagirdlərə dərin bilik verməyə imkan yaradır.

Bu gün ümumdövlət dili statusuna malik Azərbaycan dili ilə yanaşı, xarici dillər dünya məkanında və qonşu mədə­niyyətlərin nümayəndələri ilə ünsiyyətdə qarşılıqlı əlaqə vasitəsi kimi çıxış edir. Bununla əlaqədar olaraq, orta mək­təb­lərdə xarici dillərin tədrisi işi köklü surətdə dəyişmiş, ye­ni aspektdə daha da gücləndirilmişdir. Rus dilinə münasibət də eyni xarakter daşıyır. Hal-hazırda Azərbaycan Respubli­kası Təhsil Nazirliyi orta təhsil ocaqlarında rus dilinin təd­risinin daha da dərinləşdirilməsi, dərs yükünün artırılması ilə bağlı qərarlar verməkdədir. Rus bölməsində təhsilə olan ma­rağı da nəzərdən qaçırmaq olmaz. Bu iş hələ də bir çox re­gion­larda, eləcə də Gəncə şəhərinin bir çox orta təhsil ocaq­larında öz aktuallığını qoruyub saxlamışdır. Gəncə respub­li­ka­mızın ikinci böyük şəhəri, beynəlmiləl şəhərdir. Rus dilin­də təhsilə də böyük ehtiyac, bəzi hallarda isə böyük maraq duyulur. Bu səbəbdən, rus bölmələrində təhsil üçün bizim mək­təbdə həmişə bir maraq olmuş və bu marağın təmin edilməsi üçün məktəbdə hərtərəfli şərait yaradılmışdır.

R.Z. – Rus sektorunda vətənə məhəbbət hissləri və vətənpərvərlik ruhu nə dərəcədə aşılanır? İbtidai sinif­lərdə bu iş hansı formalarda həyata keçirilir?

L.İ. – Doğma Dövlətinə, xalqına, torpağına, onun tə­biətinə olan məhəbbət Vətənə məhəbbətin təzahürlərindən bi­ridir. Şagirdlərin vətənə məhəbbət ruhunda tərbiyə edil­mə­si orta ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərin­dən də çox asılıdır. Çünki məhz onlar şagirdlərin ilk müəl­lim­ləri olurlar. Vətənimizə sevgi və məhəbbətlə dolu hissləri şer və hekayələrin dili ilə şagirdlərə çatdırır, ona məhəbbəti formalaşdırırıq. Uşaqlara Vətənimizi, onun təbiətini, xalqı­mı­zı sevdirərkən biz müəllimlər bir çox pedaqoji üsul və for­malardan istifadə edirik. Dərsliklərdə ana vətəni tərənnüm edən şeir və hekayələr uşaqları hələ aşağı siniflərdən öz və­tə­ninə məhəbbət ruhunda tərbiyə edir, onlar öz müəllim­lə­ri­nin köməyi ilə doğma vətənimiz haqda olan məlumatları alır və onu yaddaşlarına həkk edirlər.

R.Z. – Görülən işlər böyük tərbiyəvi əhəmiyyət da­şı­yır. Yəqin ki, bu işlər gələcəkdə daha savadlı, dünya­gö­rüş­lü vətənpərvər insanların tərbiyəsinə istiqamətlənib.

L.İ. – Əlbəttə ki, bütün bunların böyük tərbiyəvi əhəmiyyəti vardır, onlar gələcəkdə ölkəmizin müdafiə hazır­lığının və təhlü­kəsizliyinin təmin olunmasında yaxından işti­rak edəcəklər, vətəninə və dövlətinə sədaqətli vətəndaş ola­caqlar, şəxsi həyatda və cəmiyyətin inkişafında böyük uğur­lara imza atacaqlar. Uşaqlarda belə müsbət keyfiyyətlərin aşı­lanması hansısa dərəcədə Vətənimizin gələcək inkişa­fında öz müsbət sözünü deyəcəkdir. Bu, həm də ona görə əhə­miy­yət­lidir ki, yüksək vətənpərvərlik hissinə malik şagirdləri­mizin simasında Vətənimiz öz inkişaf perspektivlərini uğurla həyata keçirə biləcək vətəndaşlara sahib olacaq.

Bu səbəbdən rus dilində təhsilin qarşıya qoyduğu vəzi­fələr bir çox vacib məsələlərin hərtərəfli həllinin yüksək sə­viy­yədə həyata keçirilməsini nəzərdə tutur. Hər bir Azərbay­can vətəndaşının vətənpərvər kimi böyüməsi naminə möv­cud imkanlardan istifadə edilməli və bu yolda hər bir peda­qoq öz işini vicdanla yerinə yetirməlidir.

R.Z. – Müasir təhsil sistemi nəzərdə tutulan bu iş­lərin daha effektli həlli üçün hansı addımları atır? Bu gün “təlim-tərbiyənin qarşıya qoyduğu vəzifələr tam hə­ya­ta keçirilir” demək mümkündürmü?

L.İ. – Orta məktəblərdə şagirdlərdə vətəndaş-vətən­pər­vər baxışlarının formalaşdırıl­ması üçün bütöv bir təhsil sis­te­mi mövcuddur. Şagirdlərin vətənpərvərlik tərbiyəsi həmçi­nin, ümumtəhsil müəssisə­lərinin ən vacib təlim-tərbiyə pro­ses­lərindən biri sayılır. Müasir məktəblər təhsil alanların tə­lim-tərbiyəsinin qarşıya qoyduğu həyati vacibli məsələlərin həlli üçün bütün addımları atır. Bu tərbiyə istər tədrisdə, istərsə də sinifdənxaric işlər zamanı yüksək coşğunluqla hə­yata keçirilir. Gəncə şəhəri, Mehdi Mehdizadə adına 4 nöm­rəli tam orta məktəb qarşıya qoyulan bu məqsədlərin həlli üçün bütün vacib üsul və metodların istifadəsini önə çəkir. Uzun illərdir ki, bu məktəb şəhərimizin ən qabaqcıl təhsil ocaq­larından biridir. Məktəb yüksək peşə hazırlığı ilə seçilən müəllimləri ilə fəxr edir. Ali məktəblərə qəbul üzrə ən böyük göstəricilərə malik təhsil ocaqlarından biri də məhz bu mək­təbdir. Bunu əsas tutaraq, bəli, Gəncə şəhəri, 4 nömrəli tam məktəbdə bu ifadəni tam məsuliyyətlə işlətməyə hər cür əsas vardır.

R.Z. – Şagirdlərin fəal vətəndaş tərbi­yə­si həmişə orta məktəblərin qarşısında duran ən vacib işlərdən sa­yılmışdır. İbtidai siniflərdə bu işə hansı dərəcədə töhfələr verilir?

L.İ. – Aşağı siniflərdən başlayaraq şagirdlərdə bu hiss­lər formalaşdırır, onlar tədricən öz vətənlərini sevməyi, onun keçmişi və bu günü ilə fəxr etməyi, xalqına hörmət və mə­həbbət hissləri bəsləməyi öyrənir, onlarda fəal vətəndaş möv­qeyi formalaşdırılır. Bütün bu hisslər şagird­lərə dərslər­də, dərsdənkənar vaxtlarda, məktəbdən­kənar işlərdə və icti­mai işlərdə fəaliyyət zamanı aşılanır.

Məktəbimizdə bu sahə ilə bağlı fəaliyyət bütöv bir sis­tem şəklində həyata keçirilməkdədir. Ekskursiyalar, olimpia­dalar, ekoloji fəaliyyət, dərnəklər, iməciliklər kimi təlim-tər­bi­yə formaları, məktəbdəki muzeylər, tematik stendlər, şa­gird kollektivlərinin təşkili və onlara rəhbərlik, toplantılar, yığıncaqlar, görüşlər, fərdi iş formaları kimi məsləhətləşmə, söhbətlər, tapşırıq və göstərişlərin yerinə yetirilməsi və s. də bu sistemin tərkib hissələridir. Vətənpərvər vətəndaş tərbiyə­sinin formalaşdırıl­ma­sında bir çox müvafiq fəaliyyət forma­larının təşkilinə də yer verilir. Bütün bunlar sözsüz ki, bu tərbiyənin səviyyəsinin artırılmasına öz töhfəsini verir. Bu vəzifələrin düzgün icrası şagirdlərin vətəndaş tərbiyə­sinin əhəmiyyətini daha da artırır.

Göründüyü kimi, şagirdlərin vətənpərvər vətəndaş tər­biyəsi biz pedaqoqlar qarşısında duran məsuliyyətli və ciddi vəzifələrdəndir. Hər bir sinif müəllimi şagirdlərinə vətənpər­vərlik hisslərini aşılamağa borcludur. Biz pedaqoqlar ibtidai siniflərdə işimizi bu istiqamətdə qurur, şagirdlərimizə dövlə­ti­mizin əbədiliyini və gücünü təlqin edirik. Məktəbimizdə və­tənpərvərlik tərbi­yəsi tədris ili boyunca lazımı səviyyədə aparılır və öz müsbət nəticələrini verir.

R.Z. – Rus dilində təhsil almaq şagirdlərimiz qar­şısında geniş imkanlar açır. Bəs bu, uşaqlarımıza gələ­cək­də daha hansı üstünlüklər vəd edir?

L.İ. – Xarici dilləri öyrənən insan nəinki dili öyrənir, eyni zamanda insanda şəxsi keyfiyyətlər, mədəniyyətlərarası təcrübə, bilik, mənəvi dəyərlər formalaşır. Rus dili də bizim üçün böyük əhəmiyyət daşıyan dillərdən biridir. Bu dildə siyasi, elmi, mədəni-tarixi mövzulara həsr olunmuş nəhəng sayda kitablar, çəkilən filmlər mövcuddur. Müasir dövrdə vətəndaş və vətənpərvər tərbiyəsində böyük rol oynayan, dünya ədəbiyyatı incisi sayılan xarici ədəbiyyat nümunələri çoxdur. Rus dili bölmələrində ibtidai sinif müəllimləri də bu dildə olan yazılı bədii ədəbiyyatdan yararlanır, təlim-tərbiyə prosesində bu nümunələrdən istifadə edirlər.

Rus dilini dərindən bilmək müasir şagirdlərimizə ölkə­mizin gələcək inkişafında böyük və əvəzolunmaz xidmət gös­tərəcək, onlara bir çox sahələrdə – Vətənimiz və Dövlə­timizi layiqli təmsil etməkdə yardımçı olacaqdır.

Ölkəmizdə dillərin, əsasən də rus dilinin öyrənilməsi ilə bağlı heç bir problem mövcud deyildir. Uşaqlar rus dilini hələ erkən yaşlarından uşaq bağçalarında, ibtidai siniflərdə öyrənə bilirlər. Bunun üçün də rus sektoru adlanan bölmələr vardır ki, uşaqlar bu bölmələrə daxil olarkən onu ayrıca tədris predmeti kimi öyrənmək imkanı qazanırlar. Rus di­li­nin öyrənilməsi prosesində şagirdlər rus xalqının mədəniy­yəti və adət-ənənələri ilə tanış olmaq imkanı da əldə edirlər. Xarici dillərin, eləcə də rus dilinin öyrənilməsinin ümum­təh­sil məqsədlərindən biri də budur. Tərbiyəvi məqsədlər isə-rus dilinə və rus mədəniyyətinə, həmçinin rus dilinin öyrə­nilməsinə marağa müsbət münasibətin yaradılmasıdır.

Rus dilinin orta məktəblərdə tədrisinin digər əsas məq­səd­lərindən biri də bu dilə olan müsbət münasibətin forma­laş­dırılması, bu dildən gələcəkdə də uğurla istifadə etmək üçün daxili marağın inkişaf etdirilməsidir. Rus dilində təd­risin ən mütərəqqi cəhətlərindən biri də, uşaqlar üçün bu di­lin daşıyıcıları olan insanlarla vacib ünsiyyət vasitəsi rolunu daşımasıdır. Bu dil həm də onlar üçün informasiya daşıyıcısı vasitəsidir. Uşaqlar rus bölmələrində öz dünyagörüşünü artı­rır, onlar üçün hələki tamam yeni bir mədəniyyəti öyrənirlər. Rusiya ilə beynəlxalq elmi, işgüzar və mədəni əlaqələrdə bu dil böyük rol oynayır. Bu gün parta arxasında oturmuş bu fidan balalar gələcəkdə hansısa ixtisasa yiyələnəcək və bu münasibətlərin daha da genişləndirilməsində vacib rollardan birini oynayacaqdır.

 Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.