SON SÖZ – “Gəncə şəhidləri” silsiləsindən

Söz! Bu kəlimə dünyanın var olmasını, bəşəriyyətin mövcudluğunu yaratdı. Aləmlərin Rəbbi bəşəriyyəti bir kəlmə “Ol” sözünlə bərqərar etdi. Odur ki, dünya yaranan bir gündən insanlar sözə önəm verib, sözlə yaşayış tərzlərini tənzimləyiblər. Hər bir insanın sevinci də, kədəri də onun işlətdiyi sözlə gələr. Bir kəlmə söz bir xalqı müharibəyə də sürükləyər, onun firavan yaşamasını da təmin edər. El arasında aforizmə çevrilən bir misal var. “Köhnə kişilər bir kəlmə sözlə qan yatırardı.”
    Mövzunu “sözlə” başlamağım da əbəs yerə deyil. Haqqında bəhs edəcəyim Şəhid İlham Məmmədov da son anında verdiyi sözə sadiq qaldı.
    Məmmədov İlham Rauf oğlu 14 fevral 1999-cu ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə Gəncə Şəhər 15 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. Məktəb illərində basketbol üzrə bir çox nailiyyətlər əldə edir. Yüksək fiziki hazırlığı və böyük potensialı İlhamı Respublika çempionu tituluna qədər aparıb çıxarmışdı. Ən böyük arzusu isə böyüyüb hərbi xidmətini başa vurduqdan sonra bir idman salonu açıb sevdiyi idman növünü tədris etmək idi. 2016-cı ildə həqiqi hərbi xidmətə yola düşür. Döyüş bölgəsində “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirir. Anası Elnurə xanım deyir ki, İlham hər dəfə bizimlə telefon əlaqəsi saxlayanda söhbət əsnasında durbinlə işğalda olan ərazilərə baxdığını,- “Bilirsiniz necə gözəl mənzərəsi var? Baxdıqca insan doymur. Bir gün o torpaqları düşmən işğalından azad edəcəyik, elə gözəl mənzərələrin erməni nəfəsi ilə çirklənməsi günahdır”- deyərdi. Hərbi xidməti dövründə nümunəvi əsgər olduğu üçün şəkli şərəf lövhəsinə salınır. Əsgərliyini başa vurduqdan sonra İlham idman karyerasına qaldığı yerdən davam edir. 2020-ci il Tovuz hadisələrində əbədi yaşar General Polad Həşimovun və bir çox yüksək rütbəli hərbçilərimizin Şəhidlik xəbərini heç cür qəbul edə bilmir. Sanki, o gülər üzlü, həmişə pozitiv görünən İlham bir günün içində dəyişib düşüncəli, qəmli bir insana çevrilir. Nəhayət sentyabr ayının 22-i könüllü olaraq hərbiyə yollanır. Sentyabr ayının 27-i mənfur qonşularımızın növbəti təxribat xarakterli addımı nəticəsində başlanan əks-hücum əməliyyatına yollanaraq Füzuli, Xocavənd uğurunda gedən döyüşlərə qatılır.
    Noyabr ayının 8-i anasına zəng edib Şuşanın alınması ilə bağlı təbrik edir. Daha sonra isə, “Ana, sizdən mənə görə elçi getməyinizi xaiş edirəm. Ünvanlarını deyirəm, atam özü biləcək. Ola bilsin mən qayıtmadım” – deyəndə anası Elnurə xanım bir anlıq özünü itirir. Qısa bir sükutdan sonra:- “Bala, mənimlə zarafat edirsən? O necə olur ki, həm bizi elçi göndərirsən, həm də deyirsən ola bilsin qayıtmadım?” Anasının suallarına cavab vermək əvəzinə:- “İndi danışa bilmirəm, qismət olsa danışarıq”- deyib sağollaşır. Bu onun valideyinləri ilə son danışığı olur. Noyabr ayının 9- Xocavənd uğurunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalır. Noyabr ayının 21-i Gəncə şəhər Şəhidlər xiyabanında Şəhid Məmmədov İlham Rauf oğlu ilə vida mərasimi olur. Anası Elnurə xanım deyir ki, İlham Şəhid olduqdan sonra mən bildim ki, bizi elçi göndərdiyi qız İlhamın sevdiyi qız olub və döyüşlərə qatıldığı gün ona söz verib ki, “narahat olma anamı sizə elçi göndərəcəm.”
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə ölümündən sonra Şəhid İlham Məmmədov “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
    Ruhun şad olsun, Şəhidim!
Məhəbbətim cücərdikcə daşaltı,
Şehim oldu gözlərində yaşartı.
Sevincinə gətirmədim işartı,
Kədərinə çıraq oldum, bağışla.
Eltun Türkel

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.