Ətraf mühitin çirklənməsi problemini ekoloji təhsilsiz həll etmək mümkün deyil
Ötən həftə BMT-nin ekoloji sammitində təsirli çıxışı ilə yadda qalan isveçli məktəbli Qreta Tunberq dünyanın diqqətini bir daha bu problemə yönəltdi. İnsan qlobal təhlükələrlə üz-üzə qalıb və bəzən bu reallığı uşaqlar böyüklərdən yaxşı dərk edirlər. Qretanın çıxışı başqa bir məqamın da üzərindən pərdəni götürmüş oldu: Yer kürəsinin ekoloji bəlalarını hazırda dünyanı idarə edən nəslin aradan qaldıracağını gözləmək əbəs görünür. Çünki bu təhlükəni dərk etmək yetərli deyil, onun çözümü üçün ekoloji təhsil və tərbiyə ilə böyümüş yeni nəslə ehtiyac var.
Dünyanın bir çox ölkələrində ekologiyanın orta və ali məktəblərdə tədrisi məsələsi ciddi müzakirə obyektinə çevrilib.1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişafa dair konfransı ekoloji təhsilin vacibliyini xüsusi qabarıqlıqla təsvir etdi. Bu konfrans müəyyən mənada ekoloji təhsilin tətbiqi prosesinə bir təkan olsa da, ümumi mənzərə hələlik o qədər də ürəkaçan deyil. Dairə ayrı-ayrı ölkələrdə həyata keçirilən layihələr, yaxud ekoloji təhsil təmayüllü pilot layihəli məktəblərlə qapanır. Qretanın çaldığı həyəcan təbili isə təhlükənin daha yaxın və dəhşətli olduğunun göstəricisidir…
Planetin gələcəyi məktəblilərin əlindədir
2014-cü ildən etibarən Höte İnstitutu “Məktəb ekologiya uğrunda” adlı maraqlı müsabiqə keçirir. Builki müsabiqə may ayında Bremen şəhərində baş tutub. Gənclərin beynəlxalq ekoloji konfransında dünyanın müxtəlif ölkələrindən olan məktəblər ətraf mühitin qorunması sahəsində öz layihələrini təqdim ediblər. Təsadüfi deyil ki, yuxarıda adını çəkdiyimiz Q.Tunberqin özü də məktəblidir. Qreta hər cümə günü məktəbə getmək əvəzinə Stokholmda parlamentin qarşısında etiraz aksiyası keçirməklə dünyanın diqqətini ekoloji təhlükələrə yönəltməyə nail olub. Qarşıda onu hətta Nobel mükafatı da gözləyir. Bremen senatorunun ekologiya üzrə müşaviri Ronni Mayer deyir ki, “ekoloji diskussiyaların davam etməsinə görə biz yeni nəslə borclu olmalıyıq. Siz o nəsilsiniz ki, təbiətdə baş verən dəyişiklikləri öz üzərinizdə hiss edəcəksiniz. Nə qədər kədərli səslənsə də, siz nələrisə dəyişə biləcək sonuncu nəsilsiniz. Siz dünyanı dəyişə bilərsiniz”.
Dünyanı dövlətlər və hökumətlər, qlobal korporasiyalar və iqtisadiyyatlar idarə edir. Belə görünür ki, onlar üçün ekoloji problemlər hələlik ön sırada qərarlaşan həlli vacib məsələ deyil. Məktəblilər isə sanki böyükləri gözləmək istəmirlər. Onlar öz təhsil ocaqlarında, küçə və meydanlarda, kəndlərdə və şəhərlərdə ətraf mühitin tədqiqi və qorunması istiqamətində fərqli layihələrə start veriblər. 7-11-ci siniflərin şagirdləri öz müəllimləri ilə birlikdə komanda şəklində suyun və havanın durumu, enerji sərfiyyatı, bitki və heyvanat aləminin problemlərini, tullantı kimi ciddi məsələləri öyrənirlər. Söhbət tək öyrənməkdən getmir. Uşaqlar ətraf mühitin qorunması üçün konkret ideyalarla çıxış edir, ictimaiyyətin diqqətini sözügedən məsələyə yönəltmək üçün aksiyalar keçirirlər.
Bremen sammitində 15 layihə qalib gəlib ki, onlardan bir neçəsi ilə sizi tanış edirik.
Bremendəki Findorff məktəbi bir ekoloji nümunədir. Məktəbin damında günəş batareyası yerləşdirilib, şagirdlər isə “Siemens” şirkətinin külək enerjisinə dair keçirdiyi müsabiqənin iştirakçılarıdırlar. Məktəbdən 15 dəqiqəlik yolda məktəblilərin bostanı var. Burada onlar ekoloji təmiz meyvə-tərəvəz yetişdirirlər.
Ukraynanın Çerniqov şəhərinin 22 saylı məktəbinin şagirdləri isə tibb məqsədilə istifadə üçün nəzərdə tutulmuş dərmanların suya atılmasının fəsadlarını araşdırıblar. Məlum olub ki, istifadəyə yararlı olmayan, vaxtı keçmiş və ya istifadə etmək istəmədiyimiz dərmanları kanalizasiya xəttinə atmaqla insan ciddi səhvə yol verir.
Son bir neçə ildə Gürcüstanın Kaxetiya bölgəsinin kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sahələri ziyanlı həşəratlardan əziyyət çəkir. Gürcü şagirdlər ekoloqları öz problemləri ilə tanış ediblər.
Amerikalı məktəblilər isə Bremenə özlərinin yetişdirdikləri kələmi gətiriblər. Məlumdur ki, pörtlədilmiş kələm almanların ən sevimli yeməklərindəndir. Odur ki, bu addım simvolik xarakter daşıyır. Məktəblilər fermer təsərrüfatlarında könüllü işləməklə ekoloji təmiz kələm yetişdirirlər. Uşaqlar məhsul satışından əldə edəcəkləri vəsaiti sağlam həyat tərzi və ekoloji təmiz məhsulların istifadəsi məsələlərinin təbliğinə xərcləmək niyyətindədirlər.
Rusiyanın Novosibirsk şəhərinin 176 nömrəli məktəbi “Hidroponika və ətraf mühit” adlı layihə ilə çıxış edib. Serbiyanın Pançevo şəhərindən olan məktəblilər isə yetişdirdikləri bitki və tərəvəzdən əldə olunan vəsaiti əlillikdən əziyyət çəkən uşaqlara yardım fonduna köçürüblər.
Uşaq bağçasından ali məktəbədək
Belə tədbirlər, “açıq dərs”lər və “vörkşop”lar zamanı məktəblilər həm ekoloji problemlər barədə məlumat alır, həm birgə layihələrdə iştirak edir, həm də gələcəyə dair ideyalarla çıxış edirlər. Məsələn, Almaniyada ekoloji məsələlərə dair dərslər hələ uşaq bağçasından başlayır və ali məktəblərədək davam edir. İnsanlar uşaq yaşlarından sahibi olduqları dünyanı hansı bəlaların gözlədiyini, ətraf mühitə münasibətdə necə ehtiyatlı davranmağın vacibliyini dərk etməklə böyüyürlər.
Bəşəriyyətin müasir qlobal bəlalarının kökündə hədsiz istehlak və ətraf mühitin çirklənməsi kimi problemlər durur. Biz artıq elə bir planetdə yaşayırıq ki, o, insan fəaliyyətinin neqativ təsirlərindən bezib və yorulub. Bəs gələcək nəsil belə bir dünyada necə yaşayacaq? Yaxud necə yaşasın? ABŞ-da və Kolumbiyada həyata keçirilən ekoloji layihələrin müəllifləri bu suallara cavab axtarırlar.
ABŞ-ın Bekerli şəhərindəki Martin Lüter Kinq adına məktəbin şagirdləri uzunluğu 4 km. olan bostanları ilə, sözün əsl mənasında, fəxr edirlər. Bu gün səhər onlar yenə də həmişəki kimi dairə şəklində oturub müəllimləri Cofu dinləyirlər. Cof müəllim olmaqla yanaşı, həm də bağbandır. Bugünkü dərs çürüməyə həsr olunub. “Biz həmişə uşaqların təbiətin qoynunda nəyisə özü üçün kəşf etməsini alqışlamışıq. Bu, dərsdə oturub təbiətdə baş verənlər barədə kitab oxumaqdan qat-qat maraqlı və təsirlidir” – deyə müəllim Cof Palla bildirir. Bu məktəbdə riyaziyyat da keçilir, humanitar elmlər də. Ancaq paralel olaraq uşaqlara meyvə-tərəvəz əkməyi və qulluq etməyi də öyrədirlər.
Məlumdur ki, Amerika yüksək texnologiyalarla yanaşı, həm də inkişaf etmiş kənd təsərrüfatı ölkəsidir. Odur ki, həyata keçirilən “Qidalı məktəb həyəti” layihəsi iqtisadiyyatın bu sahəsinə bir növ töhfədir. Məktəbdə bağçılıq barədə məlumat alan uşaqlar ətraf mühit və ekologiyanın nə olduğunu kiçik yaşlarından anlamağa başlayırlar.
Layihənin direktoru Kayl Kornoft deyir: “Biz uşaqları ərtaf mühitin idarə olunması, planetə qayğı ilə yanaşma, birgə işləmə, resursların bölgüsü kimi problemlərlə tanış edirik. Biz bilirik ki, nəyisə himayə etmək üçün əvvəl onu sevmək lazımdır. Əgər uşaq ətraf mühitə toxuna bilmirsə, öz qidasını özü yetişdirmək imkanına malik deyilsə, məhsulunu bir masa arxasında oturduqları ilə paylaşmırsa, təbiətin qayğısını necə çəkə bilər?”
Proses tək bağda və bostandakı işlə bitmir. Uşaqlar mətbəxlə, sağlam yeməyin ərsəyə gəlməsi ilə də tanış olurlar. Mətbəx üzrə əsas ekspert Ester Kukun dediklərindən: “Bizim əsas məqsədimiz tək yemək hazırlamağı öyrətmək deyil, söhbət həm də məhsula qənaətlə yanaşmadan gedir. Əgər tutaq ki, uşaqlar hansısa tərəvəzi tullantı qabına atmaq istəyirlərsə, biz onlara həmin məhsulun hansı müddətə və əziyyət hesabına yetişdirildiyini xatırladırıq. Bir pomidoru tullantı qabına atmaqla siz oraya həm də bir neçə aylıq əziyyəti də tullayırsınız”.
Kriminaldan ekologiyaya
Yəqin ki, oxucuların çoxu Kolumbiyanın Medelyin şəhəri barədə eşidiblər. Kriminal ünsürlərin toplaşdığı, qanunların işləmədiyi, narkobaronların “at oynatdıqları” məkan. Ancaq Kolumbiya tək Medelyindəki kriminal ünsürlərdən deyil, orada mövcud olan ekoloji faciədən də əziyyət çəkir. Şəhərin ətrafında çox böyük ərazi tullantılarla doludur. İnsanlar bu antisanitariya mənbəyinə bitişik, bəzən də onun içində yaşayırlar. Hökumət Moraviyanın (tullantıların toplandığı yer belə adlanır-red.) problemlərini həll etməyə cəhd göstərir. Layihələrdən biri məktəblilər və tələbələrin iştirakı ilə reallaşır. Tələbə Co Sançes deyir ki, “bu gün bizim ətraf mühitlə bağlı çoxlu problemimiz var. Kolumbiya kimi ölkədə onların həlli çox çətindir. Çünki yerli siyasi və hərbi münaqişələr ətraf mühitə də təsirsiz ötüşmür. Məhz bu səbəbdən mən ekologiyanı öyrənmək qərarına gəlmişəm”. Ancaq Sançesin ekologiyaya marağı tək özündən qaynaqlanmır. Əsas səbəb oxuduğu məktəbdə həyata keçirilən “Technologico” layihəsidir. Burada riyaziyyat, kimya, fizika ilə yanaşı, ekologiya da tədris olunur. Bəs ekologiyanı bir dərs kimi tədris etmək kimin ağlına gəlib? Məktəbin ilk müəllimlərindən olan Xorxe Montoya cavab verir: “Bizim ideya oradan qaynaqlandı ki, gənclərin problemi tam dərk etməsi üçün onunla üz-üzə qalmaları lazımdır. Belə ekoloji kurslar yeni nəslə ətraf mühitin bərpası üçün imkanlar yaradır”.
Tullantıların olduğu sahədə torpağın bərpası məqsədilə yaşıllıq salınır, bitkilər əkilir. Bufer zonalar yaradılır, burada əkilən bitkilər hesabına həm torpaq, həm də hava təmizlənir. Kolumbiyanın ən çirkli bölgəsində gerçəkləşdirilən bu layihə bütün dünyada ekoloqlara bir ümid verib. Sən demə, hətta tullantı bölgəsinin belə yaşıllaşdırılması mümkündür. Yəqin ki, oxşar layihələrin dünyanın ən müxtəlif guşələrində sınaqdan çıxarılmasına başlanılacaq…
(Ardı var)
Siz dünyanı dəyişə bilərsiniz…
Rüstəm QARAXANLI