“Salyandan tutmuş Şamaxıya qədər heç bir regionumuzda kinoteatr yoxdur” – İlham Namiq Kamal

“Bu günə qədər gördüyünüz Azərbaycan filmlərimizdə olan mənəvi-əxlaqi durum həddindən artıq yüksək səviyyədədir. Bəlkə də ona görə xalq Azərbaycan filmlərinə baxır, sevir. Fərqi yoxdur, 30, 40, 50 il əvvəl çəkilib, zamanından asılı olmayaraq “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Dəli Kür” kimi bir çox filmlər tamaşaçının rəğbətini qazanıb”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Xalq artisti İlham Namiq Kamal 2 avqust Azərbaycan Kinosu Günü barədə danışarkən deyib. Keçmiş fimlərin sevilən aktyoru son zamanlar “Azərbaycanfilm” kinostudiyası ilə bağlı görülən işlərdən və Kino Agentliyinin yaradılmasından ümidli olduğunu deyib:

“Təsəvvür edin ki, “Azərbaycanfilm” kinostudiyasında elə bir dövr var idi ki, 1200 nəfər işçi işləyirdi. O müddətdə demək olar ki, hər il 5 bədii, 6 televiziya filmi çəkilirdi. Bununla bərabər sənədli filmləri və yaxud da “Mozalan”ları hələ demirəm.

Bilirisiniz ki, Prezidentimizin sərəncamı ilə yeni bir kino qurumu “Azərbaycan Respublikasının Kino Agentliyi” yaradılıb. Bu qurum kinonun inkişafı, onun maliyyə problemləri ilə məşğul olacaq.

Optimist olmaq lazımdır. Mən deyərdim ki, Azərbaycan kinosu olub, var, yenə də olacaq. Mən buna inanıram.

Bu gün “Azərbaycanfilm”in gördüyü işlərdən danışıram. O filmlər az da olsa, festivallarda olur, uğur qazanır. O ki qaldı telekanalların və ya digər prodakşnların çəkdiyi filmlərə, o barədə bilmirəm”.

Xalq artisti həmçinin Qarabağ mövzulu filmlərdə çəkilmək istədiyini də ifadə edib:

“Allahın köməkliyi ilə elə bir film, elə bir rejissor olarsa, şəxsən bilavasitə mənim qüvvəmdən istifadə etmək istəsələr, böyük məmnuniyyətlə qəbul edərdim. Bilirsiniz ki, mən sırf teatrda işləyirəm, dramatik, faciəvi rollarda oynamışam. Mənim üçün problem deyil. Əsas odur ki bizim yeni yetişən rejissorlarımız yeni fimlər çəksin.

Film sahəsi maliyyə ilə əlaqədardır. Əgər maliyyə olarsa, bunun ssenarisi də, rejissoru da, bəstəkarı da, aktyoru da yüksək səviyyədə olacaq. Bütün dünyada film maliyyədir.

Film sahəsinin sənaye olması ilə bağlı fikirlərə gəlincə isə sovetlər dövründə istehsal olunan fimlərin ən zəifi belə 15 Respublikada nümayiş olunurdu. Bu elə gəlir, pul demək idi.
Həmçinin digər 15 Respublikanın istehsal etdiyi filmlər də bizdə nümayiş olunurdu. “Azərbaycanfilm”də böyük dublyaj studiyası var idi. 15 Respublikada çəkilən filmləri dublyaj edirdik. Bunun müqabilində maliyyə axını olurdu”.

İlham Namiq Kamal regionlarımızda kinoteatrların olmamasından da gileylənib:

“Biz müstəqiliksə, gərək elə bir istehsalat quraq ki, bütün əcnəbi ölkələrlə bizim əlaqəmiz olsun. Halbuki bizim Salyandan tutmuş Şamaxıya qədər heç bir regionumuzda kinoteatr yoxdur ki, insanlar kinoya getsinlər. Regionumuzda kinoteatrları bərpa edə bilmiriksə, hansı inkişafdan danışa bilərik? Biz sıfırdan başlayırıq. Ona görə də bunların hamısının olması üçün gərək ARKA həm yaradıcı adamlar üçün bərabər şərait yaratsın, həm də filmin çəkilişinə və satışına şərait yaratsın.

Son olaraq bayram günü münasibətilə bütün kino işçilərini, onun işıqçısından, təşkilatçısından tutmuş hamısını bu bayram münasibətilə təbrik edirəm. Əsas təbrik xalqa, kinosevərlərə düşür. Əgər onlar olmasa, kinonun olması kimə lazımdır? Bu gün Azərbaycan kinosunu necə sevirdilərsə, yenə sevəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.