Mədəniyyət elə bir fenomendir ki, onu ictimai həyatın digər sahələrindən ayırmaq, təcrid olunmuş şəkildə düşünmək mümkün deyildir. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – sosial-siyasi münasibətlər, mənəvi inkişaf sahəsi, məişət, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Mədəniyyət ictimai hadisədir və yalnız ictimai həyatın bütün tərəflərinin sosial, siyasi, mənəvi kontekstində dərk edilə bilər, onların hər biri özlərinə хas bəşəri məzmun baхımından səciyyələndirilə bilər. Mədəniyyət siyasəti xalqın intellektual potensialını, mənəvi sağlamlığı və rifahını yüksəltməyə xidmət edən siyasətdir. O, həm də millətin milli-mənəvi, vətənpərvərlik ruhunun inkişafının möhkəmlənməsini təmin edir. Yerlərdə fəaliyyət göstərən teatrlar da bir növ bu dəyərlərin daşıyıcısıdır.
Müsahibimiz Ağdam Dövlət teatrının quruluşçu rejissoru Həsənov Kərim Abbas oğludur.
Kərim Həsənov (Həsənli) Abbas oğlu 1967- ci ildə Bərdə şəhərində anadan olub. Hələ 15 yaşında Bərdə rayon Mədəniyyət Evində fəaliiyət göstərən Xalq Teatrında çıxış etməyə başlayıb . Peşəkar aktyor kimi fəaliyyətini Ağdam Dövlət Dram Teatrında başlayıb. 1990 – cı ilin fevral ayında Ağdam Dövlət Dram Teatrına işə qəbul olub.
-Kərim müəllim, sənətə gəlişiniz necə xatırlayırsınız? Necə oldu ki, həyatınızı bu sənətlə bağlamalı oldunuz?
-Uşaqlıqdan bu sənətə böyük həvəsim vardı. İmkanım olduqca televiziyalarda və canlı olaraq teatrlarda tamaşaları izləməyi sevirdim. Bununla yanaşı Ağdam Teatrında da olub, bəzi tamaşaları izləməyə başladım . Sonralar bu teatr həyatımda böyük rol oynadı. İllər keçdi, Ağdam Teatrı mənim sənət xəyallarımı gerçəkləşdirdi. Həyatımı bu teatrla bağladım.
-Peşəkar teatrda ilk rolunuz hansılar olub?
-Teatrda ilk rolum Nəcəf bəy Vəzirovun “Ağakərimxan Ərdəbili” komediyasında İsgəndərxan obrazı oldu. Qısa zamanda bir – birindən maraqlı tamaşalarda rol aldım. Teatrda çox həvəslə çalışdığımı nəzərə alıb məni rayon İcra Hakimiyyəti göndərişlə Mədəniyyət və İncəsənət Universitetinə göndərdi. 1991- ci ildə “Dram Teatrı və kino aktyoru” fakültəsinə qəbul olub, buranı 1995 – ci ildə bitirdim.
– Niyə məhz Ağdam Teatrı? Axı ali təhsilli aktyor kimi digər paytaxt teatrlarında fəaliyyətinizi davam etdirmək imkanlarınız da olub.
-Uşaqlıqdan vurulduğum Ağdam Dövlət Dram Teatrında çalışmaq arzusu ilə ömrümü bu sənət ocağı ilə bağlamağı qərara aldım. Əlbəttə ki, digərləri kimi başqa tetrlara da üz tuta bilərdim. İstəmədim. Sona kimi də bu tetra sədaqətli oldum. Hətta teatrın ən çətin illərində belə buranı tərk etmədim. Bir vaxtlar Ağdam Teatrı ölkənin ən tanınmış sənət ocaqlarından biri idi.Bu teatr başqa bir aləm idi. Gündüz və axşam tamaşaları olurdu. O zamanlar teatrlara da böyük tamaşaçı axını var idi. İnsanlar böyük həvəslə yeni tamaşaları izləməyə gəlirdilər. Premyeralarda insanlar bilet tapa bilmirdilər. Bura işə düzələndə böyük həvəslə işləyirdim. Hətta, digər respublikalara qastrol səfərlərində də iştirak etmişəm. Anarın “Təhminə” tamaşasında Spartak rolunda, Ə. Nesinin “Tənha qadın”ında Nəzarətçi obrazlarım ilə 1991 -ci ilin noyabrında Moskvada qastrol səfərində oldum.
-Bizdə olan məlumata əsasən siz məlum I-ci Qarabağ savaşında könlünü olaraq komissarlığa müraciət etmisiniz. Digər vətənpərvərlər kimi bu savaşda iştirakınız barədə.
-Əlbəttə bütün insanlar kimi mən də döyüşlərdə iştirak etmək üçün komisarlığa müraciət etmişdim. Lakin mənim peşəkar bacarıqlarımı nəzərə alıb, hərbiçilər üçün yaranmış kansert briqadasına qəbul etdilər. O dövrlərdə ön xətdə hərbiçilər üçün çıxışlar edirdim, Döyüşçülərimizi ruhlandıran konsert proqramları ilə yaddaqalan çıxışlarımız çox olub. Bir sənətçi kimi özümü xoşbəxt sanıram ki, hamının tanıdığı Milli Qəhrəmanların çoxu bir komandir olaraq məni uğurlu işimə görə Fəxri fərmanlarla təltif edib.
Müharibə sənətsevərləri daha da mətinləşdirdi. Bu sənəti ehtiyac ucbatından tərk edənlər də oldu. Amma çətinliklər əsl fədailər üçün heç vaxt maneə olmayıb. Mən də bu sınaqdan üzüağ çıxdım.Hələ işğala kimi hazırlanan 20 – dən artıq tamaşalarda baş rolların ifaçısı olmuşam. Rayon və Teatr rəhbərliyinin çox sayda Fəxri fərmanlarına layiq görülmüşəm. Bu işləri nəzərə alaraq vaxtından əvvəl Səhnə Ustası aktyor ştatı vəzifəsinə keçirildim. Ağdamın işğalı mənim sənətdə arzularımın da işğalı idi. İşğaldan sonra teatr Bərdə rayonunda məskunlaşdı. Faliyyətə başladıq. Çünki bu sənət məbədini yaşatmaq bizim ən ülvi borcumuz idi. Mənə Respublikamızın 4 teatrından işə dəvət gəlsə də, getmədim. Doğma teatrımı buraxıb getməzdim. Ağdam Teatrı mənim xəyallarımın ünvanıdır. Teatrda aktyor işləməklə yanaşı rejissor kimi tamaşalar hazırladım. G.Xuqayev “Elbrus evlənir”, M.F.Axundovun “Hacı Qara” teatrımızın repertuarında yaddaqalan tamaşalar oldu..
Oynadığım səhnəciklərin ssenarisini özüm yazıram. Hətta, aktyor vəzifəsində çalışarkən Altay Məmmədovun “Dəli Domrul” və bunlar ilə yanaşı bir neçə tamaşalara quruluş da vermişəm. Mədəniyyət Nazirliyinin və Teatr xadimləri İttifaqının bu vaxta qədər keçirdikləri festivallarının mükafatını almışam. Mono Teatr festivalında respublikada ikinci yerə layiq görülmüşəm. Nümunəvi iş faliyyətimi qiymətləndirərək Mədəniyyət Nazirliyinin diplomuyla mükafatlandırılmışam. 31 ildir ki, fasiləsiz olaraq Ağdam Dövlət Dram Teatrında çalışıram. İndiyə kimi 100 – dən artıq tamaşalarda oynamışam. Tamaşaların əksəriyyətində baş rolları oynamışam.
Teatrda çalışdığı m 31 il ərzində, elə bu gün də, rayon və hərbiçilərimiz üçün tədbirlərin hamısında çıxış edirəm. Oynadığım səhnəciklərin ssenarisini özüm yazıram. Onların arasında əsasan məişət mövzuları tamaşaçıların zövqünü oxşayır. ”Cehiz”, “Ad qoydu” və s. tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.
-Sizin bir vaxtlar “Qulp” verilişində olan çıxışlarınız tamaşaçılar tərfindən çox sevilirdi. Bundan başqa, digər məşhur proyektlərdə də oynadığınız obrazlar özünəməxsusluğu ilə seçilib.
-Bəli, teatrda çalışmaqla yanaşı ANS telekanalında efirə gedən ,,Qulp ” proqramında uzun illər aktyor kimi işlədim. Orxan Fikrətoğlunun senarisilə “Mozalan” kino jurnalında ,, Kök otu üstə bitər,,də çəkilmişəm . Rejissor Nicat Cəlilovun ,,Günahkar “ 16 seriyalı filimində baş rollardan birini oynamışam.
-Sənətdə sənətkar və Böyük Sənətkar anlayışını necə qəbul edirsiniz? Günün reallığı ilə bu, necə səslənir və bu, səhnə həyatında necə anlaşılır?
-Biz sənətdə böyük sənətkarlardan dərs aldıq. Xalq artisti Həsənağa Turabov , Mikayıl Mirzə, Kamal Xudaverdiyev kimi sənətkarlar bizim ustadımıza çevrildi. Bu günün də öz yetirmələri və böyük sənətkarları mövcuddur…
2007 ci ildən teatrda rejissor vəzifəsində çalışıram, hazırladığım tamaşalarda hər zaman özüm də rol alıram. Rejissor ilə bir səhnədə oynamaq aktyorların məsuliyyətini də artırmış olur.
-Siz rejissor kimi hansı sevindirici işinizi daha yaddaqalan sayardınız?
–Rejissor kimi yaddaqalan işlərim az deyil. 2018 ci ildə Mingəçevir Dövlət Dram Teatrına dəvət olundum, Sahib Ibrahimlinin “Sadığın toyu”, 2019-cu ildə isə S. Ibrahimlinin “Cənnət və Cəhənnəm” komediyalarına quruluş verdim. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
Rejissor kimi hazırladığım tamaşalardan Ş. Qurbanovun “Milyonçunun dilənçi oğlu”, S. Rüstəmin “Durna”, Ə. Əmirlinin “Qabırğa”, N.Vəzirovun “Ağakərimxan Ərdəbili”, S. Ibrahimlinin “ Cənnət və Cəhənnəm”, N. Qədimlinin “Günahkar” və s. uğurlu işimdir. Hamısı yaddaqalan uğurlu iş sayılır. Bunu həmkarlarım və tamaşaçılar özü bilir.
-Əgər sual ola bilsə ki hansı rolunuzu və hazırladığınız hansı tamaşanı daha şox sevirsiz, cavab necə olardı?
-Əlbəttə ki. cavab bir olardı. Hamısını. Həmin tamaşaların hazırlanmasında quruluşçu rejissorun böyük zəhməti vardır və onların hamısına da eyni gözlə baxılır. Hansı daha uğurlu alınıb. Bu suala tamaşaçılar özü düzgün cavab verir.
Hazırladığım tamaşalarda Dövlətçiliyimizi, Vətənimizi, Xalqımızı, Tariximizi hər zaman tərənnüm etməyə çalışmışam və belə hesab edirəm ki, çəkdiyimiz zəhmət də hədər getməyib.
-2020-ci il Ağdam Teatrın yaddaşında necə qalıb?
-2020 – ci il xəyallarımızın gerçəkləşdiyi ildir. İşğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Bunu bütün azərbaycanlılar kimi ağdamlılar da sevinclə qarşıladı. Əlbəttə ki, bu, teatrımızın repertuarında da öz əksini tapıb. 2020- ci ildə Teatr repertuar planına uyğun olaraq, N. Qədimlinin Xocalı faciəsinə həsr olunmuş “Günahkar” faciəsini hazırladığım vaxt tamaşanın sonluğunda dedim ki, Ağlamaq yetər! Böyük QƏLƏBƏYƏ doğru!
Səhnəyə tamaşanın sonunda milli əsgər formamızda, əlimdə bayraq çıxardım və bütün tamaşaları Cənab Prezidentimizin “Azərbaycan Bayrağı işğal altında olan torpaqlarımızda dalğalanacaq” sözləri ilə bitirərdim. Elə bil Allah mənə agah etmişdi Böyük QƏLƏBƏMİZİ. Şükürlər olsun! Bu sevinci bizlərə bəxş edən Şəhidlərimizə rəhmət olsun! Qazilərimiz var olsun! Ali Baş Komandana eşq olsun!
-Ağdam Teatrının pandemiya dövründə işini necə qiymətləndirərdiniz? Hansı çətinliklər mövcuddur və bu çətinliklərin öhdəsindən necə gəlinir?
-Pandamiya dövründə teatrımız öz işini bu vəziyyətə uyğun qurmuşdur və yeni tamaşaların onlayın məşqlərini keçirir, Teatr fasebuk səhifəsində tamaşaların canlı nümayişini təşkil edə bilib. 20 yanvar faciəsinə və Xocalı soyqırımına həsr olunmuş video çarxlarının hazırlanması və nümayişi yüksək formada təşkil edilib. 44 günlük 2- ci Qarabağ müharibəsinə və Böyük QƏLƏBƏMİZƏ həsr olunmuş videoçarxlar da hazırlanmış və tamaşaçıların ixtiyarına verilmişdir.
Ağdam Dövlət Dram Teatrının böyük təcrübəyə malik rəhbəri var. Teatrın direktoru Məhəmməd Hüseynov ömrünün 47 ilini Ağdamın incəsənətinə həsr edib. Biz sənətçilərə hər zaman yüksək dəyər verir, bütün işlərdə yanımızdadır.
Ruhulla Zahidov, yazıçı-jurnalist.