Tanıdığımız insanlar arasında yüksək keyfiyyətləri ilə seçilən, xüsusi hörmətə layiq olan məktəb direktorları çoxdur. Pedaqogika və rəhbərlik işində böyük təcrübəyə malik olan bu insanlarla apardığımız söhbətlər, həmişə təlim-tərbiyənin inkişafına təkan verən fikirlərlə müşayiət olunur. Onlardan biri də Gəncə şəhəri, 21 saylı pilot tam orta məktəbin direktoru Vidadi Quliyevdir.
Biz əvvəllər də Kütləvi İnformasiya Vasitələrində ondan və rəhbərlik etdiyi təhsil ocağında aparılan ardıcıl və sistemli işlərdən söhbət açmışıq. Bu, adətən, öz müsbət nəticələri ilə diqqəti çəkən və təhsilin ümumi inkişafına xidmət edən işlər barəsində yazılar olmuşdur. Məktəbdə aparılan məqsədyönlü işlər uzun illər ərzində böyük göstəricilərin əldə edilməsinə zəmin yaratmışdır. Bu uğurların qazanılmasında məktəbin direktoru Vidadi Quliyevin də bir təşkilatçı və rəhbər kimi böyük əməyi və zəhməti vardır.
Vidadi müəllim insanların böyük hörmətlə yanaşdığı və sevdiyi bir rəhbərdir. Həyatını pedaqoji işə həsr etmiş, bu işdə ömrünü şam kimi əritmişdir. O, öz işinə vicdanla yanaşan, çalışdığı sahəyə daim yeniliklər gətirən, öz işinə və sənətinə sadiq bir insandır.
Yazılarımızda həmişə onun bu xüsusiyyətlərini önə çəkmiş, onun daxili aləminə baş vurmuş, yalnız gözəl əməllərini, xüsusiyyət və keyfiyyətlərini dəqiqliklə təsvir etməyə çalışmışıq. – “Məktəbin vəzifəsi həm də valideynlərin, şagirdlərin və müəllimlərin birliyinə can atmaqdır. Əgər bu birlik alınarsa, onda onlar arasında olan münasibətlər də düzgün xətdə təşkil olunur, təlim-tərbiyə düzgün səmtə yönəldilir” – deyən direktorun rəhbərlik etdiyi təhsil ocağında bu münasibət qırılmaz və möhkəmdir. Məktəbdaxili idarəetmənin düzgün təşkili ilə məktəbdə tədris, təlim-tərbiyə ilə bağlı bütün məsələlərin uğurla həyata keçirilməsinə zəmin yaradılmış, bu sahədə ümumi keyfiyyətlərin yönəldilməsinə böyük imkanlar açılmışdır. Vidadi Quliyev bir rəhbər kimi işini effektli qurmuş, məktəb kollektivinin səmərəli fəaliyyəti üçün şərait yaratmış, tabeçiliyində olanların işini düzgün qiymətləndirmiş, üzərinə düşən vəzifələri vicdanla, səylə yerinə yetirmişdir.
Vidadi Quliyev vətənini və dövlətini dərindən sevən qeyrətli bir vətən övladıdır. O, həm də lirik şairdir. Onun “Könül təranələri”, “Ana həsrəti”, “Dünya gördüm üzünü” kitabları oxucular tərəfindən sevilərək oxunur. Onun adı “XX əsr Azərbaycan alimləri və maarifçiləri” ensiklopedik toplusuna daxil edilmişdir. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin, 2017-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
“Dünya gördüm üzünü…” kitabı Vidadi müəllimin oxucularla üçüncü görüşüdür. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı poema, şeir və hekayələri toplanmışdır. Vidadi Əli yaradıcılığının əsas mövzusu Vətən, yurd təəssübkeşliyi, ata-ana, el-oba sevgisi, təmiz və saf məhəbbət, insanı paklığa səsləyən ülvi duyğulardır.
Vidadi müəllimdən aldığımız müsahibəni təqdim edirik:
R.Z. – Vidadi müəllim, sizcə yaradıcılığınızda daha önəmli nədir? Yaratdığınız, böyük zəhmət və enerji verdiyiniz məktəb, yoxsa, ədəbi fəaliyyətiniz, kitablarınız?
V.Q. – Yaradıcılıq hər şeydən öncə, fitri istedad, Tanrının insana bəxş etdiyi alın yazısı – tale yüklü məsələdir. Əvvəllər cızma-qara eləyən qələm əhlini sonra həyatın enişli-yoxuşlu, keşməkeşli yolları püxtələşdirir, xalqın, millətin təəssübkeşinə çevirir. Mən də digər həmkarlarım kimi bölünmüş vətənimin dərdini, Təbriz, İrəvan, Göyçə, Zəngəzur, Borçalı, Dərbənd, Qarabağ həsrətini, harayını dünyaya çatdırmağı, xalqımı-millətimi sevməyi, Ulu öndərin bizə ən ali mükafat kimi yadigar qoyduğu və möhtərəm Prezidentimizin rəhbərliyi altında çiçəklənən müstəqil və suveren ölkəyə sadiqliyi həyatımın mənası sayıram. Ağır zəhmət bahasına yaratdığım məktəb də yaradıcılığımın qoşa qanadlarıdır.
R.Z – Şair geri baxanda nə görür? Dünyanın hansı üzünü görüb şair?
V.Q. – Şair geri baxanda yuxusuz gecələri, onu rahat buraxmayan ilhamının diktəsi ilə yazıb yaratdığı anları, ayları və illəri görür. Həmin anlarda yaradıcı insan özünü unudub orbitindən çıxır, tənhalaşır, qeyri-adi insana çevrilir. İndi bahar fəslidir. Dağlar, düzlər öz yaşıl donunu geyinib. Adi insan üçün bu təbii haldır. Ancaq şair üçün yarpaqların pıçıltısı, çəmənlərin titrəyişi, bulaqların zümzüməsi, quşların cəh-cəhi nəğmədir, bəstədir, mahnıdır. O ki, qaldı dünyanın hansı üzünü görmək məsələsinə…. Mən bir şeirimdə bu sualın cavabını verməyə çalışmışam:
Qışda qarı, yazda gözəl gəlinsən,
Bu sirrinin hikmətini bilən yox.
Həm acısan, həm şərbətdən şirinsən,
Bərq vursan da üzüyünün qaşı yox,
Tənhalığa dərman etdin dözümü,
Dünya, gördüm görünməyən üzünü.
R.Z. – Yaradıcılıq insana nə verir? Yaradıcı insan olmaq nə deməkdir?
V.Q. – Bu suala cavab olaraq onu deyə bilərəm ki, üç şeir kitabının müəllifiyəm. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüyəm. Şerlərim vaxtaşırı mərkəzi mətbuatda işıq üzü görür. Yaradıcılıq insana əbədiyaşar ömür verir. Yaradıcılığının bəhrəsini gördükcə yazar yuxusuz gecələrinə, çəkdiyi iztirablara minnətdar olduğunu düşünür. Amma, şan-şöhrət artdıqca yazar diqqət mərkəzində olur. Təvazökarlıqdan kənar olsa da, az-çox tanınmış adamın nöqsanı cəmiyyətdə böyük görünür. Ona görə suyu da üfürüb içməlisən, addımını da atanda diqqətli olmalısan. Belə xırdalıqlar adamı yorsa da, insanı kamilləşdirir, ali bəndəyə çevirir. Yazar olmaq bütün mərtəbələrdən yüksəkdə dayanan insanlıq, müqəddəslik zirvəsinə yüksəlmək deməkdir.
R.Z. – Sizin iş fəaliyyətinizdən xəbərdar olan yazarlar təhsilə, təlim-tərbiyəyə yaradıcı münasibətinizi həmişə qeyd edir. Təhsildə novatorluq, təəssübkeşlik, irəliyə getmək, uğur qazanmaq həvəsində yəqin ki, yaradıcı insan olmağınızın da böyük rolu vardır. Amma, əslində həyatda və təhsildə yaradıcı olmaq eyni şeylərdirmi? Bu hisslər qoşadırmı?
V.Q. – Ruhulla müəllim, 21 nömrəli məktəbi gördüyünüz bu vəziyyətə gətirənə kimi hansı əzab-əziyyətə düçar olmuşam, onu mən, məni tanıyanlar, bir də göydəki Allahımız bilir. Lakin, mən nikbin adamam. Hər hansı işə başlayanda heç vaxt sabaha inamımı itirməmişəm. Xülasə, neçə ildir Məhsəti qəsəbəsi salınsa da, burada təhsil ocağı yada düşmürdü. Şagirdlər şəhərin müxtəlif məktəblərinə səpələnmiş, qışın soyuğunda, yazın yağışında həm valideynlər, həm də şagirdlər əziyyət çəkirdi. Yol yox, marşrut işləmir… Bütün bunların nə olduğunu yaxşı bilirsiniz. Bunları nəzərə alıb, qəsəbədə məktəbin yaradılmasına yardımçı olmaq qərarına gəldim. Şəhər Təhsil İdarəsinin razılığı ilə öz evimi məktəb binası etdim. Bir neçə müəllim yoldaşımla qapı-qapı gəzib şagird topladıq. Köməkçi sinif otaqları inşa etdik. 301 şagirdlə fəaliyyətə başlayan məktəbdə hal-hazırda 1700-ə yaxın şagird təhsil alır. Dövlətimizə “əhsən” deyirəm, sağ olsun möhtərəm Prezidentimiz, eləcə də əziz Mehriban xanım. Onun yaxından köməkliyi ilə H.Əliyev fondu bu yaraşıqlı binanı tikdirib müəllim-şagird kollektivinə ərməğan etdi. Qəsəbəmizin sakinləri dövlətimizin onlara yaratdığı bu şəraitə görə çox minnətdardırlar.
Həyatda qətiyyətli, ciddi adamam. Təhsildə olan yeniliklərdən, dünya təcrübələrinin önəmlisini məktəbdə təlqin etmək, tətbiq etmək həyatımın mənasıdır. Bunu özümdən və müəllimlərdən tələb etmişəm və bu gün də tələb edirəm. Şükürlər olsun ki, zəhmətimiz hədər getmədi. Məktəbimiz 2012-ci ildə “İlin məktəbi” adına layiq görüldü. 2012-ci ilin noyabrında isə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edildim. Yaradıcı insan olmağım bu işdə karıma gəlir, qolumdan tutur. Yaradıcılıq və pedaqoji fəaliyyət məni işıqlı sabaha aparan qoşa ali hisslərdir.
R.Z. – Pedaqoji fəaliyyətinizdə hansı arzularınızı həyata keçirməyin hələ də arzusundasınız? Hələ də hansı işləri görmək istərdiniz?
V.Q. – Bəli, pedaqoji fəaliyyətdə arzularım tükənməzdir. İstəyirəm ki, məzunlarımızın sədası dünyanın tanınmış ali təhsil ocaqlarından gəlsin. İstəyirəm ki, onlar vətənimizə, millətimizə baş ucalığı gətirən gənclər kimi yetişsinlər. Axı, bağban yetişdirdiyi güllərlə öyündüyü kimi, müəllim də yetirdiyi məzunlarla öyünür.
R.Z. – Yaradıcı insan olmaq həyatınıza və işinizə hansı üstünlüklər verib və ya həyatınıza hansı çətinlikləri gətirib?
V.Q. – Bütün nailiyyətlər göz qabağındadır. Çətinlik deyəndə isə ilk işə başlayanda maneçilik törədənlər də tapıldı, ayağımın altında quyu qazıb yuxarı orqanlara şikayətlər yazanlar da. Xırda işlərlə, dedi-qodularla həm vaxtımı, həm də sağlamlığımı əlimdən aldılar. Nə isə… Olan oldu, keçən keçdi…Artıq hər şey geridə qalıb. Şaxtada-qarda, 35-40 dərəcə istidə məktəbi tikən ustalarla bərabər bütün çətinliklərə qatlaşaraq araba ilə palçıq daşıdığım günlər gözümün önündə hər dəfə canlandıqca, yeni məktəbin açılışı günü qəsəbə sakinlərinin, şagirdlərin, fidan balaların, müəllim kollektivinin, şəhərimizin rəhbər işçilərinin gözlərində olan sevinci gördükdə, özümü dünyanın ən xoşbəxt insanı saydım.
R.Z. – Rəhbərlik etdiyiniz kollektivdə bu üstünlüyünüz necə qarşılanıb? Müəllim, şagird və valideynlərin hörmətinə və məhəbbətinə hansı dərəcədə nail ola bilmisiniz?
V.Q. – Təvazökarlıqdan kənar olsa da, rəhbərlik etdiyim kollektiv mənə, mən də onlara hörmətlə yanaşıram. Onlarsız mən heç bir iş görə, nailiyyətlər qazana bilməzdim. Yəqin ki, bu sualın cavabını onların özündən soruşsanız, yerinə düşər. Pisimi də, yaxşımı da onlar məndən yaxşı görürlər.
Ruhulla Zahidov, yazıçı-jurnalist.