Sadə obrazların xarakterik səhnə ustası (Respublikanın əməkdar artisti Sevda Orucova haqqında)

Çox böyük tarixi ənənələri olan və bir neçə onilliklər ərzində şərəfli  inkişaf yolu keçən Gəncə Dövlət Dram Teatrı özünün məhsuldar və səmərəli fəaliyyəti ilə milli mədəniyyət salnaməmizə parlaq səhifələr yaza bilib. Bu mədəniyyət ocağı yarandığı gündən teatrsevərlər üçün sözün həqiqi mənasında bir məktəb rolunu oynayaraq sonradan səhnə ustası kimi şöhrət qazanan aktyor və rejissorların demək olar ki, əksəriyyərtinin sənətə gəlməsinin səbəbkarı ola bilib. Aktrisa kimi özünün ilk addımlarını Gəncə Dövlət Dram Teatrının səhnəsində atan sənətçilərdən biri də Respublikanın əməkdar artisti Sevda Orucovadır. İstedadlı və maraqlı səhnə diapazonu olan aktrisa Sevda Orucova indiyə qədər bu teatrın səhnəsində onlarla maraqlı obrazlar yaradıb, özünün orijinal, eləсə də peşəkar ifası ilə geniş tamaşaçı kütləsinin dərin rəğbətini qazana bilib. Aktrisanın Gəncə Dövlət Dram Teatrına ilk gəlişi 1978-ci ilə təsadüf edir. Belə ki, o zamanlar atası ilə birlikdə şənbə və bazar günləri istirahət etmək məqsədilə, sadəcə olaraq teatra gələr, tamaşalara böyük maraq və həvəslə baxardı. Elə bu həvəs və marağın nəticəsində də təhsil aldığı Gəncə şəhər 34 saylı orta məktəbdə oxuyarkən Toxucuların Mədəniyyət Sarayında Respublikanın əməkdar artisti Əlican Əzizovun rəhbərliyi ilə fəaliyyət göstərən dram dərnəyinə üzv yazılması ilə nəticələnib. Bu dərnəyə üzv yazılan gənc qız böyük həvəslə ilk vaxtlar pyeslərdən kiçik parçalarda iştirak edir, öz istedad və bacarığını nümayiş etdirirdi. Sonradan elə bu dram dərnəyində İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesində Anjel obrazı ilə səhnəyə çıxaraq öz gücünü nümayiş etdirməyə müvəffəq ola bilib. Dram dərnəyində olarkən hər zaman Gəncə Dövlət Dram Teatrının tamaşalarına baxdıqca, bu müqəddəs səhnəyə can atar və “Görəsən mən də bu səhnədə yeriyə bilərəmmi”- sualı ilə çox düşünərdi. Elə bu istək və arzu da onu 1980-ci ildə professional səhnəyə Gəncə Dövlət Dram Teatrına gətirib. Orta məktəbi bitirən Sevda Orucova Gəncə Dövlət Dram Teatrında çalışmaqla yanaşı sənədlərini M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təqdim edib. Təəssüf ki, ilk ili İnstituta qəbul ola bilməyib və yenidən doğma teatrında fəaliyyətini davam etdirib. Lakin aktrisa 1982-1986-cı illərdəM. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Dram və kino aktyoru” fakültəsində təhsil ala bilib.

Aktrisanın Gəncə Dövlət Dram Teatrında ilk obrazı Orxan Kamalın “Yad qızı” romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi eyni adlı pyesdə Nərmin obrazı olub. Qeyd edim ki, bu tamaşanın quruluşçu rejissoru, xalq artisti Vaqif Şərifovdur. İlk səhnə debütündən sonra aktrisa bir-birinin ardınca maraqlı və orjinal obrazlar qaleriyası yarada bilib. O, öz yaradıcılığında sadə obrazlarda da mürəkkəb və maraqlı xarakterik cəhətləri qabarıq şəkildə təqdim etməyi xoşlayan bir aktrisa kimi hər zaman diqqət mərkəzində olmağı bacarıb. Obrazlarında səhnə çılğınlığını emosional zərifliklə ahəngdar vəhdətdə təqdim edən Respublikanın Əməkdar artisti Sevda Orucova səhnədə ifa etdiyi rolların əsas ağırlıq mərkəzini hər zaman həssaslıqla müəyyənləşdirməyi bacarıb.

Milli klassik komediya və dramlarda çıxış etdiyi səhnə personajlarından olan S.S.Axundovun “Eşq və intiqam”ında Yasəmən, C.Cabbarlının “Solğun çiçəklər”ində Sara, H. Cavidin “Afət”ində Alagöz, S. Rəhmanın “Toy”unda Zinyət obrazları aktrisanın Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı və bitkin obrazlarındandır.

Gəncə Dövlət Dram Teatrı 1988-ci ildə böyük ədib Cəfər Cabbarlının iki hissəli dramı olan “Solğun çiçəklər” pyesini teatrsevərlərə təqdim edib. Pyesin ilk nümayişi 1988-ci ilin 11 sentyabr tarixinə təsadüf edir. Tamaşanın quruluşçu rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi Oruc Qurbanov, rəssamı isə Asif Məmmədovdur. Bu tamaşada aktrisa Sevda Orucova Sara obrazında çıxış edib. Gənc aktrisaya belə bir ağır obrazın tapşırılması quruluşçu rejissor, respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanovun məhz Sevda Orucovanın yaradıcılığına böyük inamının təzahürü kimi dəyərləndirilməlidir. Mübağiləsiz olaraq qeyd etmək lazımdır ki, aktrisa bu obrazı böyük ustalıq və məharətlə yarada bilib. Hətta tamaşanın məşq proseslərindən bu gün də söhbət düşərkən, aktrisa o illəri maraqla xatırlayaraq, deyir: “Solğun çiçəklər pyesində Sara obrazını mənə təklif edəndə bir az həyəcan keçirdim. Fikirləşdim ki, xalq artisti Sədayə xanım Mustafayeva ilə necə tərəf müqabili olacam. Bu pyesdə üç qadın obrazı var. Sara, Pəri və Gülnisə. Xalq artisti Sədayə xanım Mustafayeva quruluşçu rejissor Oruc Qurbanovun bu traktofkasına qədər artıq Sara və Pəri obrazlarını səhnədə böyük ustalıqla yaradıb. İndi də Gülnisəni oynayacaqdı. İnandırım sizi ki, mən gecələr yuxu nədir bilmirdim. Hər zaman rol üzərində işləyirdim. Çalışırdım ki, heç kim mənə irad tutmasın. Ələlxüsusda Sədayə xanım. Heç zaman unuda bilmirəm. Bir dəfə məşq prosesində replikanı səhv verdim. Bu zaman Sədayə xanım dedi ki, “Qızım replikanı düz ver.” Bax bu söz məni sanki yuxudan ayıltdı ki, sən hələ də rol üzərində işləməlisən. Sonra bu tamaşa böyük maraqla qarşılandı. Yaradıcı kollektivimiz bu tamaşa ilə Azərbaycanın bütün rayonlarında qastrol səfərlərində oldu. Tamaşaçılar o qədər səhnədə baş verən hadisələrin cərəyanından təsirə düşürdülər ki, hətta əsəblərini cilovlaya bilməyənlər belə yerdən Bəhram və Pəri obrazlarını oynayan aktyorlarımıza replikalar da atırdılar. Sara obrazı mənim səhnə həyatımın bir parçasına çevrilə bildi. Bu obrazı çox sevirdim.”

Rövşən Ağayevin “Yeddi oğlan, bir qız”da Nərgiz, Emin Mahmudovun “Tilsimli dağ”da Nərmin, Elşad Məmmədovun “Qapı”da Sənəm, İ. Əfəndiyevin “Qəribə oğlan”da Məlahət, “Ağıllılar və dəlilər”də Azadə, “Ücatılan”da Sərvinaz, “Mahnı dağlarda qaldı”da Gülgəz, Novruz Cəfərovun “Kədərli zarafat”da Mülayim, “Buna da şükür”də Anaxanım, Əhməd İsayevin “Boş barılar”da Mahirə, Mirzə Məhəmməd Axundzadənin “Qanun dəllalı”da Tamara, Hüseynbala Mirələmovun “Vicdanın hökmü”də Aygün, Əli Əmirlinin “Varlı qadın”da Şadxəbər, Oqtay Altunbayın “Şeyx Nizami”də Gözəl obrazları aktrisanın müasir Azərbaycan dramaturqlarının pyeslərində yaratdığı maraqlı obrazları silsiləsinə daxildir.

Gəncə Dövlət Dram Teatrının səhnəsində bir çox orjinal əsərlər müəllifi kimi tanınan, “Azərbaycan” qəzetinin Gəncəbasar bölgəsinin xüsusi müxbiri Əhməd İsayevin “Boş barılar” adlı iki hissəli komediyası maraqla qarşılanan tamaşalardan biridir. Tamaşanın quruluşçu rejissoru, Respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanov, rəssamı isə Asif Məmmədovdur. Bu pyesin Gəncə Dövlət Dram Teatrının səhnəsində ilk tamaşası 11 fevral 1988-ci ilə təsadüf edir.“Boş barılar” komediyasında cərəyan edən hadisələr cəmiyyətimizdə gedən sosial-psixoloji dəyişmələrin ictimai mahiyyətini həssaslıqla göstərməklə yanaşı, eləcə də bu dövr üçün vətəndaş harayı mövzu etibarı ilə bədii dolğunluqla təqdim edilirdi.“Boş barılar”ın əsas ideyasını kənd torpağını boş qoyub şəhərə mənasız axına qarşı mübarizə təşkil edirdi. Müəllif Əhməd İsayev bu ideyanı həm mənəvi-əxlaqi dəyərlər, həm də sosial-ictimai problemlər zəminində göstərə bilib. Aktrisa Sevda Orucova bu komediyada Mahirə obrazında özünün maraqlı cizgiləri ilə kənddə baş verən hadisələrə biganə qalmır, əksinə hadisələrin cərəyanında sujet xəttinin tam dolğunluğu ilə açılıb təqdim edilməsinə müvəffəq ola bilirdi. Onun ifasında Mahirə həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan mərd, qorxmaz bir sima olaraq göstərilirdi.

Gərgin axtarışların zəminində aktrisanın ömür yolu və yaradıcılığına nəzər salarkən bir daha aydın olur ki, o, bəziləri kimi ucuz şöhrət naminə heç zaman paytaxt teatrlarına üz tutmayıb. Sevda Orucova doğma səhnəyə sadiq qalaraq, öz fəaliyyətini burada bu gün də davam etdirir. Qeyd etməliyəm ki, aktrisanın səhnədə olarkən hər zaman aydın və səlist diksiyası, ölçülü-biçili səhnə davranışı maraqla qarşılanır. Sevda Orucova yaradıcılıq ustalığını artırmaq, aktyorluq sənətinin sirlərinə daha dərindən yiyələnmək, öz dəsti-xəttini tapmaq üçün mütəmadi olaraq çalışır, yeni-yeni axtarışlar aparır. Onun bir aktrisa olaraq bu çalışqanlığı rejissorların diqqətindən yayınmır, ona tədricən daha ağır və çətin rollar həvalə edilir. Aktrisa səhnədə dəfələrlə xalq artistləri Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Zülfüqar Baratzadə, Rəmziyyə Veysəlova, Sədayə Mustafayeva və başqa bu kimi adlı-sanlı səhnə ustaları ilə tərəfmüqabil olaraq, oynadığı hər bir tamaşanın uğurlu alınması üçün ciddi səy göstərib. İstər Azərbaycan və istərsə də dünya dramaturgiyasının ən sanballı nümunələrinin səhnə təcəssümündə təcrübəli bir aktrisa kimi öz töhfəsini verən Sevda Orucova bir-birindən maraqlı və yadda qalan obrazlar qalereyası yarada bilib.

Orxan Kamalın “Yad qızı” romanı əsasında Mailə Muradxanlının səhnələşdirdiyi “Yad qızı”da Nərmin, Aurel Baranqanın “İctimai rəy”də Nikuluna Qoloqan və Marçika Tunsu, İvan Bukovçanın “Qana qan”da Mamaça, Mar Bayciyevin “Duel”də Nazlı, Tuncər Cücənoğlunun “Gözəlçələr”də Nəriman, Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”də Qızılgül aktrisanın Gəncə Dövlət Dram Teatrının səhnəsində dünya dramaturqlarının tərcümə əsərlərində yaratdığı maraqlı obrazlarının bir hissəsidir.

Bu gün də Respublikanın əməkdar artisti Sevda Orucova bu pyeslərdən və həmçinin rejissor işindən söhbət düşərkən deyir: “Klassik və eləcə də dünya dramaturqlarının tərcümə əsərlərində hər hansı bir obrazı mənə tapşırarkən sanki bu obrazlarda özümü görürdüm. Deyim ki, bir az da xarakterimə uyğun obrazlar olduğu üçün. Aurel Baranqanın “İctimai rəy” pyesində bir aktrisa obrazı idi ki, səhnədə üç obraz oynayırdı. Hər biri fərqli, başqa-başqa surətlər. Hətta bu tamaşada mənim dublyorlarım da vardı. Yaxşı xatırlayıram. Şuray Nəvai və Elnaz Yusifova. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Vaqif Şərifov idi. Bu dövrlərdə mən cavan idim. Çox zaman qorxurdum və dublyorlarımın məşqinə belə baxmırdım ki, sonra səhnədə həmin mizanları mən təkrar etməyim. Rejissor Vaqif Şərifov üç gün ardıcıllıqla mənim məşq edəcəyimi dedi. Bildirdi ki, bu tamaşanı sən oynayacaqsan. O zaman anladım ki,bu böyük bir məsuliyyət deməkdir.”

Geniş ampulaya malik bir aktrisa kimi Sevda Orucovanın yaratdığı obrazlar öz həyat mövqeyi, xarakteri və dünyagörüşü etibarı ilə bir-birindən kəskin şəkildə fərqlənə bilir. Obrazın daxili aləminə nüfuz etmək, incə ştrix və detallar vasitəsilə onun əsərdəki yerinin və rolunun, habelə tamaşanın ümumi qayəsinin daha dəqiq açılmasına nail olmaq bacarığı, çevik plastika bir aktrisa kimi Sevda Orucovanı səciyyələndirən əsas amillərdəndir.

Gəncə Dövlət Dram teatrında aktrisa Yusif Bağırov, Məhəmməd Bürcəliyev, Oruc Qurbanov, Hilal Həsənov, Rafiq Atakişiyev, Vaqif Şərifov, İradə Gözəlova, Gümrah Ömərov, Bəhram Osmanov kimi rejissorlarla işləyərək bir-birindən fərqli obrazların səhnə həyatını maraqla yaşaya bilib. “Bu gün rejissorlarımızın işi sizi qane edirmi” sualı verilərkən, Sevda Orucova deyir: “Əgər tamaşaçı tamaşaya baxırsa, onu qəbul edirsə, demək ki, ilk növbədə rejissor işi uğurlu alınıb. Biz aktyorlar da obrazlarımızı rejissor yozumuna görə sevdirə bilirik. Məsələn, deyim ki, Gəncə Dövlət Dram Teatrının baş rejissoru olan İradə Gözəlova kimi bir rejissorla işləmək çox çətindir. Çünki o, məşq proseslərində bir rejissor kimi düşüncələrini və istədiyini alır aktyordan. Fikirləri də maraqlıdır. Sadəcə, fikirləri maraqlıdır. İdeya və düşüncələri yenidir. Bu kimi rejissorlarla işləməkdən hər zaman zövq alıram. Teatrda ən çox sevdiyim tamaşalardan biri də Tofiq Mahmudun “Onuncular” pyesi olub. Bu tamaşanın çox maraqlı bir gənclərdən ibarət yaradıcı heyəti vardı. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Məhəmməd Bürcəliyev çox gözəl bir heyyət yarada bilib. Hər dəfə bu tamaşanı böyük maraq və həvəslə gəlib oynayırdıq. Məktəblilər üçün çox maraqlı bir quruluş idi. Yenidən bu pyesə müraciət olunmasını çox istərdim.”

Qeyd etməliyəm ki, Respublikanın əməkdar artisti Sevda Orucova dəfələrlə Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi ilə birgə MDB və Türkiyədə qastrol səfərlərində olaraq Azərbaycan milli teatr sənətinin bu günkü naliyyətlərinin başqa xalqlara çatdırılmasında fəal iştirak edib.

Aktrisanın səhnə fəaliyyəti televiziya rejissorlarının da marağını cəlb edərək, “Gürzə”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında maraqlı obrazlar yarada bilib.

O, hər zaman teatra bağlı bir aktrisa olaraq öz yaradıcılığında ustadlarına minnətdardır. Onun səhnə fəaliyyəti böyük bir sənət məbədindən keçərək bu gün də uğurla inkişaf edir. Aktrisa öz yaradıcılığına nəzər salarkən deyir: “38 illik səhnə fəaliyyətimdə hələ xatırlamıram ki, hansısa bir obrazdan imtina edim.  Obrazın böyük və kiçikliyinə heç zaman fikir vermədim. Özümü teatrsız təsəvvür etmirəm. Xoşbəxt aktrisayam ki, sənət fədailəri ilə birgə fəaliyyətim olub. Bu gün də bu məktəbi davam etdirirəm.”

Anar Bürcəliyev

Teatrşünas

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.