Səninlə qürur duyuruq Azərbaycan Əsgəri!

“Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!
Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz”.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV
Yazıma Ulu Öndər Heydər Əliyevin illər əvvəl ordumuz haqqında demiş olduğu güvən qoxan, dəyərli fikirləri ilə başlamaq istədim. Çünki artıq bu fikirlər öz təsdiqini tapdı,30 il ərzində biz torpaqlarımızı qan tökmədən, sülhlə geri qaytarmağı gözlədik,ancaq qəddar düşmən öz çirkin əməllərindən əl çəkmədi, müxtəlif zamanlarda sərhəddə atəşkəsi pozdular, hər dəfə də müzəffər ordumuz düşməni cavab atəşi ilə susdurmağı bacardı. Ancaq son illər xalqımız tarixi yenidən yazmaq istəyirdi.Və qüvvətli Azərbaycan Ordusunun səyi ilə bu baş verdi.
44 günlük Vətən müharibəsi Azərbaycanın ən şanlı, ən qürurlu tarixi kimi yazıldı dünyanın tarixinə.Elə yazıldı ki, bir daha silinməyəcək, elə yazıldı ki, əsrlər boyu tarix olaraq qalacaq. Biz bu tarixi canlı yaşayaraq 44 gündə hər gün bir az daha çox qürurlandıq, bizdən sonrakı nəsillər isə hər zaman tarix kitablarından oxuyacaq və bir ömür belə bir ölkənin vətəndaşı olduqları üçün qürur duyacaqlar! 30 ilə qarşı durdu 44 gün, 30 ildə damla-damla itirdiklərimizi 44 gündə geri qaytardıq. ”Geri qaytardıq” deyərkən bir az susqunluq yaranır insanda…
Bəlkə də bu ifadəni “geri qaytardılar”desək daha düzgün və gözəl səslənər. Axı bizə itirilən torpaqlarımızı, bununla birgə itirilən qürurumuzu da Ordumuz qaytardı. Ali Baş Komandan İlham Əliyev və onun tabeliyində olan Azərbaycan Ordusu.
Bu gün “torpaqlarımızı geri qaytardıq”deməyə də ən çox onların haqqı çatır…
Ali Baş Komandan cənab İlham Əliyev hər zaman öz nitqində deyirdi ki, ”nə vaxt, nəyi, necə etməyi, biz bunu bilirik”.
Əlbəttə, biz bilirdik ki, ordunun qalib olması üçün hərbi texnika güclü olmalıdır, ordu ən müasir silah və sursatla təmin olunmalıdır. 30 il gözlədik, ordumuz gücünə güc qatdı, təlimlər keçdi, ən yeni silah-sursatla təmin olundu. Səbr etdik, Qarabağ həsrəti ilə yatdıq, yuxudan oyandıq. Hər xeyir işlərimizdə, bayramlarda “İnşAllah Qarabağda” ifadəsini işlətdik. Bəzən səbr etməkdən yorulduq, ancaq inandıq və güvəndik. Azərbaycanın müzəffər ordusuna güvəndik, Azərbaycan əsgərlərinə pənah gətirdik.
Və o gözlənilən, ən doğru zaman çatdı. 27 sentyabr-“İkinci Qarabağ müharibəsi” başladı. Bəlkə də, düşmən yenə qarşısında 1990-cı ildəki Azərbaycan Ordusunu gözləyirdi, bəlkə də onlara hər şey o zamankı kimi asan gəlirdi. Ancaq unutduqları bir məqam var idi, Azərbaycan böyümüşdü, gücünə güc qatmışdı, ən əsası bu dəfə bu ölkə nəyi, nə zaman və necə edəcəyini bilən Ali Baş Komandanın ətrafında birləşmişdi. Azərbaycan xalqı bir amal, bir məqsəd üçün yumruq kimi birləşmişdi. Ən əsası Ordumuz artıq köhnə silah-sursatla deyil, ən yeni texnikalar ilə təmin olunmuşdu. Ən əsası qəddar düşmənin unutduqları bir məqam var idi, Azərbaycan Gəncliyində dünyanın heç bir ölkəsində olmayan Vətən eşqi, Vətən sevgisi var idi. Və bu sevgi 30 illik həsrət ilə birləşmişdi…
Xarı bülbülün ətri çox uzaqlardan gəlirdi. Cıdır düzündə düşmənin rəqsi ürəyimizə ox kimi dəyib-toxunmuşdu. Vətən sevgisi, torpaq həsrəti, düşmənə nifrət hisləri qarışmışdı…
Güclü silah təchizatı, ən müasir texnikalardan istifadə edilməsi müharibəni qazanmaq üçün şərt idi. Ancaq müharibədə insan amili hər şeydən, hətta silah-sursatdan da daha vacib idi. Hər şeydən üstün olan o insan amili isə Azərbaycanın Ordusunun əsgərləri idi. Ölkəmizdə tam səfərbərlik elan olunmasa da, yüzlərlə gənc könüllü qoşulmuşdu ordumuzun sıralarına! Bu ordunun əsgərləri, xalqımın igid oğulları bu günü çox uzun zaman idi gözləyirdilər…
Tam 30 il…
Hər dəfə 3-5 günlük döyüşlər zamanı “döyüş dayanır”əmri veriləndə məyusluq keçirirdi, irəli getmək, torpaqlarımızı azad etmək üçün sinəsini sipər etmək, bu yolda canlarından belə keçmək istəyirdilər.
Və 27 sentyabr tarixi o gün idi. Bütün bunların nəticəsi idi ki, xalqımız bu müharibədən qalib gəldi, qalib ölkə, qalib ordu olmağı bacardıq!
Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, ”məğlub ölkə”, ”uduzmuş xalq”sindromunu qırdı. Tarixi dəyişdilər, əsgərlərimiz qollarının gücü ilə, qanları ilə tarixi dəyişdilər, yeni şərəfli tarix yazmağı bacardılar. Ordumuzun əsgərləri öz gücünü tək düşmənə göstərmədi, bütün dünyaya sübut etdi. Dünya mediası da ordumuzun gücündən yazırdı. Bütün dünya ölkələri əsgərlərimizdə olan torpaq sevgisinə olan heyranlıqlarını gizlədə bilmirdilər. Biz bütün bunları geridə buraxdığı ailəsini unudaraq torpaqlarımızı geri qaytarmaq üçün daha da irəli gedən, yaralı olduğu halda xəstəxanadan çıxıb, əsgər yoldaşının yanına getmək istəyən oğullarımızın timsalında gördük.
Gələcək nəsillər üçün dastan, əfsanə kimi görünən bütün bu qəhrəmanlıqları bizim əsgərlərimiz etdi, bacardı. Ordumuz keçilməz deyilən yerlərdən keçdilər, girilməsi mümkün görünməyən yerlərə bayrağımızı sancdılar, düşmənin “qaytarmarıq”dedikləri öz babalarımız yaşadıqları torpaqlarımızl xalqımıza geri qaytardılar. Qəddar düşmən Gəncə, Bərdə, Tərtərdə mülkü insanlarımızı hədəf alarkən, bizim ordumuz mərdcəsinə düşmənin bütün ordusunu döyüş meydançasında məhv edərək, onların qeyri-mümkünlərini mümkün etməyi bacardı! Torpaqlarımızı Azərbaycan əsgəri azad etdi, heç nədən qorxmayan bir əlində bayraq, bir əlində silah düşməni “iti qovan kimi”qovan həmin Azərbaycan əsgəri!
Və bu gün qürurla özümüzü qalib ölkənin vətəndaşı adlandıra biliriksə, bunu sizə borcluyuq, Azərbaycan Ordusu!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.
Etdiklərin üçün, edəcəklərin üçün sağ ol, Azərbaycan Əsgəri!
Eşq olsun Azərbaycan Əsgərinə!
Yaşasın Azərbaycan Ordusu!
Aysel Alızadə,
Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin müəllimi.
Bir 1 nəfər, standing və içəridə şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.