Bu gün Azərbaycan teatr tarixindən söz düşərkən mübağiləsiz olaraq müstəsna xidmətləri olan görkəmli teatr xadimi, Tiflis Türk Dövlət Dram Teatrı və həmçinin Gəncə Dövlət Dram Teatrının inkişafında xüsusi xidmətləri olan, Respublikanın Əməkdar artisti Əhməd Salahlı haqqında danışmamaq mümkün deyil. Əhməd Salahlı Azərbaycan realist-dramatik aktyor məktəbinə məxsus yaradıcılıq yolu kecən, şən və oynaq komediya obrazlarının, həmçinin, mürəkkəb faciə xarakterlərinin səhnədə göstərilməsində öz məharətli cıxışları ilə hər an dramatik ritmə, coşqun daxili ehtirasa, eləcə də tamaşaçı ilə maraqlı ünsiyyətə malik olan bir aktyor kimi bu gün də yaddaşlarda yaşayır.
Teatr ictimaiyyəti tərəfindən “Salahlı” səhnə təxəllüsü ilə tanınan Əhməd Məmmədov1897-ci ildə Tiflisdə Şeytan-bazar məhəlləsində dəmirçilik edən Musa kişinin ailəsində anadan olub. Əhməd Salahlının atası Musa kişi dövrünün sayılıb-secilən ağsaqqallarndan biri olmaqla, incəsənətə və xüsusən, musiqiyə böyük maraq göstərib. Elə bu marağın nəticəsində də o, kicik Əhmədin təhsil almasına calışaraq, oğlunu üçsinifli məktəbdə oxutdurub. Əhməd Salahlı təhsil aldığı müddətdə on dörd yaşında ikən, yəni, 1911-ci ildən başlayaraq, teatr sənətinə maraq göstərib. Elə bu marağın nəticəsi olaraq da bu illərdə o, Tiflisdə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov kimi sənət fədailərinin başçılğı ilə müxtəlif teatr dəstələrinin fəaliyyət göstərdiyi bir zamanda Mirseyfəddin Kirmanşahlı, Rza Təhmasib, İbrahim İsfahanlı ilə birlikdə “İbrət” və “İttihad” dram dəstələrində bir-birinin ardınca maraqlı çıxışlar etməyə başlayıb. İlk vaxtlarda epizodik və sözsüz rollarda səhnəyə çıxan Əhməd Salahlıda get-gedə bu sənətə coşqun həvəs oyanaraq, 1916-cı ildən başlayaraq, sözlü və irihəcimli obrazlarda çıxışlar edib. Məhz respublikanın əməkdar artisti Əhməd Salahlının peşəkar teatrda səhnə fəaliyyəti də bu ildən başlanır.
Tarixi mənbələrə əsaslansaq görürük ki, Tiflis teatr ictimaiyyətinin ciddi maraq göstərdiyi qüvvətli aktyor truppaları 1921-ci ilin ikinci yarısından birləşərək yaradıcı kollektivə dövlət statusu almaq məqsədilə axtarışlarını davam etdirirlər. Bu dövrdə osmanlı ədibləri kimi tanınan Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin “Əmir Əbül Üla” dramını tamaşaya hazırlayaraq dövlət komissiyasına təqdim edirlər. Bu tamaşa teatr ictimaiyyətinin böyük marağına səbəb olur və kollektiv 1922-ci ildən Tiflis Türk Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayır. Bu illərdə məhz teatrın truppasına qəbul olunan ilk aktyorlardan biri də Əhməd Salahlı olur. Klassik və müasir Azərbaycan dramaturqlarının pyeslərindən olan Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”da Süleyman bəy, “Leyli və Məcnun”da Nofəl, Cəlil Məmmədquluzadənin “Ölülər”də Şeyx Əhməd və İsgəndər, Hüseyn Cavidin “İblis”də Birinci zabit, Arif və İblis, “Uçurum”da Əkrəm, “Şeyx Sənan”da Platon, “Topal Teymur”da Topal Teymur, “Knyaz”da Knyaz, Böyükağa Talıblının “Keyf içində”də Molla Abuş, Cəfər Cabbarlının “Sevil”də Balaş, Səməd Vurğunun “Vaqif”də Vaqif, Rza Şahvələdin “Qız qalası”da Gündüz, eləcə də tərcümə pyeslərindən olan Nikolay Qoqolun “Müfəttiş”də Osip, Ələkbər Seyfinin təbdili olan “Harun ər Rəşid”də İvanın dostu, Adolf D”Enneri və Kermonun “İki yetimə”də De Ponti, Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin “Əmir Əbdül Üla”da Məsud obrazları aktyorun Tiflis Türk Dövlət Dram Teatrının səhnəsində yaratdığı maraqlı obrazları silsiləsinə daxildir. Əhməd Salahlı bir müddət burada fəaliyyət göstərdikdən sonra, 1930-cu ilin əvvəllərində Bakıya gələrək Türk İşçi teatrının truppasına daxil olur. Respublikanın əməkdar artisti Əhməd Salahlı Türk İşçi teatrında çox qısa zamanda aparıcı aktyorlardan biri olaraq Cəlil Məmmədquluzadənin “Ölülər”də Hacı Həsən ağa, Boris Lavrenyovun “Hücum”da Leytenant Fon Ştube, Aleksandr Tolstoy və Pavel Şeqolyovun “Romanovlar sülaləsinin son günləri”də Knyaz Yusupov – Feliks, Fyodor Pavlovun “Çin tanrısı” və ya “Tünc büt”də Henri Olbrij, Jan Batist Molyerin “Cancur Səməd”də Cəmil, Hacıbaba Nəzərlinin “Yollar”da Kamran, Əbldülbağı Fövzinin “Gizli əl”də Xaspolad obrazları ilə komediya və dramatik pyeslərdə tipik səhnə personajlarının mahir ifacısı kimi diqqəti cəlb edir.
Qeyd etmək lazımdır ki, 1921-ci ilin noyabr ayının 13-də Süleyman Sani Axundovun “Çərxi-fələk” pyesinin tamaşası ilə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı fəaliyyətə başlayıb. O illərdə belə bir teatrın yaradılması sözün əsl mənasında cəsarətli bir addım idi və təsadüfi deyil ki, dövrünün ictimai xadimləri olan Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Ruhulla Axundov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev bu teatrı cəsarət teatrı adlandırırdılar. 1974-cü ildə nəşr olunan “Azərbaycan” jurnalının 5-ci sayının 174-cü səhifəsində qocaman səhnə xadimi, xalq artisti Hacıağa Abbasovun xatirələrində oxuyuruq: “Biz tamaşalarımızın təsir gücünü qəzetlərdə dərc olunan resenziyalarla yox, bizə qarşı olan irticanın, təhqir və təhdidlərin artması ilə ölçürdük.”
Bu teatrın tarixinə nəzər salarkən teatrşünas-tənqidçi, Sənətşünaslıq doktoru, professor İlham Rəhimli isə yazırdı: “Bakıda 1920-ci ildə rus dilində Tənqid və Təbliğ teatrı yaradılıb. Bu teatr ötən ilin əvvəllərində Bakıya qastrola gələn “Yarasa” kollektivinin truppası əsasında təşkil olunub. Teatrın əsas məqsədi Azərbaycanda yenicə hakimiyyətə gələn Sovet hökumətinin ideoloji platformasını, ideyalarını təbliğ etmək idi. Patiya liderləri bunun səmərəsini gördükləri üçün Azərbaycan dilində də belə bir kollektiv yaradılmasına qərar verdilər. İlkin hazırlıq işləri görüldü, yığcam truppa yaradıldı və məşhur səhnə ustaları, bu günki Akademik Milli Dram Teatrının (o vaxtı Türk Dövlət Dram Teatrosu adlanırdı) aktyorları Mirzağa Əliyev və Hacıağa Abbasov teatra konferansye götürüldülər. Xalq komissarları şurası teatrın təntənəli açılışına hazırlıq işləri aparılması üçün 16 nəfərdən ibarət komissiya yaratdı. Dövlət xadimlərinin çoxluq təşkil etdiyi həmin komissiyaya dramaturq Nəriman Nərimanov, aktyorlardan Sidqi Ruhulla, Hüseynqulu Sarabski, Məmmədhənifə Terequlov (Tanrıquliyev), gürcü səhnə ustası Vasadze də daxil idilər. Komissiyanın göstərişi ilə teatrın direktoru Hacıağa Abbasov Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə gedib, oradakı eyni tipli sənət ocağından rejissor David Qutmanı və konferansye Orejkovu Bakıya dəvət etdi. Milli dram teatrının aktyorlarından Mirmahmud Kazımovski, Əhməd Qəmərli (Qəmərlinski), Murad Muradov, Ağahüseyn Cavadov, Rüstəm Kazımov yeni truppaya qəbul olundular. Aleksandr İvanov teatra rejissor, Sidqi Ruhulla baş rejissor ştatına götürüldülər (Bir müddət onlar vəzifə kürsülərini dəyişirdilər). Hər gün sərasər beş-altı saat məşq gedir və Süleyman Sani Axundovun (Axundzadə kimi də yazılıb) “Çərxi-fələk indi tərsinə dönərmiş” (“Çərxi-fələk”), Abdulla Şaiqin “Yazıya pozu yoxdur”, Məmməd Səid Ordubadinin “Sabotajçılar” (“Sabotajniklər” də yazılırdı), Cəlil Məmmədquluzadənin “Kamança” pyesləri paralel şəkildə tamaşaya hazırlanırdı.”
1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi tearının kollektivi Gəncəyə gələrkən truppa ilə birlikdə Əhməd Salahlı da buraya gəlib. Əhməd Salahlı səkkiz ildən çox bir müddət ərzində 1940-cı ilədək bu teatrın səhnəsində aktyor kimi çalışıb və maraqlı, orjinal obrazlar yarada bilib. Aktyorun böyük ustalıq və məharətlə bu teatrın səhnəsində yaratdığı Qurban Musayevin “Şərqin qalası”da Turab, Həsənağa Quliyevin “Qohumlar”da Qulam, Əbil Yusifovun “Babək”də Babək, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”da Ohan yüzbaşı, Cəfər Cabbarlının “1905-ci ildə”də Eyvaz, Mirzə İbrahimovun “Həyat”da Akif, Səməd Vurğunun “Vaqif”də Vaqif, Məmmədhüseyn Təhmasibin “Bahar”da Qaya, Sabit Rəhmanın “Toy”da Dəmirçi Musa, Vasili Şkvarkinin “Özgə uşağı”da Yusif, Lev Şeynin və Tur qardaşlarının “Üzləşdirmə”də İvan İvanoviç, Georgi Mdivaninin “Vətən namusu”da Ameran, Uilyam Şekspirin “Otello”da Yaqo, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”də Murov, Aleksandr Puşkinin “Daş qonaq”da Don Juan, Nikolay Qoqolun “Müfəttiş”də Bələdiyyə rəisi, Fridrix Şillerin “Qaçaqlar”da Karl Moor, Nikolay Poqodinin “Kreml saatı”da Zabelin surətləri milli müəlliflərin eləcə də Avropa, rus, gürcü ədiblərinin tərcümə əsərlərində yaratdığı obrazlarının bir qismidir.
Professor Bağır Bağırov Gəncə Dövlət Dram teatrının 60 illik yubileyi ərəfəsində 1981-ci ildə “İşıq” nəşriyyatı tərəfindən capdan cıxan “60 il xalqın xidmətində” kitabında respublikanın əməkdar artisti Əhməd Salahlının obrazlarına nəzər salarkən yazır: “Əhməd Salahlı təbii aktyor idi. Hər cür süni səs-küy, yersiz hərəkət, yüngül jest və pozalar nümayiş etdirmək, zahiri dəbdəbə Əhməd Salahlının sənətinə yabancı idi. O, ifa etdiyi hər bir obrazı daxilən duyur, onu yaşayırdı.”
Qeyd etmək lazımdır ki, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda bir sıra ailə qayğıları və problemləri ilə bağlı olaraq Əhməd Salahlı Tiflis şəhırinə yenidən köçərək, Tiflis Dövlət Azərbaycan teatrına gəlib. Lakin 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı öz fəaliyyətini dayandırdığından o, yenidən Bakıya xalq artisti Ədil İsgəndərovun dəvəti ilə Akademik Milli Dram teatrının truppasına qəbul olunub. Akademik Milli Dram teatrının səhnəsində yaratdığı səhnə surətlərinin bədii-estetik cəhətdən daha dolğun və orjinal bir səpgidə təqdim olunması aktyorun böyük sənət məktəbinin göstəricisi olaraq diqqəti cəlb edir. Belə ki, Səməd Vurğunun “Xanlar”da Stepan, “Vaqif”də İbrahim xan, Ənvər Məmmədxanlının “Od içində”də Əli Boyaqçı, “Şərqin səhəri”də Orconikidze, Əbdürrəhim bəy Haqverdiyevin “Köhnə dudman”da Sadıq bəy, “Pəri cadu”da Niyaz, Məmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular”da Yazıçı, Aleksandr Fadeyevin “Gənc qvardiya”da Fedor Fedoroviç, Uilyam Şekspirin “Otello”da Baş Senator, Boris Lavrenyovun “Amerikanın səsi”də Brested, Vadim Sobkonun “İkinci cəbhə arxasında”da Artur Krosbi, Nazim Hikmətin “Türkiyədə”də Əhməd, Boris Çirskovun “Qaliblər”də Panteleyev surətləri maraqla qarşılanan obrazlarındandır.
Əhməd Salahlı həmçinin quruluşçu rejissor kimi də fəaliyyət göstərib. Onun rejissor olaraq Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”, Etel Voyniçin “Ovod” pyeslərinin səhnə traktofkası maraqla qarşılanan quruluşlarından biri hesab edilir.Eyni zamanda o, “Düşmənin arxasında” adlı bir pyesini yazıb və bu əsər Tiflis Dövlət Azərbaycan teatrında uğurla səhnəyə qoyulub.
Əhməd Salahlı 23 fevral 1940-cı ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. Böyük sənətkar 1953-cü ildə Bakıda vəfat edib. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, respublikanın əməkdar artisti Əhməd Salahlının vəfatından 65 il ötməsinə baxmayaraq, onunla bağlı heç bir dövrü mətbuatda geniş formada yazılar dərc edilmir və ya xatirə verilişləri belə hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün heç bir addım atılmayıb. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?
Bəlkə də elə biz, özümüzük!
Anar Bürcəliyev
Teatrşünas