Səhnənin əvvəlində və sonunda hər kəs alqış alır. Əsl istedad səhnənin ortasında alqış almaqdır.
Əminliklə deyə bilərəm ki, Azərbaycanda film və “stand up” sahəsi keyfiyyət baxımından hələ uzun illər teatrdan geridə qalacaq. Baxmayaraq ki, həmin sahələrə daha çox pul xərclənir. Bu isə dövrün tələbidir…
Mənim üçün aktyora pərəstiş ilk dəfə Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərindən başlayıb. Deyə bilərikmi, hazırda teatr aktyorlarımız Oqtay qədər fədakardır? Əlbəttə.
Yaradıcı adamlar çox fədakar olur. Onları adətən “qonorar” yox, ortaya qoyduqları işin keyfiyyəti maraqlandırır. Nəzərə alsaq ki, teatrda çıxış üçün aktyorlar ortaya qoyduqları zəhmətin qarşılığında qat-qat az gəlir əldə edirlər, deməli, onlar bu işi sevərək edirlər.
23 aprel tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “O olmasın, bu olsun” tamaşasına baxdıq.. Teatr binasına girdiyimiz andan etibarən artıq hər şeyin izləyici üçün nəzərdə tutulduğu görünür. Gördüklərim qarşısında təəccüblənmədim desəm, yanılmış olaram. Dəfələrlə səhnəyə qoyulan bir tamaşa üçün zalın izləyici ilə dolub-daşması aktyorların istedadından, təşkilatçılığın yüksək səviyyədə aparılmasından xəbər verir.
Televiziyada dəfələrlə eyni adlı filmi izləməyimizə baxmayaraq, görəsən, bundan sonraki səhnədə nə baş verəcək deyə düşünürdük. Sanki ilk dəfə izləyirmişik kimi…
Orkestr, aktyor və aktrisaların səsi, səhnədəki rənglər nə qulağımızı, nə də gözümüzü yordu. Diqqətimi çəkən nüanslardan biri də zalda əyləşən izləyicilərin arasında hər yaş kateqoriyasına aid insanların olması idi. Həmin azyaşlılar da tamaşanı sonuna qədər, zövqlə izlədi.
Tanınan simaların səhnə aldığı bu tamaşada aktyorlara fədakar demək azdır hələ. Bu cür gözəl, qüsursuz tamaşanı ərsəyə gətirmək üçün gərək zamana qənaət etməyəsən. İnsan üçün ən dəyərli şey zaman olsa da, aktyorlar izləyicini daha dəyərli hesab edirlər.
İlk səhnədən son səhnəyə qədər keçidlər, musiqi bir-birini gözəl bir şəkildə tamamlayırdı. Məşədi İbadın “bəy hamamı” səhnəsi isə izləyicidə “vau” effekti yarada bildi. Sosial media dönəmində böyüyən azyaşlıları təəccübləndirmək olduqca çətindir. Teatrın aktyorları isə, bunu da bacara bildi.
Teatr sahəsinə ayrılan maliyyə nə qədər yüksək olsa, o qədər gözəl işlər ortaya çıxacaq. Çünki, həm Azərbaycan, həm də əcnəbi yazarların səhnəyə çıxarılmaq üçün gözləyən, olduqca dəyərli əsərləri var. Azərbaycan aktyoru bunu bacarar! Teatrın inkişafı və teatra maraq toplumun nə qədər mədəni olmasından xəbər verir.
Əgər seçim qarşısında qalsam, hazırki Azərbaycan filmi olmasın, teatr olsun deyərəm!
Əfsanə Kamal