Belarus Respublikasında keçirilən “Belaya veja – 2023” Beynəlxalq Teatr Festivalının münsiflər heyətinin sədri, eləcə də bir sıra beynəlxalq teatr festivallarının kuratoru, rusiyalı gənc tənqidçi Alisa Litvinova Azərbaycan Dövlət Akademik Musiqili Teatrın qonağı olub.
Gununsesi.info xəbər verir ki, Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin dəvəti ilə Bakıya gələn Alisa Litvinova Musiqili Teatrın kollektivi və repertuarındakı tamaşalarla yaxından tanış olub.
O, “Lara Martin’s Jazz Club”, “Paris Notr-Dama ithaf”, “Silva”, “Kimdir müqəssir?” “Psix”, “Məchul pilləkən”, “Anamın kitabı”, “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Sehirli nəğmə” və digər tamaşalara baxıb, onların müzakirələrində təssüratlarını, həmçinin irad və təkliflərini bölüşüb, eyni zamanda Rusiya teatr prosesi barədə də danışıb.
Musiqili Teatrın Beynəlxalq layihələr üzrə koordinatoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov qonağı şəhərin görməli yerləri ilə də tanış edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı müxtəlif ölkələrdə fəaliyyət göstərən sənət adamları, prodüserlər, teatr tənqidçiləri ilə sıx əlaqə saxlayır, təcrübə mübadiləsi aparır, onları ölkəmizə dəvət edir. Bu əlaqələrin davamı kimi teatrın kollektivi də bir çox beynəlxalaq konfrans, festival və müsabiqələrdə uğurla iştirak edir.