Hələ orta məktəbdə oxuyanda jurnalistikaya böyük həvəsim var idi. Arabir məktəbdə keçirilən iməcliklər, ədəbi-bədii gecələr və digər tədbirlər, eləcə də kəndimizin “Şəfəq” sovxozunda Şərafət Nabatovun tərəvəzçilik briqadasında işləyərkən briqadamızın qazandığı uğurlar haqqında yazdığım qısa məqalələrim Sovetlər dövründə Astara rayonunda çıxan “Sovet Astarası” qəzetində dərc olunurdu. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra sənədlərimi o dövrdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə verdim. Mənimlə paralel “10A” sinfini bitirən Azər Qasımov isə sənədlərini səhv etmirəmsə, Azərbaycan Politexnik İnstitutuna vermişdi.
1984-cü ilin iyul ayı idi. Bir neçə gündən sonra – avqustun 1-də – Azərbaycanın bütün ali məktəblərində qəbul imtahanları başlanacaqdı. Kəndin Mədəniyyət Evində Azərlə görüşdüm. Azər də avqustuin 1-də Bakıya qəbul imtahanlarına gedəcəkdi. Mənim ilk qəbul imtahanım SSRİ tarixindən idi. İmtahan 1984-cü il avqustuin 1-də, 15:00-a təyin olunmuşdu. Azərin ilk imtahanı isə avqustun 1-i, saat 9-da olacaqdı. Azər imtahanım başlanana kimi gəlib mənimlə Universitetin qarşısnda görüşəcəyinə söz verdi.
Beləliklə, Universitetin qarşısında dayanıb imtahan növbəmi gözləyirdyim. Elə bu əsnada Azər, yanında da 11-12 nəfər gənc oğlan, gəlib dediyi vaxtda məni Universitetin qarşısında tapdı. İmtahanıma hələ təxminən iki saat vaxt qalmışdı. Azər ilk qəbul imtahanından – riyaziyyatdan “4” almışdı. Sevincinin həddi-hüdudu yox idi. Əlini sıxıb, bağrıma basıb onu təbrik etdim. Universitetin yanındakı skamyaların birində oturub imtahanı necə verməyindən danışdı. Mənə ümid, təsəlli verdi.
Elə bu əsnada gənc bir oğlan bizə yaxınlaşdı. Özünü daşkəsənli Fərrux kimi təqdim etdi. Onun yanında bir cavan oğlan da var idi. Cavan oğlan da özünü Fərruxa orta məktəbdə dərs demiş tarix müəllimi Səfər kimi təqdim etdi. Müəllimi də Fərruxla gəlmişdi qəbul imtahanına. Məlum oldu ki, Fərrux da sənədlərini jurnalistika fakültəsinə verib.
Fərruxun tarix müəllimi mənə təklif etdi ki, Fərruxla tarixdən bir az sual-cavab edim. Mən Fərruxa SSRİ tarixindən çoxsaylı suallar verdim. Maşallah, düzgün, yanlış olduğunu bilmirdim, amma Fərrux bütün suallara cavab verirdi. Müəllimi də onun cavablarının düzgünlüyünü başı ilə təsdiq edirdi. Mən əslində SSRİ tarixindən cavablarını bilmədiyim sualları Fərruxa verirdim ki, bəlkə onun cavablarından bir şey öyrənə biləm.
Sonra növbə Fərrux mənə SSRİ tarixindən sual verdi. Mənə bir neçə sual verdi, amma heç birinə müəlliminin dediyinə görə, düzgün cavab verə bilmədim. Azər də özü ilə gətirdiyi dost-tanışları ilə mənə baxıb başını bulayırdı ki, “bu necə imtahana hazırlaşmaqdır?!”
Birdən Fərruxun müəllimi üzünü mənə tutub dedi:
– Ay qardaş, bu savadla imtahana girməyi sənə məsləhət bilmirəm. Bax mən bu Fərruxu SSRİ tarixi imtahanına elə hazırlamışam ki, o imtahandan mütləq “5” alacaq.
Bu zaman söhbətə Azər müdaxilə etdi:
– Müəllim, bağışlayın, buna da Astara rayonunun Səməd Vurğun adına Təngərüd kənd məktəbinin əlaçı məzunu Yadigar deyərlər. O, imtahandan mütləq “5” alacaq.
Cavan müəllim hövsələdən çıxdı:
– Yaxşı, gəl belə danışaq: əgər mənim şagirdim imtahandan “5” alsa, sən mənə 25 manat verərsən. Yox, əgər sənin Yadigar dediyin bu dostun imtahandan “5” alsa, mən sənə 25 manat verərəm. Başqa qiymət yox ha, ancaq “5”.
Azər razılaşdı, mərc kəsdilər.
İmtahana birinci Fərrux adlı həmin oğlan girdi. Hamımız oturub müəllimi ilə birlikdə Fərruxun imtahandan çıxmasını gözlədik. Birdən Azər başı ilə mənə işarə elədi ki, gedək bir kvas içək. Azər, onun dost-tanışları və mən getdik kvas içməyə. Azər məni bir kənara çəkib dedi:
– Yadigar, gör sənə nə deyirəm. Mən o müəllimlə mərc kəsmişəm 25 manatdan. İndi sən imtahanı verə bilməsən, mən gərək kişiyə 25 manat pul verəm. Gəl belə edək: Sən SSRİ tarixi imtahanından “5” aldın, almadın… Universitetin binasından çıxırsan eşiyə dünya futbol çempionatının finalında sonuncu dəqiqədə qələbə topu vuran braziliyalı Pele kimi. Çıxan kimi, sevincindən tulllanıb düşürsən, diz üstə çöküb yumruqlarını qaldırısan göyə, gülürsən, şənlənirsən, sevincdən ağlayırsan. Biz qaçırıq hamımız sənə tərəf və səndən “neçə aldın” – soruşuruq. Sən də cavabında deyirsən “urrrraaaaa, beeeeş”. Bu zaman biz səni qaldırıb qoyuruq çiynimizə, başlayırıq “YA-Dİ-GAR, YA-Dİ-GAR” – deyə-deyə səni Universitetin həyətində çiynimizdə gəzdirməyə. Qoy Fərruxun müəllimi də görsün. Biz səni beləcə beş-on dəqiqə qaça-qaça çiynimizdə gəzdirəcəyik. Sonra mən Fərruxun müəllimindən 25 manatı alıram.
Dedim, yaxşı.
Nə isə, qayıtdıq müəllimin yanına. Müəllim arada mənə ciddi tərzdə baxıb başını bulayırd. Elə bil mənə “bu cür savadla imtahana gələrlər” – deyirdi.
Elə Fərruxun imtahana girməsindən yarımsaat keçməmişdi ki, bir də gördük ki, budur, Fərrux Universitet binasından ağlaya-ağlaya çıxır. Müəllimi onun qabağına qaçdı. Məlum oldu ki, Fərrux tarix imtahanından kəsilib.
İndi mənim növbəm idi. İmtahana girdim. Heç iyirmi dəqiqə keçməmişdi ki, imtahandan çıxdım. Universitetin binasından eşiyə çıxan kimi Azərin dediyi kimi, braziliyalı Pele kimi tullanıb düşdüm, hər iki əlimi yumruqlayıb göyə qaldırdım. Diz üstə çöküb alnımı yerə qoydum, başladım hönkür-hönkür ağlamağa. Bu anda Azər dost-tanışları ilə mənə sarı qaçdılar, məndən “neçə aldın” – deyə soruşdular. Dedim “urrrrraaaaaa, beeeeeeş!”. Bunu eşidən kimi, Azər dost-tanışları ilə birlikdə məni çiyinlərinə qaldırıb Universuitetin həyətində qaça-qaça dövrə vurmağa başladılar. Təxminən on dəqiqə məni beləcə qaça-qaça çiyinlərində gəzdirdilər. Universitetin həyətində toplaşanlar bizə tamaşa edirdilər.
Bir də gördüm ki, budur, Azər əlində 25 manat qayıdıb gəldi. Həmin 25 manatı cibimə qoydu. Əslində mən imtahanda “5” yox, “2” almışdım.
P.S. Bundan təxminən bir ay öncə Azər mənə Skypeda dostluq təklifi göndərmişdi. Onunla təxminən yarımsaata kimi yazışdım. Son sözü “Hələlik. Görüşənədək” oldu.
Hələlik, Azər. Ruhum ruhun ilə görüşənədək!
Yadigar, Almaniya, 08 fevral 2019-cu il