Riyakar və fırıldaqçı falçılar

Özünə hörmət edən hər bir ziyalımızın narazılığına səbəb olan məsələlərdən biri falçıların efirlərə çıxardılmasıdır.Çünki ,televiziyalar şeytan əməli ilə məşğul olan bu falçıları efirə çıxartmaqla onları bir növ reklam etmiş olurlar. Belə çıxır ki, kimin işi düz getmirsə, ona “əməl” olunub,ona görə də insanlar falçılara müraciət etməli, pulundan keçməlidir.
Rəvayətə görə, Mirzə Şəfi Vazeh Mirzə Fətəli Axundovla zarafatlaşarkən ondan kim olmaq istədiyini soruşur. Mirzə Fətəli Axundov da molla olmaq istədiyini bildirir. Bu zaman Mirzə Şəfi Vazeh bu peşənin əleyhinə olaraq, “sən də riyakar və fırıldaqçı olmaq istəyirsən?” deyə soruşur. Məhz bu söhbətdən sonra hər iki şəxs qəh-qəhə çəkib gülür. Bu hələ hər iki mütəfəkkirin dövründə falçılara olan inamsızlıq və nifrət hissinin göstəricisi idi.
Təəssüf ki, bu gün də bəzən belə hallar təkrarlanır.Bəzi insanlar talelərini fırıldaqçılara, falçılara etibar edirlər. Dünyanın inkişaf etdiyi bir zamanda bu qədərmi acizik ki, öz taleyimizi tanımadığımız birinə etibar edirik?! İşimiz bir balaca dolaşığa düşəndə falçı və yalancı ekstrasenslərin yanına qaçıb, “səndən başqa köməyim yoxdur, sən mənim son çarəmsən” deyə onlardan mədət umuruq.
Elə abuturiyentlər də var ki, qəbul imtahanı zamanı hansısa mollanın yazdığı “elmi əsəri”i üzərində gəzdirir. Bu nə biabırçılıqdır?! Bizim bəzi Azərbaycan qadınları, onlardan geri qalmayan müəyyən kəsim Azərbaycan kişiləri belə televiziya verilişlərinə baxıb falçıların yanında vaxtlarını, pullarını itirirlər. Soruşanda isə “heç, elə-belə, məzə üçün gedirəm” cavabını verirlər, savadsızlıqlarına bəraət qazandırmaq istəyirlər. Ya pulları çoxdur, xərcləməyə yer tapmırlar, ya da bir prinsiplə yaşayırlar: “Fala inanma, faldan da qalma”.
Guya biri cinlə danışır,cin çıxardır, biri kart açır, biri təsbeh fırladır, biri də müqəddəs “Qurani-Kərim”dən istifadə edir. Adamı yandıran falçıların fırıldaqlarında bu müqəddəs kitabdan bir vasitə kimi istifadə etmələri, savadsız insanların da onların təsirləri altna düşmələridir. Hansı ki, bu cür əməllər “Quran”da haram buyurulub.
Əgər falçılar bu qədər çətin işləri yoluna qoyandırlarsa, onda niyə Qarabağ problemini həll etmirlər? Elə birdəfəlik Respublikanın “yüksək səviyyəli” falçı dəstəsini aparıb neçə illərdən bəri həsrətini çəkdiyimiz Şuşa meydanına, Qarabağa qoyaq, onlardan torpaqlarımızı azad etməyi xahiş edək. Əgər bacarırlarsa, erməni AŞOTLARIN dilini, ağzını elə bağlatdıraq ki, heç nə demədən özləri torpaqları qaytarsınlar.Bizimlə bir daha işləri olmasın,Qarabağın adını çəkəndə yuxularına cin-şeytan girsin. Həmin falçılar da Azərbaycanın milli qəhrəmanları elan olunsun.
Bu gün elə insanlarımız var ki, falçıların yanına gedib öz talelərini qabaqcadan bilmək istəyir.Allahın bu bədbəxtləri anlamırlar ki, falçılar heç öz talelərini qabaqcadan bilmirlər, qaldı ki, başqasının gələcəyi haqqında proqnoz versin. Dərd budur ki, belə işlərə yalnız savadsız insanlar deyil, bəzən savadlı insanlar da inanırlar.Vəzifə artırandanmı deyim,sevgi dalınca qaçan qızlardanmı danışım, “güllə keçməz duası” yazdırandanmı deyim, “yoldaşım mənə xəyanət edir” deyən qadınlardanmı söhbət açım, yoxsa uşağını ali məktəbə düzəltmək istəyənlərdənmi deyim, bilmirəm?!
Dəhşətdir, deyilmi?!

Elçin Cavadov, Gəncə Dövlət Universiteti, texniki elmlər doktoru, dosent.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.