Tariximizi bilmək və onu yaşadıb nəsildən nəsilə ötürmək hər birimizin mənəvi vətəndaşlıq borcudur. Respublikada tarix fənnindən ilk dəfə rus sektoru üçün hazırlanmış tədris vəsaiti artıq hazırdır. Bu tədris vəsaitin hazırlanıb ərsəyə gətirilməsində N. Aydın adına Gəncə şəhər 18 nömrəli tam orta məktəbin tarix müəllimi Afaq Hüseynovanın da böyük rolu vardır. Afaq müəllimə bu kitabın müəlliflərindən biridir.
Hüseynova Afaq Xoşbəxt qızı Gəncə şəhərində anadan olub. 1998-ci ildə Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbi, 2002-ci ildə isə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən əziz və doğma saydığı 18 saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində çalışır.2014-cü il “Promethean ” interaktiv lövhələrindən istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə bitirib və sertifikatla mükafatlandırılıb. Məktəbdə keçirilən bir sıra tədbirlərin – Ulu öndər Heydər Əliyevin 92 illiyi, Tarix gecəsi, AXC yaranmasının 100 illiyinə həsr edilmiş möhtəşəm gecənin ssenari müəllifi və təşkilatçısıdır. Səmərəli fəaliyyətinə görə Gəncə şəhər Təhsil İdarəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür.
– Afaq müəllimə, aldığımız məlumata görə sizin həmmüəllif olduğunuz bu kitab çalışdığınız orta məktəbdə artıq təqdim olunub. Bu kitabın hazırlanması ideyası kimə məxsusdur və həmmüəlliflər kimlərdir?
– 2019-cu il “Layihə İdarəçilik Akademiyası”nın “Günəş Tədris Mərkəzi” ilə birlikdə Gəncə şəhərində təşkil edilən 27-ci “Layihə yazılışı və idarəçiliyi” kursunda iştirak edirdim, uğurlu iştirakıma görə sertifikatla təltif olundum. Həmçinin, bu il şagırdlərimlə bərabər ” My magical Dust” beynəlxalq layihədə iştirak etmiş və 2019-cu ildə rus bölməsi üzrə abituriyentlər üçün vəsait hazırlanması təklifini almışdım. Biz, gərgin zəhmətə qatlaşaraq bu işin öhdəsindən gələ bildik və Ruslan Rzayev, Samirə İsgəndərova ilə həmmüəllif olaraq bu işı ərsəyə gətirdik.
Bu vəsaitin hazırlanma ideyası Ruslan Rzayevə məxsusdur. Həmmüəlliflər, Bakı şəhəri 102 saylı orta məktəbin tarix müəllimləri – Ruslan Rzayev və Samirə İsgəndərovadır.Ruslan müəllim artıq bir neçə test bankı, tədris vəsaitlərinin müəllifi olmuşdur. Samirə xanımla rus bölməsi üçün test tapşırıqlarının hazırlanmasında daim əməkdaşlıq etmişik. Təklif də məhz Samirə xanımdan gəldi. Rus bölməsi abituriyentləri üçün yalnız DİM sinif testləri mövcud olduğu üçün, əlavə vəsaitin hazırlanmasında iştirak etmək təklifini məmuniyyətlə qəbul etdim.
Vəsaitimizdə ümumilikdə 810 test tapşırığı yer almışdır.Mövzu testlərinin sonunda yer alan mənbə sualı dərslikdən kənar mənbələr əsasında hazırlanmışdır. Bundan başqa hər bir mövzunun sonunda xronoloqiya, mövzulara aid xəritələr də vəsaitdə öz əksini tapmışdır.
– Vəsait özündə hansı mövzuları birləşdirir? Bu vaxtacan sizin hazırladığınız mövzular üzrə rus dilində digər vəsaitlər hazırlanıbmı, yoxsa bu, Azərbaycan məktəbləri üçün rus dilində nəşr olunan ilk işdir? Ümumiyyətlə, bu vəsaitin digər vəsaitlərdən üstün cəhətlərini nədə görürsünüz?
– Vəsaitdə Təhsil Nazirliyinin hazırladığı 6-11 siniflər üçün Ümumi tarix dərsliklərində verilmiş və DİM – in qəbul proqramında yer almış mövzular yığcam şəkildə yazılmışdır.
Vəsaitin üstün cəhəti isə burada mövzular üzrə qruplaşdırmanın aparılması və həmin mövzulara aid DİM-in qəbul standartlarına uyğun mövzu test tapşırıqlarının verilməsidir. Düşünürəm ki, rus bölməsi üçün abituriyent hazırlığı vəsaitlərinin olmaması bu bölmə üzrə olan şagirdlərin qəbul nəticələrinə mənfi təsir göstərirdi. Çalışdıq ki, bu yolda abituriyentlərə kömək olaq. İnanıram ki, bu vəsait abituriyentlər üçün yararlı və faydalı olacaqdır.
– Gələcəkdə rus dilində hansısa digər tədris vəsait üzərində işləməyi düşünürsünüzmü? Perspektiv planda hansı işlər var?
– Hal-hazırda rus bölməsi üçün Azərbaycan tarixi vəsaitinin hazırlanması üzərində çalışırıq. Onun haqqında danışmaq hələ tezdir. Amma inanıram ki, bu işimiz də pedaqoqlar tərəfindən müsbət qarşılanacaqdır.
– Tarix dərsləri zaman, məna və təşkilati prosesləri tamamlayan tədris prosesinin tərkib hissəsidir.Uşaqlarda tarix fənninə maraq necə yaradılmalıdır?
– Dərs biliklərin zirvəsinə gedən yoldur, şagirdin intellektual səviyyəsinin artırılıması və biliklərin təkmilləşməsi prosesidir. Bu dərslərin hər biri şagirdlərin şüurunda yeni fikir və düşüncələrə yol açmalıdır. Onu da demək yerinə düşərdi ki, uşaqlarda bu fənnə maraq tarix fənnini tədris edən müəllimin şəxsi keyfiyyətlərindən, bilik və bacarığından, şagirdlərdə bu fənnə hansı dərəcədə maraq oyada bilmək bacarığından çox asılıdır. Şagirdlərlə ünsiyyət yarada bilmək bacarığı, müəllimin şagird kollektivi arasında hörməti dərsə olan marağın artırılmasında çox vacib amillərdən sayılır.Axı, müəllim ilk növbədə həm də yaradıcı insan, xüsusi hörmətə layiq bir şəxsiyyətdir.
Hər bir dərs şagirddə maraq oyatmalıdır.Belə halda dərslər maraqlı və qeyri adi görsənər. Müəllim ona yaxşı tanış olan pedaqoji üsul və metodlardan bacarıqla istifadə etməli, dərsləri yaddaqalan, şagirdləri düşünməyə məcbur edən bir prosesə çevirməyi bacarmalıdır. Əgər dərs uşaqlar üçün maraqlıdırsa, onda tədrisin effektliyi yüksəlir, yeni dərs materialı asanlıqla mənimsənilir. Əgər qarşıya qoyulan məqsədə nail olunubsa, demək müəllimin göstərdiyi səylər məhsuldar olmuş və dərslər darıxdırıcı keçməmişdır.
-Müasir tədris prosesi hansı qanunauyğunluqlar nəzərə alınmaqla təşkil olunmalıdır?
– Müasir zamanda tarix dərsləri pedaqoji təcrübənin ən yeni nailiyyətlərindən istifadə etməklə və tədris prosesinin bütün qanunauyğunluqlarını nəzərə almaqla qurulur. Dərsin tipindən asılı olaraq, tədrisin differensiallaşması nəzərə alınır, müxtəlif didaktik qaydalar və prinsiplərin həyata keçirilməsinə üstünlük verilir. Bu, şagirdlərin tədris olunan materialı və mövzunu daha yaxşı mənimsəməsinə kömək edir, idrak, dərketmə prosesini daha da sürətləndirir, şagirdlərin biliklərinin daha da dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. Effektli pedaqoji üsul və vasitələr tarix dərslərinin tədrisində geniş imkanlar açır.
Bu gün tarix dərsləri qarşısında müəyyən tələblər qoyulmuşdur. Bu tələblər əslində tarix dərslərinin məhz hansı səviyyədə aparılmasını, dərsin keyfiyyətinin daha da yaxşılaşdırılmasını müəllimlər qarşısında bir vəzifə kimi qoyur.Təhsil ocaqlarında yaradılan şərait də bu vəzifələrin tam həlli üçün geniş imkanlar yaradır. Yeni mütərəqqi tədris üsullarının verdiyi üstünlüklər də bu vəzifələrin həyata keçirilməsində müəllimlərə böyük köməkdir. Bunu biz tarix müəllimləri öz təcrübəmizdə görür və bu üstünlüklərdən tam yararlanmağa çalışırıq.
Söhbəti qələmə aldı:
Ruhulla Zahidov, yazıçı-jurnalist.