Rahid Ulusel – “Dünya tarixi: o, Allahın əsəridir, yoxsa İblisin detektivi?!” Esse

Dinlər nəinki Allaha, heç özlərinə də sədaqətlə inanmırlar: əgər inansaydılar, bunca antaqonist kastalara, məzhəblərə, təriqətlərə… parçalanmaz, insanları, bütöv cəmiyyətləri, xalqları qütbləşdirib-cəbhələşdirib-silahlandırmaz, qarşı-qarşıya gətirməz, aralarında bitməz savaş meydanları açmazdılar. Özü də nəyə görə – “Allaha doğru gedən daha həqiqi yol olduqlarına” görə, “Allaha daha çox sədaqət, daha çox etiqad göstərdiklərinə” görə, “Mütləq Həqiqəti əks etdirdiklərinə” görə!

Ancaq – Din Mütləqiyyəti olan yerdə İlahi Həqiqət yoxdur. Məhz bu prinsipial omeqa nöqtəsində Din – Allahı inkar edir!

Təkamülü şüurlu varlığın – İnsanın yaranmasına gəlib çıxan Kainatın ali məqsədlərini heçə endirməkdir zəka sahibi olan o İnsanın hansısa dini kitablar, təlimatlar, təsisatlar, kahinlər ordusu ilə idarə edilməsi. İnsan kor deyil ki, onun əlinə əsa verilsin! İnsan qul deyil ki, onu zəncirindən tutub gəzdirəsən!

Dinin Allahı inkar etməsi bax belə başlayır: onun İnsan İdrakını inkar etməsi ilə! Din – özündən yaradıb özünə itaət etdirdiyi “Allahın” qulu yox, ağasıdır!

Elə bu amacla Səudiyyə Ərəbistanının kralı, sülalənin başçısı – “İki Müqəddəs Məscidin Xidmətçisi” elan edir özünü. Niyə məhz məscidin, Allahın yox?! Çünki məscid – teokratik-siyasi idarəetmə sükanıdır.

Ona görə din gerçək ilahi varlığın qarşısını kəsir, onun Günəşini örtür, öz Kölgəsini kor zehniyyətlərin üzərinə sərir.

Doktrinal dini şüur koordinatlarında tanrısallıqdan uzaq, sözü ilə əməli uyğun gəlməyən, “Allahdan” və Onun “bəndələrinin” sədaqətindən sui-istifadə edən ikiüzlü riyakar ruhanilik qatı yaranır. Bu qatın qalınlaşması, mürəkkəbləşib-qatılaşıb-qatranlaşması, peşəkarlaşıb-kahinləşib-ayətullahlaşması və nəhayət, ideolojiləşməsi və siyasiləşməsi – dini büsbütün Allahın inkar edildiyi başçıxarılmaz, azman və mübhəm bir səltənətə çevirir. Bu səltənətin ətəyində məsumca Allaha inanan insan, mehrabında Allahın özü “aldadılır!”

Xilafətçilər və səlibçilər Allahın, yoxsa Dinin naminə vuruşurdular?! Əlbəttə, Dinin! Bütün terroristlər Allahın yox, Dinin dəliqanlılarıdır. Qoşun Allaha deyil, Dinə gərəkdir.

Din – bütün dünya tarixini Allahın əsəri kimi yox, İblisin detektivi kimi yazır və yozur.

Dini şüurun dixotomiyasında heç zaman bir araya sığması mümkün olmayan Allah və İblis ayrılmazdır: din Allahı İblissiz, İblisi Allahsız təsəvvür eləmir. Belə ittifaq olmasa, din dağılar!

Tarixi ləngidən bu teogenez rasional kosmogenezə və sosiogenezə doğru təkamül etmədiyindən, ziddiyyətlər dialektikasının dərkindən daha çox, dini sxolastikanın tətbiqində dominant vasitəyə çevrilib.

Allah və İblis – ümumdünya qüvvələrini üz-üzə gətirmək və vuruşdurmaq üçün dinin sağ və sol əlində bir-birinə tuşlanmış ən kəsərli silahdır. İnsanların toqquşan dürlü mənafeləri heç zaman imkan verməyib ki, onlar Allah (sağ), yoxsa İblis (sol) cəbhəsində dayandıqlarını ayırd edə bilsinlər.

Müharibələrdə üz-üzə gələn silah-insanlar “Allahü-Əkbər” deyərək bir-birilərini öldürüb və öldürürlər. Dinin tarixdə ehramlaşdığı zamanlardan bəridir ki, o, Allah-İblis, mömin-kafir dəstələrini sağdan-sola, soldan-sağa teyləyərək öz kövşənində otarır… Sanki din ömründə balıq görməyən adamı çaya gətirərək suya tor atdırıb çıxartdırır ki, balıq tutmaq elə buna deyirlər!..

Biz isə yaşadığımız bölgənin geopolitik arenasında çevrəmizə ayıq gözlə baxmağı bacarmalıyıq: üstümüzdə 6 min 500 nüvə silahı (nuclear weapons) olan bir dövlət, altımızda atom bombasından da təhlükəli ideologiya tutmuş, teokratik qınından çıxa bilməyən, XXI əsrdə özünü Mehdi Sahib-əz-Zəman missiyasında görən bir dövlət, solumuzda torpaqlarımızı işğal etmiş cırtdan qarı dövlət, sağımızda dəryasahili əkə dövlətləri…

Bu gün şəxsi varidatların ən çox toplandığı yer İslam Şərqidir, ən çox humanitar böhran yaşanılan, içəridən və çöldən dəlmə-deşik olmuş yer də İslam Şərqidir ki, bizi fəxarətlə, həm də Konstitusiyamızda təsbit olunmuş “demokratik, dünyəvi respublika” mahiyyətimizin ziddinə olaraq (7.1), “müsəlman ölkəsi” statusunda bunların quyruğuna bağlamaq istəyirlər. Nəzərə almadan ki, bu gün planetin heç bir guşəsində özlərini “xristian ölkəsi”, “buddist ölkəsi”, “induist ölkəsi”, “iudaist ölkəsi” olaraq öygüləyən bir kimsə yox.

Şahnaməsindən Müsibətnaməsinə adlamış islamın və islamçılığın müasir dünya siyasətinə, beynəlxalq münasibətlər sisteminə hər hansı bir dəyişdirici, yeniləşdirici təsiri mümkündürmü?! Hegemonlar üçün vasitə olmaqdan başqa onun əlindən nə gəlir ki?! Siyasi analitiklər 1,5 milyard insanın yaşadığı 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının “boş ritorika forumundan başqa bir şey” olmadığını zənn etməkdə haqlı deyillərmi?!

Məsələn, elə həmin Təşkilatın iki üzv dövlətini – ideologiyasından geopolitikasına qədər kəskin qarşıdurma vəziyyətində olan (hələ tarixi ziddiyyətlər bir yana qalsın…) Səudiyyə Ərəbistanı ilə İranı islam sivilizasiyasına mənsubluqda hansı dəyərlər birləşdirir?! Təkcə Kəbə ziyarətimi?!

Son illər turist axını ilə Bakını qara bürüncəyə bələyənlər bizim dünyagörüşümüzə, estetik zövqümüzə, davranışlarımıza, hətta məişətimizə hansı dəyərlər qata, xoş impulslar verə bilərlər?!

Azərbaycan bütün tarixi inkişafının nəticəsi olaraq, xüsusilə maarifçilik və respublikaçılıqla özünə elə dəyərlər kompleksi yaradıb ki, onların birincisini altdan-altdan eşən islamçılıq, ikincisini gücdən salmağa can atan monarxiyaçılıq (üçüncü minilliyə də ortaçağ qafası ilə başlayan hazırkı Şərq monarxiyalarına yarınmalar libasında) ulusal varlığımızdan və Allaha dərin inamımızdan yoğrulmuş bu təməli sarsıda bilməz!

Din heç zaman nə Allahdan, nə Ona pərəstiş edənlərdən, nə də ateistlərdən qorxub. Əksinə, ateistlər – vuruş manipulyasiyası üçün əks-cəbhə kimi həmişə ona lazım olub.

Din yalnız bundan qorxub: İnsanla Allah arasındakı cəhalət səddini yaran, İnsanla Allah arasındakı birbaşa yolu nişan verən təfəkkürdən! Çünki bilir ki, bu Yol açıq olsa, ona ehtiyac qalmayacaq! Yolumuz açıq olsun – Allaha – varlığın ilahi başlanğıcına – əbədi yaradıcı qüdrətə! Bu qüdrətə yüksəlməsək, ona yiyələnməsək, göz açıb gördüyümüz elə dinbaşlı donuq və kirli dünya olacaq – dinin min illərdir ki əsir etdiyi, cənnət və cəhənnəmə tramplin düzəltdiyi “suçlu və fani dünya!..”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.