Qardaşlığın rəmzi olan Şuşa bəyannaməsi

Xalqımız builki Milli Qurtuluş Günündə daha bir bayram yaşadı: 15 iyunda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.

Şuşada qardaşlığın rəmzi olan Bəyannamənin imzalanması fövqəladə bir hadisədir. “Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk” – Prezident İlham Əliyevin bu tarixi sözü 15 iyunda imzalanmış sənədin mahiyyətini çox dəqiq ifadə edir. 2021- ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.

Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XXI yüzildə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması müdrik rəhbərlərin yanaşma və fəlsəfəsinin əbədiləşdirilməsinin təcəssümü, təsdiqi, təsbitidir: XX yüzilin əvvəllərində deyilmiş “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” (Atatürk), XX yüzilin sonlarında deyimiş “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” (H.Əliyev) kəlamları 15 iyunda Şuşada yenidən çiçəklədi, qardaşlıq dünyamızı ən gözəl ətrə bələdi, dünyamızı aydınlatdı.

Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələri bütün müstəvilərdə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən Müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, təmir-bərpa, habelə minalardan təmizlənmə və s. işlərdə də Azərbaycanla Türkiyə arasında sıx işbirliyi mövcuddur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Bəli, doğrudan da, Şuşada dalğalanan ay-ulduzlu müqəddəs bayraqlar ölkələrimizin birliyini nümayiş etdirir. Bu, dosta sevinc, qürur, düşmənə göz dağıdır.

Yaşasın Azərbaycan, yaşasın Qarabağ, yaşasın Türkiyə-Azərbaycan dostluğu! Qarabağ Azərbaycandır!

Aytəkin Nağıyeva,

Masallı rayon Viləş kəndi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.