Qarabağın yarasını ürəyində, qisasını gözlərində gəzdirən qəhrəmanla görüş unudulmaz olub

Azərbaycan xalqı Dağlıq Qarabağın işğalı ilə heç vaxt barışmayacaq. Xalqımızın birliyi və mübarizliyi tarixi torpaqlarımızın tezliklə düşməndən azad olunacağına zəmin yaradır. Azərbaycanın şanlı bayrağı yenidən Şuşada, Xankəndində dalğalanacaq.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər Gəncə Dövlət Universitetində Qarabağ müharibəsi veteranı ilə  keçirilən görüşdə səsləndirilib.

Tədbirdə universitetin Riyaziyyat-informatika  fakültəsinin müəllimi, dosent Zəfər Abbasov “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin “Milli Ordu – 100” medalı ilə təltif olunub.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlər haqqında  hazırlanmış video çarx izlənilib.

Tədbiri açan Humanitar məsələlər üzrə prorektor dosent  Gülsüm Fətəliyeva bildirib ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Cavanşir Abdullayev son illərdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Ölkəmizdə Qarabağ döyüşçülərinə, müharibə veteranları və əlillərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Cavanşir Abdullayev dövlətin bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri, eləcə də ötən dövrdə minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edilməsini qeyd edib.

Tədbirdə çıxış edən universitetin Riyaziyyat-informatika fakültəsinin dekanı, dosent Oruc Hüseynov Azərbaycan Ordusunun dünəni ilə bu gününü və keçdiyi şərəfli inkişaf yolunu müqayisə edib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olan, yaxud sağlamlığını itirmiş hər bir oğlu ilə xalqımızın fəxr etdiyini deyib.

“Bir vaxtlar düşmən ordusu ilə müqayisədə heç bir hərbi təchizatı olmayan və çox zəif olan ordumuzdakı gəncləri döyüşdən-döyüşə səsləyən yalnız vətən harayı və yenilməz yurd sevgisi var idi. Bu gün isə dünyanın ən müasir orduları sırasında yer alan və bir ildə iki dəfə möhtəşəm hərbi parad keçirən, hər birimizin fəxr və qürur ünvanı olan qüdrətli Azərbaycan Ordusu və Ali Baş Komandanımız var. Düşmən hiyləgər, qəddar və amansızdır. Biz isə mərd və sülhsevərik. Azərbaycan müstəqil dövlət kimi ləyaqətlə yaşayan və beynəlxalq qanunlara hörmətlə yanaşan dövlətdir. Ona görə də biz özümüzün əzəli və əbədi yurd yerlərimizi danışıqlar yolu ilə, qan tökülmədən, sülh yolu ilə qaytarmaq istəyirik. Qoy, düşmən bilsin ki, bu gün Azərbaycanın bayrağını Lələtəpədə, Günnütdə dalğalandıran igid oğulları sabah həmin bayrağı mütləq Şuşada və Xankəndində dalğalandıracaqdır.- deyə kafedranın baş müəllimi Tahir Məmmədov fikirlərini ifadə edib.

Sonra Riyazi analiz kafedrasının müəllimi, dosent Zəfər Abbasov özünün keçdiyi ağır, lakin çox şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüb.

Sonda Gəncə Dövlət Universiteti tələbələrinin hərbi vətənpərvərlik ruhunda hazırladığı musiqili kompozisiya tədbir iştirakçılarına təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.