Qalib əsgərin hekayəti- Bizim ali məqsədimiz var idi – şəhidləmizin qisasını almaq və ərazi bütövlüyümüzü təmin etmək!

Etmtv.news portalı “Qalib əsgərin hekayəti” layihəsi çərçivəsində silsilə yazılara start vermişdir. Bu yazılar eyni adlı kitabda da öz əksini tapacaqdır. Portalın bu günkü qonağı II Qarabaq savaşının qəhrəman topçularından biri –  Həsənov Orxan Qarası oğludur.

Portalımızda gedən silsilə yazıları maraqla izləyən cəsur döyüşçü bizimlə əlaqə yaradaraq, onun döyüş hekayətinin də qələmə alınmasını xahiş etdi. Onun bu istəyini nəzərə alaraq,  növbəti yazımıza start verdik.

Orxan Həsənov ilə apardığımız söhbəti oxuculara təqdim edirik.

Orxan Həsənov 6 sentyabr 1993 ci-ildə Kürdəmir rayonun Xəlsə kəndində dünyaya gəlib. 2011-ci ildə tam orta məktəbi bitrib, Mingəçevir Politexnik Universitetinin “Energetika və mexanika” fakültəsinə daxil olub və Elektroenergetika mühəndisi ixtisası üzrə təhsil alıb. 2015-ci ildə universiteti bitrib, həqiqi hərbi xidmətə yollanıb.

Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehesalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsində Rəhbərlik yanında aparatda böyük Energetik vəzifəsində çalışır, ailəlidir. “Xocavəndin azad olunmasına görə” medalına layiq görülmüşdür. Vətən müharibəsində döyüşlərdə cəsurluq göstərdiyinə görə “N” saylı hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

-Müharibənin od-alovu içərisinə necə düşdünüz?

-Tovuz hadisələrinən sonra könülü olaraq qeydiyyatdan keçdim və 27 sentyabr 2020 ci-il Vətən müharibəsi başlayanan sonra Kürdəmir rayon hərbi komisarlığına müraciət etdim. Çünki mən, həm də 2016 – cı ilin aprel döyüşlərində iştrak etmişəm və bu müharibə mənim üçün yarımçıq qalan bir işimi- şəhidlərmizin qisasını almaq və ərazi bütövlüyümüzü təmin etmək, işğal altında olan torpaqlarımızı azad etmək üçün böyük şans idi. Dəfələrlə hərbi komisarlığa müraciət etdikdən sonra, 14 oktyabr 2020 – ci ildə mənə hərbi komisarlıqdan çağırış gəldi.

Döyüş qabağı təlimlər çox yaxşı keçdi mənim üçün, çünki, hərbi sənətin sirlərini dərindən öyrənməli idik, qisasmızı döyüş meydanında almalı idik. Əlbəttə ki, hər şeydən çox, döyüşüb gözü yaşlı qalan analarımızın hər damla axıtdığı göz yaşının qısasını almalı idik. Bunun üçün də təlimlərdə həvəslə iştirak edirdik, hər işin incəliklərini başa düşməyə, öyrəndiyimiz hər bir biliyi yaddaşımıza həkk etməyə çalışırdıq. Bu, həqiqətən də müharibə gedən günlərdə bizim karımıza gəldi. Düşmənə göz açmağa belə aman vermirdik.

– Əvvəllər əsgəri xidmətdə hansı qoşun növündə xidmət etmişdiniz?

-2015-ci ildə həqiqi hərbi xidmətə başlamışam Tərtər raon “N” saylı hərbi hissədə. Minaatan bateriyasında, piyada qoşunlarında atıcı vəzifəsində, sonra artileriya batareyasında heyət nəfəri və baş radiotelfonçu vəzifəsində xidmət etmişəm.

-Əsgəri xidmət dövründə ən çətin anlar necə yadda qalıb?

-Əsgərlik dövründə, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində ən çətin anım xidmət yoldaşlarımın şəhid olmaları idi mənim üçün. Müharibədə çox şey yaşadıq. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi, amma, nə olsa da, biz ruhdan düşmədik. Çünki, bizim ali məqsədimiz var idi – şəhidləmizin qisasın almaq və ərazi bütövlüyümüzü təmin etmək .

-Apardığınız döyüşlərdən hansılarını daha uğurlu hesab edirsiniz? O, xatirənizdə necə qalıb?

-Döyüşlərin hamısı uğurlu olub. Amma birini xüsusilə qeyd etmək istərdim. Xocavənd istiqamətində, Qırmızı Bazar uğrunda gedən döyüşlərdə düşmənin çox sayda şəxsi heyətini, 2 artileriya divizionunun minaatan bateryalarını və hərbi kolonlarını məhv etdik.

-Hərbi vəzifəniz nədən ibarət idi? Yəqin ki, konkret tapşırıqların dəqiq icrası üçün sizdə də dəqiq müəyyən edilmiş hərbi vəzifələr vardı.

-Divizionda 1-ci artileriya batareyasının BBZ manqasında baş radiotelfonçu vəzifəsində xidmət etdim. İşim rabitə ilə bizə gələn tapşırıqları batareyanın baş zabitinə məruzə etmək idi. Amma, mən bununla kifayətlənə bilməzdim, çünki bizim məqsədimiz bacardıqca çoxlu sayda düşməni məhv etmək, döyüş tapşırıqlarını vaxtında və dəqiqliklə yerinə yetirməklə, irəliləyən qoşunlarımıza artileriya dəstəyi vermək idi və biz də öz növbəmizdə bunun öhdəsindən layiqincə gəldik. Ona görə mən də, döyüş dostlarım da mərimi daşımaqdan tutmuş, top atəşinə qədər hər şeyi edirdik.

– Ailə üzvlərinizdən I-ci Qarabağ savaşında iştirak edən olubmu? Sizdə hərbiyə bu qədər həvəsi yaradan digər amillər də olmalıdır.

-Atam Həsənov Qarası Əlihəsən oğlu hərbiçi olaraq birinci Qarabağ müharibəsində iştirak edib. Gizir rütbəsində Milli Orduda xidmət edib. Öz peşəsinin vurğunu idi. Yadımızda da belə qalıb. Hərbçi sənətin sirləri haqqında şövqlə danışardı.  Öz işi ilə fəxr edərdi. Onun müharibə haqqında etdiyi söhbətləri bizdə hələ uşaqlıqdan düşmənə qarşı nifrət oyatmışdı. Həmişə fikirləşirdim ki, böyüyüb müharibədə həlak olan atalarımızın qisasını alacağam. Xoşbəxtəm ki, düşməndən bu qisasın alınmasında mənim də bir əsgər kimi öz payım oldu.

Atam 2013-cü ilin iyun ayında dünyasını dəyişdi. O torpaqlarımızın işğal altından azad edildiyi günəcən yaşamadı. Onların bu arzularını isə biz oğullar həyata keçirtdik.

– Deyirlər döyüş yoldaşlığı öz xüsusiyyətləri ilə ən möhkəm dostluqdur. Siz öz timsalınızda bu hissləri necə təsəvvür edirsiniz? Belə dostluq həqiqətənmi ən ali hisslərdəndir?

-İlk dəfə döyüşlərə Fizulidən başladıq, qısa zamanda təlimdə D30 topunun taktiki texniki xüsusiyətlərini və döyüş taktikalarını öyrəndik. Ilk döyüşə qatıldığım gün axşam çox soyuq idi. O gecə mən əsl qardaşlığın nə olduğun anladım. Divizionun idarəetmə tağımından olan Baxşıyev Neman Baxış oğlu öz paltarını mənə verdi, məni soyuqdan qorumağa çalışdı, özü soyuqdan üşüsə də. Burda özümə çox dostlar qazandım. Döyüş yoldaşlarımın mənə mənəvi köməklikləri çox olub, biz hər şeyimizi -bir qurtum suyu belə bölüb içmişik. Əsgər dostluğu nəzərimdə ən möhkəm dostluqdur. Bu dostluq illər ötdükcə daha da möhkəmlənir.

-Ən yaddaqalan döyüşünüz nə vaxt və harda oldu?

-Ən yaddaqalan döyüşüm Xocavənd rayonunda olub. Çünki burda atdığımız hər mərmi hədəf idi. Həmin döyüşdə düşməni darmadağın etdik. Düşmən çoxlu sayda canlı qüvvə itirdi, həm də çoxlu hərbi texnikaları biz tərəfdən məhv edildi.  Hər dəfə rabitədən aldığım xəbər bizi daha da ruhlandırırdı. Döyüş yoldaşlarımın hamısı igid, qorxmaz və cəsur əsgərlər, mərd oğullar idi. Onları əsgər həyatında yaxından tanıdım, onların istəyinə, qəlbinə, cəsarətinə bələd oldum. Adi həyatda rastlaşsaydım bəlkə də onlarda olan bu xüsusiyyətləri sezməzdim. Amma, döyüşdə hər şey göz qabağındadır. Hər an əbədi olaraq yaddaşımıza həkk olunur. Əsl döyüş elə bir səhnədir ki, orda hər bir kəsin öz rolu var, hər bir əsgər on döyüş dostunu əvəz etmək, onların da əvəzinə döyüşmək, hamıdan çox düşmən əzmək istəyir. Və bu an əsgər heç də kimdənsə “sağ ol” gözləmir, sadəcə, öz borcunu ləyaqətlə yerinə yetirməyə çalışır.

-Döyüş dostlarının xatirələrində belə bir məqam da var – siz piyada qoşunlarla birlikdə döyüşə atılmaq üçün dəfələrlə yuxarı komandanlığa müraciət etmisiniz…

-Olub belə bir şey… Döyüş yoldaşlarımdan Vasif Ağayev, Pərvin Yusubov və Ibrahim Salmanov və mən yuxarı komandanlığa təkidlə dedik ki, bizi daha tez döyüşə aparsınlar. Bizi həmin dövrdə tükənməz enerji müşayiət edirdi. Nə qədər döyüşə atılsaq da bunu özümüz üçün az hesab edirdik. Bilirdik ki, bizim missiyamız var, biz bu missiyanı düşmənlə üz-üzə, əlbəyaxa döyüşlərdə də yerinə yetirməliyik. Döyüşün, müharibənin öz qanunları mövcuddur və hər bir əsgərin də öz yeri və mövqeyi komandanlıq tərəfindən müəyyən edilir. Biz də bu müharibədə öz missiyamızı topçu kimi başa vurmalı idik. Komandanlığın bu əmrini çox ədalətli hesab edirəm..

-Müharibədə ən acı və ən şirin xatirələriniz hansılardır?

-Xocavənd rayonunda döyüşlərdən çox xatirələrim var. Həm acı, həm də şirin. Acı xatirələrmiz o idi ki, hər dəfə şəhidlərmizi gördükcə, yanımızda apardıqca qəzəbdən içimiz yanırdı. Xoş anlarım isə dəqiq hədəflərə vurduğumuz atəş zərbələrimiz idi.

-Bu gün yerlərdə qazilərə yüksək diqqət və qayğıdan danışılır. Siz necə, bu qayğını öz üzərinizdə hiss edirsinizmi? Sizə belə diqqət göstərən insanlara bu portal vasitəsilə hansı hisslərinizi çatdırmaq istərdiniz?

-Döyüşdən sonra sarsıntlarım oldu. Psixoloji dəstəyə çox ehtiyacım var idi. Hal-hazırda da müalicəmi davam etdirirəm. Işlədiyim qurumun rəhbəri mənə istirahətim və müalicəm üçün şərait yaratdı. Ümümiyyətlə bütün iş yoldaşlarım, dostlarım mənəvi cəhətdən həmişə yanımda olub, dəstək olurlar.

Hərbi parad vaxtı biz torpaqlarımızın müafiəsindəydik, düşmənin törədəcəyi təxribatın qarşısını almaq üçün hər an hazır idik . Qalib Ordunun əsgəri olmaq və bu qalibiyyətdə bir zərrə də olsa əməyinin olmasını bilmək, tam başqa bir duyğudur. Bunu sözlərlə ifadə etmək qeyri-mümkündür.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

 

 

 

 

One Comment on “Qalib əsgərin hekayəti- Bizim ali məqsədimiz var idi – şəhidləmizin qisasını almaq və ərazi bütövlüyümüzü təmin etmək!”

  1. Salam. Halal olsun bizim belə oqullarimiza. Biz onlarla fəxr edirik. O döyüşlərdə şəhid olan əsgərlərimizə də allahdan rəhmət diləyirəm. Bu gün Orxan kimi oqullarin sayəsində biz torpaqlarımızı xilas edə bildik. Onlarla fəxr edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.