Cənab İlham Əliyevin Ermənistanı əzən dəmir yumruğu həm də respublikamızın beynəlxalq aləmdə nüfuzunu yüksəltdi, mövqelərini möhkəmləndirdi.
Xalqımız işğal altında olan torpaqlarımızı azad edərək bütün tariximizə səs salan, onu şərəfləndirən möhtəşəm Qələbəyə imza atdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi. Ona görə 2020-ci il Azərbaycanın tarixinə Qələbə ili kimi yazıldı.Ötən 17 ildə Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın nail olduğu uğurlar çoxşaxəlidir. Bu sırada Xəzərdən hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması və Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində önəmli mövqe qazanması, iqtisadiyyatmızın 3 dəfə böyüməsi, valyuta ehtiyatlarımızın dəfələrlə artması, Bakının beynəlxalq tədbirlərin keçirilməsi mərkəzi kimi tanınması, o cümlədən ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsi, kosmik kluba üzv olması kimi məsələlər xüsusilə qeyd olunmalıdır. Bütün bunlar Azərbaycanın beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirməklə yanaşı, respublikamızın məruz qaldığı təcavüzün dünya ictimaiyyəti tərəfindən qəbul olunmasında, Ermənistanın işğal siyasətinin ifşasında böyük rol oynadı. Ən əsası isə, əldə olunan hər bir uğurun və yüksəlişin nəticə etibarilə torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırdığı göz önündə idi.
Qeyd edək ki, hələ Azərbaycanın zəif olduğu dövrlərdə danışıqlar prosesi zamanı Ermənistan Azərbaycana öz şərtlərini diktə edə bilməmişdi. Bu baxımdan Azərbaycanın inkişafından və güclənməsindən sonra istənilən yolla öz torpaqlarını azad edəcəyi qaçılmaz idi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad edəcək. Dekabrın 10-da keçirilən Zəfər paradında bu barədə danışan İlham Əliyev deyib: “Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik. Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs “Qurani-kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.
Azərbaycan bu müharibədə qarşıya qoyduğu məqsədlərə tam nail oldu. Məğlub edilən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Şuşa işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə ordumuzun qazandığı bu qələbə xalqımızı daha da böyütdü, Azərbaycanı məğrur etdi.
Əsəd Əsədli – Masallı Dövlət Regional Kollecinin MMQ-rəisi